YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Abşeron rayon təşkilatının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib

Sentyabrın 26-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədovun sədrliyi ilə Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının ərazi ilk partiya təşkilatları sədrlərinin müşavirəsi keçirilib.
Müşavirədə AMEA-nın Prezidenti, YAP-ın Sədr müavini Akif Əlizadə, YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və başqaları iştirak ediblər.
Müşavirəyə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib.
Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, bu tədbirin keçirilməsində məqsəd partiyanın yerli strukturlarının işinin daha da gücləndirilməsi ilə əlaqədardır: "YAP 750 minə yaxın Azərbaycan vətəndaşını öz sıralarında birləşdirir. Bu əhəmiyyətli siyasi ordu kimi də səciyyələndirilə bilər. Bu sadəcə bir statistika deyil. Bu böyük bir güc və böyük bir iradədir. Eyni zamanda bu Azərbaycan vətəndaşlarının YAP-a, Ümummilli Lider Heydər Əliyevin ideyalarına və Azərbaycan Prezidenti, partiyamızın Sədri İlham Əliyevin həyata keçirdiyi siyasətə münasibətin ifadəsidir".
Baş nazirin müavini bu il ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyini deyib və partiyamızın bu seçkilərə hazırlığı məsələləri haqqında fikirlərini bildirib. O, Yeni Azərbaycan Partiyasının böyük resurslarının və seçki təcrübəsinin olduğunu deyərək bu seçkilərdə də uğur qazanılacağına əminliyini ifadə edib.
Baş nazirin müavini Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, iqtisadiyyatın artması, əhalinin sosial rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq müstəvidə mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını söyləyib.
Əli Əhmədov deyib ki, Azərbaycan dövləti gücləndikcə əhalinin rifah halının daha da yüksəldilməsi istiqamətində növbəti addımlar atılacaq. Azərbaycanın beynəlxalq miqyasda da nüfuzunun davamlı olaraq artdığını deyən YAP Sədrinin müavini ölkəmizin dünyada və regionda baş verən proseslərdə fəal mövqe nümayiş etdirdiyini söyləyib. Bununla belə, Azərbaycanın inkişafını və güclənməsini istəməyən qüvvələrin olduğunu deyən YAP Sədrinin müavini həmin dairələrin müxtəlif vasitələrlə ölkəmizə qarşı qarayaxma kampaniyası apardıqlarını qeyd edib. Bu vasitələrdən biri də sosial şəbəkələrdir. Onun sözlərinə görə, xaricdə özünü “mühacir” adlandıranlar müəyyən qüvvələrin maraqlarına xidmət edərək ölkəmizin, dövlət rəhbərliyinin imicinə zərbə vurmağa çalışırlar.
Müşavirədə bələdiyyə seçkilərinə hazırlıq və ictimai-siyasi məsələlərlə bağlı tövsiyyə və tapşırıqlar verilib.