YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan XİN: Ermənistanın xarici siyasəti sağlam məntiq, əsas və dəlildən məhrumdur

Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisinin açıqlaması bir daha onu göstərir ki, bu ölkənin xarici siyasəti sağlam məntiq, əsas və dəlildən məhrumdur.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev Ermənistanın xarici işlər nazirinin müavini Ş.Köçəryanın noyabrın 19-da səsləndirdiyi fikirləri şərh edərkən bildirib.
H.Hacıyev deyib: “Ermənistanın xarici işlər nazirinin müavininə xatırlatmaq lazımdır ki, orta əsrlərə aid feodal təfəkkürü ilə Ermənistan tərəfindən qonşu dövlətin – Azərbaycan Respublikasının ərazisi işğal edilib, Ermənistan ərazisində və işğal olunmuş ərazilərdə Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə həyata keçirilib. Ermənistan Respublikası ATƏT-ə yeganə üzv dövlətidir ki, 1975-ci il Helsinki Yekun Aktına tam şəkildə zidd olaraq, güc tətbiq etmək və təcavüz yolu ilə digər ATƏT üzvü olan dövlətin ərazisini işğal edib. Bu cür davranış beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və dövlətlər arasında sivil davranış qaydalarına tamamilə ziddir.
Cəbhə xəttində baş vermiş son gərginlik Ermənistanın Azərbaycana davam edən təcavüz və işğalının növbəti sübutudur. Bu halda da Ermənistan tərəfindən güc tətbiq edilib və güc tətbiq edərək, hədələmək aktı həyata keçirilib.
Ermənistan Respublikasının terrorizmi dəstəkləyən dövlət olması əməliyyat-istintaq yolu ilə tam şəkildə sübut edilib. Ermənistanın xüsusi xidmət orqanlarının tərkibinə inteqrasiya olunan ASALA terror təşkilatını, “arabo” və “aramo” terror qruplaşmalarını xatırlatmaq kifayətdir.
Ermənistanın yürütdüyü işğalçı və təcavüzkar siyasət regionun sabitliyi və təhlükəsizliyi üçün əsas təhdid mənbəyidir. Azərbaycana qarşı işğal və təcavüz əməllərinə görə Ermənistan dövləti BMT Nizamnaməsi və beynəlxalq hüquqa uyğun olaraq tam məsuliyyət daşıyır”.