YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilib

Oktyabrın 25-də Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilib.

İclasda Azərbaycanın Baş Naziri Əli Əsədov iştirak edib. “Skolkovo” Texnoparkında keçirilən tədbirdə MDB hökumət başçıları iqtisadi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin aktual məsələlərini müzakirə ediblər.

MDB Hökumət Başçıları Şurasının üzvləri əvvəlcə məhdud tərkibdə, sonra isə geniş tərkibdə görüş keçiriblər. İclasın gündəliyinə 20-dək sənəd daxil edilmişdi.

Görüşdə MDB-yə üzv dövlətlərdə iqtisadiyyatların rəqabətqabiliyyətliyinin, ölkələrin iqtisadi inkişafının, əhalinin rifah halının və həyat keyfiyyətinin artırılmasında başlıca rol oynayan rəqəmsal inkişaf üçün lazımi şəraitin yaradılmasına dair fikir mübadiləsi aparılıb, MDB ölkələrinin informasiya təhlükəsizliyinin təmin edilməsi strategiyası haqqında qərar qəbul edilib. Strategiya siyasi, iqtisadi, elmi-texniki, sosial, hərbi, ekoloji sahələrdə mövcud təhdidlər şəraitində MDB ölkələrinin informasiya təhlükəsizliyi istiqamətində əməkdaşlığının səmərəliliyinin artırılmasına, səylərin birləşdirilməsinə yönəlib. Sənəddə informasiya təhlükəsizliyi sahəsində birgə razılaşdırılmış tədbirlərin keçirilməsi, o cümlədən təhlükəsiz və sabit internetin təmin olunması, beynəlxalq informasiya mübadiləsi, informasiya texnologiyalarından terror məqsədilə istifadə olunmasının qarşısının alınması və digər sahələrdə qarşılıqlı fəaliyyətin səmərəliliyi əksini tapıb. MDB hökumət başçıları Birliyin anti-inhisar orqanlarının fəaliyyətinin əsas istiqamətləri, 2019-2024-cü illərdə radionaviqasiyanın inkişafı, 1979-1989-cu illər Əfqanıstan müharibəsində itkin düşmüş hərbçilərin axtarışı, MDB ölkələrinin Oyunları və bir çox digər saziş və qərarlar imzalayıblar.

MDB Hökumət Başçıları Şurasının növbəti iclasının 2020-ci il mayın 29-da Daşkənddə keçirilməsi barədə qərar qəbul edilib.

İclasdan sonra Azərbaycanın və Rusiyanın baş nazirləri Əli Əsədov və Dmitri Medvedev arasında ikitərəfli görüş keçirilib. Görüşdə Azərbaycan ilə Rusiya arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Baş Nazir Dmitri Medvedev Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq, iki ölkə arasında əmtəə dövriyyəsi həcminin 25 faiz artdığını diqqətə çatdırıb. Qeyd edib ki, bu, digər MDB ölkələri ilə Rusiya arasında iqtisadi əməkdaşlığın ən yaxşı göstəricisidir.

Azərbaycanın Baş Naziri Əli Əsədov görüşün yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib, iki ölkə arasında bütün istiqamətlərdə əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb. O, “Skolkovo” Texnoparkında yaradılan innovasiya imkanlarından ikitərəfli və çoxtərəfli əməkdaşlıqda istifadə edilməsi təklifinin öz bəhrəsini verəcəyini qeyd edib.