YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib

Oktyabrın 9-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 80 illik yubileyinə həsr edilən elmi konfrans keçirilib.

Əvvəlcə konfrans iştirakçıları II Fəxri xiyabanda Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən tədbirdə Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları iştirak ediblər.

Konfransda çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsinin ürəklərdə əbədi yaşadığını, əsərlərinin dönə-dönə oxunduğunu, tədqiq edildiyini, tərcümə olunduğunu, yenidən işıq üzü gördüyünü vurğulayıb. Bildirib ki, Aida İmanquliyeva əsərlərində gələcəyə elmi körpü yaradıb. Yaradıcılığında əsasən ərəb məhcər ədəbiyyatını tədqiq və təhlil edən Aida xanım bu sahədə uğurları ilə şərqşünaslıq elminə bir sıra yeniliklər gətirib. Bu uğurlar Şərq və Qərb mədəniyyətləri arasında dialoqun yaradılmasına xidmət edib.

Akademik Akif Əlizadə bildirib ki, çoxşaxəli elmi fəaliyyəti ilə şərqşünaslıq elminin zənginləşməsinə mühüm töhfələr verən Aida İmanquliyeva gözəl övlad, ana və həyat yoldaşı olmaqla Azərbaycan qadınına örnək bir ömür yaşayıb.

AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova böyük alimin zəngin elmi fəaliyyətindən söz açıb. Qeyd edib ki, Şərq ədəbiyyatına, elmə gənc yaşlarından böyük həvəs göstərən Aida xanım Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsini bitirdikdən sonra həyatını Şərqşünaslıq İnstitutuna bağlayıb və ömrünün sonunadək bu elmi müəssisədə çalışıb. Aida İmanquliyevanın tələbəsi olduğu üçün qürur hissi keçirdiyini deyən Nərgiz Axundova görkəmli alimin yüksək mənəvi keyfiyyətlərindən də danışıb.

Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva “Filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın elmi yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edib.

Gövhər Baxşəliyeva bildirib ki, Azərbaycanda məşhur şərqşünaslar çox olub; ərəb, fars və türk dillərinin gözəl biliciləri, bu dillərdə yazılmış möhtəşəm poeziya nümunələrinin yorulmaz tədqiqatçıları, Azərbaycanın böyük tarixçiləri, islamşünaslar, mətnşünaslar və s. Hər əsəri elmdə yeni söz, yeni tapıntı olan bu parlaq alimlər, işıqlı şəxsiyyətlər öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslığının özünəməxsus simasını müəyyənləşdirib, keçmiş sovet şərqşünaslığında xüsusi “Azərbaycan məktəbi”nin mövcudluğunun etiraf olunmasını təmin ediblər. Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru, professor Aida İmanquliyeva həmin məktəbin inkişafında böyük xidmətləri olan, eyni zamanda, keçmiş ittifaq və dünya miqyasında onu layiqincə təmsil edən nüfuzlu alimlərimizdən olub. Dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, zəngin mütaliəsi, bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərlər ona nəinki keçmiş ittifaq miqyasında, hətta bir çox xarici ölkələrdə geniş şöhrət gətirib.

Diqqətə çatdırılıb ki, Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olub, 1957-ci ildə Bakı şəhərinin 132 saylı orta məktəbini qızıl medalla bitirib. Həmin ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsinə qəbul olub. Ali məktəbi bitirəndən sonra Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspirantı olub, daha sonra keçmiş SSRİ Elmlər Akademiyası Asiya xalqları İnstitutunun aspiranturasında təhsil alıb. 1966-cı ildə namizədlik dissertasiyasını uğurla müdafiə edən Aida İmanquliyeva Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda elmi fəaliyyətə başlayıb. O, elmin bütün enişli-yoxuşlu yollarını pillə-pillə keçib, öz zəhməti, istedadı, zəkası, qabiliyyəti sayəsində kiçik elmi işçidən baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə yüksəlib. 1989-cu ildə Aida İmanquliyeva Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edib, filologiya elmləri doktoru elmi dərəcəsini və tezliklə bu ixtisas üzrə professor adı alıb.

Üç monoqrafiyanın (“Mixail Nüaymə və “Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı korifeyləri”) və 70-dən çox elmi məqalənin müəllifi Aida İmanquliyeva Şərq filologiyası sahəsində yazılan bir çox elmi əsərlərin redaktoru olub. Müasir Şərq ədəbiyyatının bir sıra əsərləri də Aida xanımın tərcüməsində işıq üzü görüb. O, həmçinin Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən Asiya və Afrika xarici ölkə ədəbiyyatları ixtisası üzrə müdafiə şurasına sədrlik edib.

“Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən alim hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürür, mədəni tərəqqini şərtləndirən amillərə istinad edirdi”, - deyə Gövhər Baxşəliyeva bildirib.

Qeyd edib ki, Aida İmanquliyeva öz fundamental tədqiqatları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını zənginləşdirib və inkişaf etdirib. Onun bir alim kimi maraq dairəsi geniş və çoxşaxəli olub. Adı dünya şöhrətli şərqşünaslarla bir sırada çəkilən Aida İmanquliyevanın tədqiqat sahəsi ərəb filologiyası və ya konkret olaraq ərəb məhcər ədəbiyyatıdır. Lakin alimin araşdırdığı məsələlər şərqşünaslığın və filoloji düşüncənin hüdudlarına sığmır. Şərq-Qərb problematikasının bədii-romantik tərənnümü Aida xanımın yaradıcılığında müstəqil fəlsəfi problem kimi qoyulur və Şərq ilə Qərb düşüncələrinin vəhdət zərurəti elmi-fəlsəfi arqumentlərlə sübuta yetirilir. Belə ki, Aida xanım tədqiq etdiyi görkəmli şəxslərin xidmətlərini göstərməklə kifayətlənməyərək, özü də Şərq-Qərb probleminin həlli istiqamətində olduqca dəyərli fikirlər irəli sürüb. Alimin çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının həmin aspektdə öyrənilməsi üçün çox mühüm zəmin yaradır və metodoloji əhəmiyyət daşıyır.

Sivilizasiyalararası dialoq ideyasının siyasi, iqtisadi və kulturoloji müstəvilərdə üzə çıxması əslində elmi-fəlsəfi və ədəbi-bədii yaradıcılıqda aparılan axtarışların nəticəsi idi. Bu problem bədii yaradıcılıq müstəvisində bir sıra yazıçı-mütəfəkkirlər tərəfindən hələ XX əsrin sonunda qaldırılmışdı. Aida İmanquliyeva məhz həmin ədəbi-bədii proseslərin XX əsrin sonunda kəsb etdiyi yeni ictimai-siyasi mənanın aktuallığını nəzərə alaraq, bu problemi Azərbaycan şərqşünaslıq məktəbinin mühüm istiqamətlərindən birinə çevirdi. Alimin fikrincə, ərəb ədəbiyyatı xarici ədəbiyyatların nailiyyətlərindən faydalanmasında ilk növbədə məhcər ədəbiyyatı nümayəndələrinə borcludur. Məhcər yazıçıları Qərb ədəbiyyatının ən yaxşı nailiyyətlərini mənimsəyib və özünəməxsus şəkildə inkişaf etdiriblər. Əsərlərində milli ruhu və milli koloriti qoruyub saxlaya bilən bu yazıçılar yeni ərəb ədəbiyyatının inkişafında əvəzsiz rol oynayıblar. Məhz onların yaradıcılığı sayəsində XX əsr ərəb ədəbiyyatının mövzu dairəsi genişlənib, janr tərkibi zənginləşib, bədii ifadənin yeni formaları yaranıb və ərəb ədəbiyyatı ümumbəşər mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib.

Akademik G.Baxşəliyeva vurğulayıb ki, professor Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elmini dəfələrlə respublika hüdudlarından uzaqlarda (Moskva, Kiyev, Poltava, Sankt-Peterburq, Hamburq, Halle və s.) ləyaqətlə təmsil edib. Görkəmli alim elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlayıb. Təsadüfi deyil ki, institutun Ərəb filologiyası şöbəsinə başçılıq etdiyi qısa müddət ərzində onun bilavasitə səyləri ilə 10-dan çox namizədlik dissertasiyası müdafiə edilib. Aida İmanquliyeva Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının və Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. O, uzun illər pedaqoji fəaliyyətlə də səmərəli məşğul olub, Azərbaycan Dövlət Universitetində ərəb filologiyası fənnindən mühazirələr oxuyub.

Gövhər Baxşəliyeva deyib: “Aida xanımla 15 il birgə çalışan bir insan kimi bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Ulu tanrı Aida xanıma yüksək şəxsi və intellektual keyfiyyətlərlə yanaşı, qibtədoğuran zahiri gözəllik də bəxş etmişdi. Görkəmli şərqşünas alim, elm təşkilatçısı, pedaqoq, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın yubileyinə AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi böyük həvəslə və ciddi hazırlaşıb. Alimin əziz xatirəsinə ithaf edilən və vaxtilə yazdığı geniş “Ön söz”lə çap olunan “Ağ günlərin sorağında (İraq ədəbiyyatından seçmələr)” adlı kitabın II nəşri ictimaiyyətə təqdim edilib. Eləcə də institutun dövrü nəşri – “Azərbaycan şərqşünaslığı” dərgisinin növbəti nömrəsi bütövlüklə professor Aida İmanquliyevanın zəngin həyat və yaradıcılığına həsr olunan məqalələri ehtiva edir. Təəssüf doğuran bircə odur ki, o özü bugünlərdə bizimlə deyil, ona həsr edilən tədbirlərimizdə iştirak etmir, gördüyümüz işi dəyərləndirə bilmir. Çox təəssüf... Onun yoxluğunun acısını biz bu gün də yaşayır, hiss edirik, vaxtsız itkisi ilə barışa bilmirik. Təsəllimiz bircə ondadır ki, onun ruhu bu gün bizimlədir, əsərlərində, ailəsində, övladlarında və davamçılarında yaşayır!”

Konfransda professor Vilayət Cəfərovun “Görkəmli şərqşünas alim, professor Aida İmanquliyeva İraq ədəbiyyatı haqqında”, dosent Fatma Məcidovanın “Azərbaycanda ərəb məhcər ədəbiyyatının ilk tədqiqatçısı” mövzularda məruzələri dinlənilib.

Çıxış edənlər Aida İmanquliyevanın bir alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, Aida İmanquliyeva ömrünü xalqının tarixinin, adət-ənənələrinin dərin köklərlə bağlı olduğu Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf edib, görkəmli alim kimi yadda qalıb. O, müasir ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açıb, yeni məktəbin əsasını qoyub. Aida xanım dünyada tanınan böyük alim, fəal ictimai xadim idi. Ərəb mühacirət ədəbiyyatının tədqiqi onun adı ilə bağlıdır. Alimin bununla bağlı əsərləri dərin məzmunu, aktuallığı və əhəmiyyətinə görə daim diqqəti cəlb edir.

Xalq şairi Nəriman Həsənzadə Aida İmanquliyeva və alimin ailəsi ilə bağlı xatirələrini bölüşüb, Şərqşünaslıq İnstitutunun əməkdaşı Bəşarət Bəşirova uzun illər Aida xanımla birgə çalışdığını söyləyib və görkəmli alimə həsr etdiyi şeirini səsləndirib.

Konfransda professor Aida İmanquliyeva və Azərbaycan klassik ədəbiyyatı, alimin tədqiqatlarında mədəni yaxınlıq və mədəni sintez problemi, yaradıcılığında “Qələmlər Birliyi Cəmiyyəti”nin fəaliyyəti mövzularında məruzələr dinlənilib.