YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Nərimanov rayon təşkilatında bələdiyyə üzvlüyünə qadın namizədlərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatında bələdiyyə üzvlüyünə YAP tərəfindən irəli sürülmüş qadın namizədlərlə görüş keçirilib.

Tədbirdə Milli Məclisin deputatı Sevinc Fətəliyeva, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, rayonda yerləşən idarə və təşkilatların nümayəndələri, rayonun ictimai-siyasi həyatında aktiv iştirak edən qadınlar və fəal gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev rayon təşkilatı tərəfindən görülən işlər barədə məlumat verib, qarşıdan gələn bələdiyyə seçkilərinin əhəmiyyətindən danışıb, eyni zamanda, ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq qadınların idarəetmə orqanlarında və seçki proseslərindəki iştirakının durmadan artmaqda olduğunu qeyd edib.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva çıxışında Azərbaycanda ötən dövr ərzində bələdiyyə institutunun formalaşdığını və bu seçki prosesində də qadınların rolunun əvəzsiz olduğunu qeyd söyləyib. Millət vəkili, qarşıdan gələn bələdiyyə seçkilərində qadın namizədlərin say çoxluğunun iş prosesinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib və bütün namizədlərə uğurlar arzulayıb.

Daha sonra YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova çıxış edərək, respublikamızda dövlət qadın siyasəti, Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələrin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini, bunun nəticəsi olaraq, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də layiqli qadın namizədlərin sayının kifayət qədər çox olduğunu və bu yöndə YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurası üzvlərinin də yaxından iştirak etdiklərini deyib. O, eyni zamanda, YAP-ın namizədlərinin rayon təşkilatının hər bir qadın üzvü tərəfindən dəstəklənəcəyini qeyd edib.

Sonra bələdiyyə üzvlüyünə namizədlərdən İradə Qarayeva, Müjkan Məmmədzadə və digər çıxışçılardan Samirə Əliyeva Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP-ın yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını və partiyanın Prezident İlham Əliyevin Sədrliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşaması uğrunda mühüm töhfələr verdiyini vurğulayıb. Bütün bunların da xalqımızın partiyamızın namizədlərini dəstəkləyəcəyinə təminat verdiyini qeyd edib.