YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP İcra Katibliyində “Ailə və cəmiyyət: ənənə və məsuliyyət” mövzusunda konfrans keçirilib

Sentyabrın 27-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın Qadınlar Şurasının təşkilatçılığı ilə “Ailə və cəmiyyət: ənənə və məsuliyyət” mövzusunda konfrans keçirilib.

Konfransda bir sıra siyasi partiyaların qadın təşkilatlarının nümayəndələri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edib.

Tədbirdə giriş sözü ilə çıxış edən  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bildirib ki, ailə xalqımızın əsas dəyərləri sırasındadır. Onun sözlərinə görə, bu gün ölkəmizdə ailə institutunun qorunması prioritet məsələlərdəndir. Tarixin hər bir mərhələsində ailə cəmiyyətin inkişafında mühüm rol oynayıb. Cəmiyyətin inkişafı ailənin rifahından, ailədaxili sağlam mənəvi mühitdən, ailə münasibətlərinin yüksək əxlaqi dəyərlər əsasında təşkilindən çox asılıdır. Buna görə də cəmiyyət həmişə ailənin möhkəm bünövrə əsasında qurulmasına, inkişafına çalışır. Azərbaycan ailəsi dünyada özünəməxsusluğu ilə seçilir. Bizim qədimdən gələn ailə modelimiz var.

Millət vəkili qeyd edib ki, ölkəmizdə gender bərabərliyi haqqında mükəmməl qanunvericilik bazası yaradılıb. Bununla belə, M.İbrahimqızı deyib ki, mütəmadi aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də məişət zorakılığı hallarına rast gəlinir. O, son vaxtlar AXCP rəhbərliyində təmsil olunan bir şəxsin öz həyat yoldaşına və qızına qarşı törətdiyi zorakılğın cəmiyyətdə ciddi etirazla qarşılandığını və pislənildiyini diqqətə çatdırıb. M.İbrahimqızı AXCP-nin bu hadisəyə görə Azərbaycan qadınlarından üzr istəməli olduğunu deyib.

Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı  çıxışında bu hadisənin gündəmin əsas mövzularından olduğunu deyib. Onun sözlərinə görə, buna səbəb hakimiyyətə iddia edən bir siyasi partiyanın rəhbərliyində olmuş şəxsin öz ailə üzvlərinə qarşı zorakı hərəkətləridir. Bu səbəbdən də, həmin hadisə cəmiyyətdə ciddi qınaq obyektinə çevrilib.

Tədbirdə digər çıxış edənlər də qeyd ediblər ki, Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdən biridir. Qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı cəmiyyətimiz tərəfindən həmişə mənfi qarşılanıb. Bütün zorakılıq hallarının aradan qaldırılması, eləcə də qadınların öz hüququnu bilməsi vacib məsələdir.

Çıxışlarda AXCP rəhbərliyində təmsil olunan bir şəxsin öz ailə üzvlərinə qarşı zorakılğı qətiyyətlə pislənilib.

Qeyd edək ki, sonda konfransda iştirak edən 8 siyasi partiyanın qadın təşkilatlarının rəhbərləri və 30 qeyri-hökumət təşkilatı sədrlərinin adından müraciət qəbul olunub. Müraciətdə bir daha AXCP rəhbərliyində təmsil olunmuş Fuad Qəhrəmanlının öz həyat yoldaşına və qızına qarşı zorakılıq hərəkətləri qətiyyətlə pislənilib. Müraciətdə həmçinin müəyyən insan hüquq müdafiə təşkilatlarının bu məsələdə susqunluğu da pislənilib.

Bu da qeyd olunur ki, həmin xoşagəlməz hadisə əvvəlcədən partiya rəhbərliyinə də məlum olub, bununla belə zorakılğın qarşısını almaq üçün heç bir tədbir görülməyib. Ona görə də, AXCP rəhbərliyi tam tərkibdə istefa verməli və Azərbaycan qadınlarından üzr istəməlidir.

Müraciətdə məlum zorakılıq hadisələri bir cinayət kimi qimətləndirilib və hüquq-mühafizə orqanlarına bu hadisənin ciddi şəkildə araşdırılması və qanun çərçivəsində müvafiq addımların atılması üçün çağırış edilib. 

 

 

DİGƏR Partiya xəbərləri Arxiv