YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Qarabağ Azərbaycandır!” mövzusunda konfrans keçirilib

Oktyabrın 14-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Qarabağ Azərbaycandır!” mövzusunda konfrans keçirilib.

Konfransda YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, partiyanın yerli təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı və MDB dövlət başçılarının Aşqabadda keçirilən görüşündə çıxışı ilə Ermənistanın iç üzünü bir daha ifşa etdi. Bununla da, bu məsələlər gündəmin əsas mövzusuna çevrilib.

Əli Əhmədov deyib ki, Aşqabaddakı çıxışı ilə Prezident İlham Əliyev Ermənistan hökuməti və dövlətinin apardığı təhlükəli siyasəti ifşa etdi: “Bütün dünya birmənalı şəkildə faşizmə və faşist ideologiyasına qarşı olduğu halda Ermənistan hökumətinin belə bir siyasət apardığını Prezident İlham Əliyev sübuta yetirdi. Belə ki, faşist siyasəti nəticəsində dünyada 10 milyonlarla insan həlak olub. Ermənistan faşizmə əsalanan siyasət aparmaqla əslində bütün dünyaya xəyanət etmiş olur. Prezident İlham Əliyev bunu bir daha isbat etdi”.

YAP Sədrinin müavini söyləyib ki, dövlətimizin  başçısı "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı səsləndirməklə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yeni bir yanaşmanı ortaya qoydu: “Qarabağ Azərbaycandır!" kəlməsinin əsas məna yükü ondan ibarətdir ki, Qarabağ Azərbaycan üçün olum ya ölüm məsələsini ifadə edir. Prezident bu bəyanatla Azərbaycanın qətiyyətli mövqeyini bir daha ortaya qoydu”. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələnin başlanğıcındayıq.

Əli Əhmədov qeyd edib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin bu bəyanatını birmənalı şəkildə dəstəkləyir. Onun fikrincə, Prezidentimizin  “Qarabağ Azərbaycandır!” mesajı, işğalçı Ermənistana, beynəlxalq birliyə və Azərbaycan cəmiyyətinə ünvanlanıb: “Nə məlum münaqişə, nə onun hələlik aradan qaldırılmamış nəticələri, nə də nizamasalma prosesi Qarabağın mənsubiyyətini dəyişdirmir, dəyişdirə bilməz və dəyişdirməyəcək - Prezidentin bütün dünyaya çatdırdığı mesajın mahiyyəti məhz bundan ibarətdir. Cənab İlham Əliyevin bir çox dövlət başçılarının, çoxsaylı beynəlxalq siyasi ekspertlərin və mətbuat nümayəndələrinin qarşısında cəsarət və qətiyyət nümunəsi sayıla biləcək çıxışının arxasında möhtəşəm gücün dayandığı heç kimdə şübhə yaratmır. Bu güc hər şeydən əvvəl xalqın iradəsi, Azərbaycanın silahlı qüvvələrinin döyüş qabiliyyəti, nəyin bahasına olursa olsun torpaqlarımızı işğaldan azad etmək əzmidir. Bu güc, eyni zamanda, beynəlxalq hüquqa, onun ədalətli mahiyyətinə inamdan irəli gəlir. Prezident İlham Əliyevin mesajı bütün lazımi ünvanlara lazımi səviyyədə çatıb. Onu ilk növbədə və əsas etibarilə Ermənistanda eşidiblər və yəqin ki, gərəkli nəticə çıxarıblar”.

YAP Sədrinin müavini bildirib ki, “Qarabağ Azərbaycandır!” çağırışı milli ruhu və iradəni inanılmaz dərəcədə yüksəldə bildi. Onun birləşdirici xarakterinin və gücünün davamlı olacağı, ümummilli mahiyyət kəsb edəcəyi şəksizdir. Gözlərimizin önündə yeni bir hərəkat yaranır, bu “Qarabağ Azərbaycandır!” hərəkatıdır. Hər bir azərbaycanlının, hər bir vətənpərvərin yeri bu hərəkatdadır. İnanıram ki, bu hərəkat əzəmətli bir hərakata çevrilərək bütün Azərbaycan xalqını əhatə edəcək”.

Əli Əhmədov təəssüflə qeyd edib ki, müxalifətin  azsaylı bir hissəsi təxminən Ermənistanın mövqeyni müdafiə edən bir yanaşma ortaya qoyur. Bu, onların milli sifətlərini tamamilə itirmələrindən xəbər verir. Bununla belə, Azərbaycan xalqının gücü və iradəsi nəticəsində torpaqlarımız işğaldan azad olunana qədər “Qarabağ Azərbaycandır!” hərəkatı cəmiyyətimizin  milli ideyası olaraq qalacaq.

Konfransda çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri Tural Gəncəliyev, YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri Fərəh Məcidzadə və YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin sədri Elnur Mirzəyev çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasəti nəticəsində Azərbaycanın diplomatik cəbhədə işğalçı Ermənistanın dalana dirəndiyi vurğulanıb. Qeyd olunub ki, dövlətimizin başçısının siyasəti torpaqlarımızın işğaldan azad olunacağı günü daha da yaxınlaşdırır.  

 

DİGƏR Partiya xəbərləri Arxiv