YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Zirvə Görüşündə aparılan müzakirələr, qəbul olunan qərarlar dünyada sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasına öz töhfəsini verəcək

“Qoşulmama Hərəkatı  BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatdır. Oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi tarixi hadisədir. XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri qatılmışdı. Qeyd edim ki, Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycan Hərəkatın müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla onun məqsəd və prinsiplərinə öz töhfəsini verir. Onun sözlərinə görə, Hərəkata üzv olduğumuz qısa müddət ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artıb, təşkilatın daxili prosedur və sənədlərində Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunub. Hərəkata üzvlük, həmçinin beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunması və çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb.

“XVIII Zirvə Görüşünə ev sahibliyi edən Azərbaycan Respublikası 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək. Təbii ki, bu tarixi hadisə Azərbaycanın növbəti parlaq diplomatik uğuru kimi qiymətləndirilməlidir. Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev dərin məzmunlu çıxış etdi. Dövlətimizin başçısı çıxışında ölkəmizin inkişafı, qazanılan uğurlar, eləcə də dünyada baş verən proseslərlə bağlı fikirlərini bildirdi. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini bir daha bu yüksək tribunadan dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Mötəbər tədbirdə digər ölkələrin də dövlət və hökumət başçıları dünyanı düşündürən, narahat edən poblemlərdən danışdılar, bundan çıxış yolları haqqında fikirlərini bildirdilər. Xüsusilə, Azərbaycana bu mötəbər tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə təşəkkür edildi. Hesab edirəm ki, Zirvə Görüşündə aparılan müzakirələr, qəbul olunan qərarlar dünyada sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasına öz töhfəsini verəcək”-deyə, S.Fətəliyeva vurğulayıb.