YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“XXI əsr türk dünyası əsri olacaq”

Azərbaycan Prezidenti İlham Əliyevin fikirləri, baxışları, xatirələri ilə bağlı 10 sitat

Rusiyada çıxan “Kommersant” qəzetində “XXI əsr türk dünyası əsri olacaq” sərlövhəli material dərc edilib. Qəzet öz yeni layihəsində oxucuları keçmiş SSRİ məkanındakı ölkələrin liderləri ilə daha yaxından tanış edir: onların öz gənclik illəri, şəxsi həyatı, karyerası, siyasət barədə fikirlərini təqdim edir.

Bu layihə üzrə birinci buraxılışın qəhrəmanı Azərbaycan Prezidenti İlham Əliyevdir.

Ümummilli lider Heydər Əliyev haqqında

“Mən çox eşitmişəm: “Onu atası aparır” və ya “Əgər Heydər Əliyev prezident olmasaydı, İlham heç nəyə nail olmazdı”. Buna nə deyə bilərəm? Hər ölkədə hakimiyyətin vərəsəliyi çox vacibdir. Ona görə də Heydər Əliyevin öz varisi barədə narahat olması təbii idi. Bundan başqa o, öz varisini əvvəlcədən hazırlamağa başlayıb. Atam addım-addım öz təcrübəsini mənə ötürüb və müxtəlif vəziyyətlərdə necə davranmaq lazım olduğunu deyib”.

Dağlıq Qarabağ haqqında

“Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ başa çatmayıb və biz hər an doğma torpaqlarımızın işğaldan azad olunmasına hazır olmalıyıq. Əminəm ki, o gün gələcək və Azərbaycan ərazi bütövlüyünü təmin edəcək”.

2019-cu il iyunun 26-da Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları ilə görüşdə çıxışından.

Birinci vitse-prezident Mehriban Əliyeva haqqında

“Mehriban Əliyeva uzun illərdir ki, ictimai-siyasi, mədəni və beynəlxalq sferalarda fəaliyyətdə vacib rol oynayır. O, ümumilikdə çoxtərəfli və uğurlu fəaliyyət göstərir. Mən onun Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsində məhz bu amilləri rəhbər götürmüşəm... O, peşəkar, təcrübəli və prinsipial insandır, humanistdir”.

2017-ci il fevralın 21-də Birinci vitse-prezidenti Azərbaycanın Təhlükəsizlik Şurasına təqdim edərkən söylədiyi nitqdən.

Avropaya inteqrasiya haqqında

“Bəziləri deyir ki, kiminsə xoşuna gəlmək, ya da donor pullarını əsaslandırmaq biz Avropaya inteqrasiya olmalıyıq. Sual olunur, biz hansı Avropaya inteqrasiya olmalıyıq? Bugünkü Avropa göz qabağındadır... Biz oraya inteqrasiya olmalıyıq, böhrana inteqrasiya olmalıyıq?! “Müsəlmanlara stop” deyilən yerə inteqrasiya olmalıyıq?! Qaçqın müsəlmanlara münasibətdə ikili standartlar tətbiq edənlərin cəmiyyətinə inteqrasiya olmalıyıq?! Müsəlmanları qəfəsdə saxlayanların cəmiyyətinə inteqrasiya olmalıyıq?!”

2016-cı il oktyabrın 7-də respublika hökumətinin iclasında çıxışından.

Türk dünyası haqqında

“Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir: aramızdakı qardaşlıq, dostluq əbədi olacaq, XXI əsr türk dünyası əsri olacaq”.

2013-cü il noyabrın 13-də Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğanla birgə brifinqdə çıxışından.

SSRİ-nin dağılması haqqında

“SSRİ böyük dövlət qismində düzgün aparılan milli siyasət hesabına mövcud oldu. Amma 1985-ci ildən SSRİ-yə rəhbərlik edən şəxslər ya öz məsuliyyətlərini başa düşmürdülər, ya da bilərəkdən zərərli addımlar atırdılar ki, bunların arasında separatçıların vaxtlı-vaxtında cəzalandırılmaması da var idi. Təəssüf ki, bu günədək Qorbaçov bu və digər cinayətlərə görə məsuliyyətə cəlb edilməyib”.

2017-ci il mayın 10-da Bakıda Heydər Əliyevin doğum gününə həsr edilmiş tədbirdə çıxışından.

Rus dili haqqında

“Rus dilinə bizdə keçmişdə olduğu kimi hörmət edilir. Azərbaycan heç vaxt rus dilini özünə hədəf seçənləri dəstəkləməyəcək”.

2014-cü il dekabrın 2-də “Rossiya 24” telekanalının “Mneniye” verilişdə çıxışından.

Müxalifət haqqında

“Müxalifət dəyişməlidir. Bu naftalin iyi verən insanlar artıq xalqı bezdirib... Cəmiyyətə hökumətin diqqətini bu və ya digərə məsələyə yönəldən, hökumətin ünvanına sağlam tənqidlər səsləndirən konstruktiv müxalifət lazımdır, polisə daş atan müxalifət yox”.

2004-cü il sentyabrın 5-də Bakıda mətbuat konfransında çıxışından.

Tənqid haqqında

“Freedom House” hesab edir ki, Azərbaycan azad deyil, internet qismən azaddır, son on il ərzində Azərbaycan bütün Avrasiyada demokratik idarəetmə baxımından hamıdan çox geri qalır. Təsəvvür edirsiniz? Bu, sadəcə gülməlidir və yəqin ki, bunu heç şərh etməyə dəyməz. “Freedom House” erməniyönümlü mövqeyi və ölkəmizə daimi hücumlarına görə Azərbaycanın heç bir əlaqəsi olmadığı bir təşkilatdır”.

2016-cı il sentyabrın 24-də Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin nümayəndə heyəti ilə görüşdə çıxışından.

Təhsili haqqında

“Məni ali məktəbə beş ay sonra 16 yaşımın tamam olacağını rəsmi təsdiq edən arayışla qəbul ediblər. Təhsilin birinci ili daha məsuliyyətli idi. Bakıda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibinin oğlu kimi təhsil almaq bir şeydir, Moskvada bu cür cavan yaşda tamamilə fərqli mühitdə təhsil almaq isə tamamilə başqadır. Amma mən atamı pis vəziyyətdə qoymadım, əvvəlcə institutda, sonra isə aspiranturada yaxşı oxudum”.

2004-cü il dekabrın 14-də “Hakimiyyət formulu” televiziya verilişində Mixail Qusmana müsahibəsindən