YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsində seçki qərargahı üzvlərinin toplantısı keçirilib

Dekabrın 23-də keçiriləcək Azərbaycan Respublikasında Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının şəhər və rayon şöbələri tərtib olunmuş plana və partiya rəhbərliyinin tövsiyələrinə uyğun olaraq hazırlıq işlərini uğurla davam etdirirlər. Artıq YAP Mərkəzi Seçki Qərargahının şəhər və rayon şöbələrində seçki qərargahları yaradılıb və iş bölgüsü müəyyənləşdirilib.

YAP Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsi də seçkilərə hazırlıq işlərini yüksək səviyyədə yerinə yetirməklə, partiyanın seçki proqramına uyğun olaraq bütün lazımi işləri görür.

YAP Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsində seçki qərargahı üzvlərinin toplantısı keçirilib. YAP Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsinin sədri Sədaqət Vəliyeva çıxış edərək deyib ki, YAP bu gün mühüm bir seçki kampaniyasına hazırlaşır: “Növbəti bələdiyyə seçkilərində YAP iqtidar partiyası olaraq öz işini daha fəal və güclü şəkildə qurmaqdadır. Qarşıdan gələn seçkilərdə hər birimizin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür”.

Sədaqət Vəliyeva vurğulayıb ki, 18 nəfərdən ibarət seçki qərargahının tərkibinə Nizami rayonunda kifayət qədər nüfuzu olan, fəaliyyət göstərdikləri sahələrdə etimadı doğrultmuş rayon ziyalıları və ötən illərdə seçki sahəsində təcrübə toplamış insanlar, həmçinin, partiya fəalları daxildir: “Əlbəttə, ötən seçkilərin təcrübələrindən də çıxış edərək deyə bilərik ki, uğurlu seçki kampaniyasının həyata keçirilməsi üçün əsas işlərdən biri də rayon təşkilatı fəallarının işinin koordinasiyasının uğurlu təşkilidir. Düşünürəm ki, qarşıdakı dövrdə də seçki mərhələlərinin tələblərinə uyğun olaraq ardıcıl işlər görüləcək”.

Sonra seçki hazırlığı ilə əlaqədar seçki qərargahının gördüyü işlərlə bağlı hesabat verilib. Bildirilib ki, seçki qərargahı YAP Mərkəzi Seçki Qərargahının fəaliyyət proqramına və tövsiyələrinə uyğun olaraq, hazırlıq işlərini sürətlə həyata keçirməkdədir. Belə ki, Nizami rayonunda yerləşən 24 saylı Nizami I, 25 saylı Nizami II və 18 saylı Nərimanov-Nizami seçki dairələri üzrə bütün məntəqələrdə seçkiyə hazırlıq işlərinin texniki təchizatı barədə yoxlamalar aparılıb və müəyyənləşdirilib ki, DSK və MnSK-larda seçki prosesinin normal həyata keçirilməsi üçün bütün şərait yaradılıb. Eyni zamanda, ümumilikdə 80 seçki məntəqəsinin böyük əksəriyyətində veb-kameralar quraşdırılıb. Həmçinin, parlament seçkilərilə əlaqədar DSK və MnSK-larda müşahidəçi və məşvərətçi olacaq partiya fəallarının siyahısının müəyyən edilməsi prosesi yekunlaşdırılıb və prosedur zamanına uyğun onların rəsmi şəkildə qeydə alınmasına başlanacaq.

Qeyd olunub ki, seçkilərlə bağlı seçici siyahılarının dəqiqləşdirilməsi prosesi də həyata keçirilib.

Seçkilərdə irəli sürüləcək namizədlərin təşviqatının keçirilməsi məqsədilə hazırlıq işləri də davam etdirilməkdədir. YAP Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsi Mərkəzi Seçki Qərargahının tövsiyələrinə uyğun olaraq, ilk partiya təşkilatların fəaliyyət dairəsini məntəqələrin əhatə etdiyi ərazi ilə uyğunlaşdırıb. Həmçinin, seçicilərlə işin yüksək səviyyədə təşkil edilməsi üçün hər birində 10-15 nəfər olmaqla ümumilikdə 100-dən çox partiya fəalını əhatə edən 8 mobil qrup yaradılıb. Həmçinin, hər məntəqə üzrə seçki işində səriştəsi olan 2-4 nəfər gənc fəal müəyyənləşdirilib.

Sonra iclasda seçki qərargahı üzvləri arasında vəzifə bölgüsü aparılıb, eyni zamanda, bundan sonra görüləcək işlər müəyyənləşdirilib.

Seçki qərargahının üzvləri də YAP-ın namizədlərinin bu seçkilərdə də qələbə qazanacağına əmin olduqlarını bildiriblər.

İclasdan sonra qərargah üzvləri seçkilərə hazırlıqla bağlı görülmüş işlərlə tanış olublar. Qərargahda rayon ərazisində yerləşən seçki dairələrinə uyğun olaraq 3 mərkəz formalaşdırılıb ki, burada partiya fəalları YAP Mərkəzi Seçki Qərargahından daxil olan tapşırıqları çevik və yüksək səviyyədə yerinə yetirirlər.

Tanışlıq zamanı bildirilib ki, seçkilərlə bağlı görülmüş işlərin yayılması, xüsusilə də, təbliğat-təşviqat zamanı lazımi addımların atılması üçün sosial şəbəkələrlə iş mərkəzi də yaradılıb. Burada əsasən “facebook”, “twitter”, “youtube” və digər sosial şəbəkə resursları üzrə fasiləsiz iş aparılacaq.

Daha sonra qərargah üzvlərinin iştirakı ilə imza toplayacaq partiya fəallarının görüşü keçirilib və treninqlərə start verilib. Bildirilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürüləcək namizədlərin imzatoplama kampaniyası üçün hər dairəyə 10 nəfər olmaqla 30 fəal müəyyənləşdirilib. Treninq zamanı fəallara imza vərəqəsi nümunələri, YAP Mərkəzi Seçki Qərargahı tərəfindən hazırlaşmış təlimat kitabçaları təqdim olunub və Seçki Məcəlləsinin tələblərinə uyğun imzatoplama qaydaları izah edilib.

Qeyd edək ki, treninqlər 2 gün davam edəcək.

Bir sözlə, YAP Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsində bələdiyyə seçkilərinə hazırlıq yüksək səviyyədə gedir və bütün həyata keçirilən işlər növbəti dəfə də seçkilərin yüksək aktivlik, şəffaflıq və demokratik şəkildə baş tutmasına gətirib çıxaracağına əminlik yaradır.