YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının Şirvan bölgəsi üzrə rayon təşkilatlarının ərazi ilk təşkilat sədrlərinin iştirakı ilə İsmayıllıda müşavirə keçirilib

Sentyabrın 21-də İsmayıllı şəhərində Azərbaycan Respublikası Baş nazirinin müavini,Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədovun sədrliyi ilə  YAP-ın İsmayıllı, Ağsu, Qəbələ, Qobustan, Kürdəmir və Şamaxı ərazi ilk partiya təşkilatları sədrlərinın iştirakı ilə müşavirə keçirilib.

Müşavirədən öncə Azərbaycan Respublikası Baş nazirinin müavini,YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olub.

Müşavirədə YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri  Eldar İbrahimov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov iştirak ediblər.

Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini,YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib ki, artıq bir neçə regionda Yeni Azərbaycan Partiyasının ilk təşkilat sədrləri ilə görüşlər keçirilib: “Bundan sonra da belə görüşləri davam etdirmək niyyətindəyik. Hesab edirik ki, partiyanın üzvləri arasında partiya işinin gücləndirilməsi, partiya ünsiyyətinin möhkəmləndirilməsi, bütövlükdə işin səmərəliliyinin artırılması bir çox sahədə müəyyən tədbirlərin həyata keçirilməsini tələb etdiyi kimi, eyni zamanda partiyanın ilk təşkilatlarının da fəaliyyətinin gücləndirilməsini vacib hesab edirik”. 

YAP-ın sıralarında 750 minə yaxın Azərbaycan vətəndaşı birləşdiyini diqqətə çatdıran Baş nazirin müavini bildirib ki, YAP-ın üzvləri 8 minə yaxın ilk təşkilatda partiyanın sıralarında cəmləşib: “Biz istəyirik ki, YAP-ın şəhər və rayon təşkilatlarının ilk təşkilatları, özəl təşkilatları daha səmərəli, daha yaxşı iş qursunlar və bütövlükdə partiyanın fəaliyyətinin daha da gücləndirilməsinə öz töhfələrini vermiş olsunlar. Biz bu gün qürur duya bilərik ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolla irəliləyərək, YAP-ın sıralarında birləşərək Azərbaycanın möhtəşəm bir mərhələnin keçirilməsinə töhfələrimizi verə bilmişik. Biz sevinirik ki, bu gün Azərbaycan sözün həqiqi mənasında möhtəşəm bir dövlətə çevrilib, Azərbaycanın iqtisadiyyatı inkişaf edib. Ölkəmizin bütün sahələrində böyük nailiyyətlər əldə edilib. Azərbaycanın siması köklü surətdə dəyişib. Həyatımızın yaxşılaşması istiqamətində böyük layihələr həyata keçirilib, insanların həyat səviyyəsi yaxşılaşıb, ölkəmizin beynəlxalq imici ciddi şəkildə yüksəlib və beynəlxalq əlaqələrimiz genişlənib. Azərbaycan beynəlxalq layihələrin həyata keçirilməsində çox əhəmiyyətli rol oynayan dövlətlərdən biri kimi qəbul olunur. Eyni zamanda Azərbaycanın daxilindəki sabitlik, əmin-amanlıq bizim ölkəmizlə əlaqədar bütün dünya birliyinin və beynəlxalq təşkilatların birmənalı şəkildə etiraf etdiyi ən başlıca xüsusiyyətlərdən biridir. Hər bir dövlətin vətəndaş qarşısında yerinə yetirməli olduğu vəzifələrdən biri də vətəndaşın təhlükəsizliyinin təmin edilməsidir. Bu, dövlətin öz üzərinə götürdüyü ən başlıca vəzifələrdən və missiyalardan birdir. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan cəmiyyətində vətəndaşın təhlükəsizliyinin təmin edilməsi, ölkənin sabitliyinin, əmin-amanlığının bərqərar olunması ilə əlaqədar əzəmətli bir addım atılıb və möhtəşəm bir fundament qoyulub. Bu gün Azərbaycan bütün parametrlərinə görə dünyanın ən sabit, ən təhlükəsiz ölkələrindən biridir. Bunun çox vacib ifadələrindən biri ölkəmizə günü-gündən artmaqda olan turist sayında görünə bilər. Bir neçə il bundan əvvəl Azərbaycanda turistləri yəqinki görmək o qədər asan deyildi. İndi isə Bakı şəhərinin, Azərbaycanın turizm üçün maraqlı olan bir çox regionlarının həyatının və mənzərəsinin ən vacib görüntülərindən biri də xarici vətəndaşlardır, turistlərdir. Bu eyni zamanda Azərbaycandakı sabitliklə, təhlükəsizliklə, əmin-amanlıqla bilavasitə əlaqədardır”.

YAP-ın Sədr müavini, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın uğurla inkişaf etdiyini, vətəndaşların həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli addımların atıldığını tədbir iştirakçılarının diqqətinə çatdıraraq qeyd edib ki, bu ilin əvvəlindən dövlətimizin başçısı tərəfindən mühüm sosial islahatların həyata keçirilib və bunun nəticəsində ölkəmizdə əməkhaqları, təqaüdlər və sosial müavinətlər əhəmiyyətli dərəcədə artıb: “Yeni Azərbaycan Partiyası bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən quruculuq, abadlıq işlərində yaxından iştirak etmək, bu layihələrin həyata keçirilməsinə öz töhfələrini vermək niyyətindədir. Əgər belə ifadə etmək mümkündürsə Yeni Azərbaycan Partiyası əzəmətli bir siyasi ordudur ki, onun qarşısında duran vəzifələrin həyata keçirilməsi üçün hər cür fədakarlıq və qəhrəmanlıq göstərməyə hazırdır. Bu vaxta qədər həmin qəhrəmanlığı və fədakarlığı göstərib təbii ki, bundan sonra da həmin istiqamətdə və ondan daha möhətəşəm, əzəmətli qəhrəmanlığı və fədakarlığı göstərməyə hazırdır. İnanıram ki, bizim bundan sonrakı həyatımızda daha böyük uğurlar əldə ediləcəkdir. Təbii ki, bu uğurların əldə olunmasında YAP-ın hər bir üzvünün, bütövlükdə YAP-ın böyük əməyi və fədakarlığı olacaqdır. Bizim istəyimiz ondan ibarətdir ki, YAP-ın ilk təşkilatları da öz məsuliyyətini daha dərindən dərk edərək fəaliyyətlərini daha da gücləndirsinlər”.

Azərbaycanın beynəlxalq miqyasda da nüfuzunun davamlı olaraq artdığını deyən Əli Əhmədov ölkəmizin dünyada və regionda baş verən proseslərdə fəal mövqe nümayiş etdirdiyini söyləyib. Bununla belə Azərbaycanın inkişafını və güclənməsini istəməyən qüvvələrin olduğunu deyən YAP Sədrinin müavini həmin dairələrin müxtəlif vasitələrlə ölkəmizə qarşı qarayaxma kampaniyası apardıqlarını qeyd edib. Bu vasitələrin biri də sosial şəbəkələrdir.

YAP Sədrinin müavini vurğulayıb ki, belə kampaniya aparanlar cəmiyyətimizdə ifşa olunmalıdır. Ona görə də, partiyamızın üzvləri Azərbaycanın qazandığı nailiyyətləri  insanlar  arasında geniş təbliğ etmək işini fəal şəkildə davam etdirməlidir. O cümlədən, ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dairələrin, radikal müxalifətin əsl niyyətləri ifşa olunmalıdır.

Sonda YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov partiya həyatı ilə bağlı müşavirə iştirakçılarına müvafiq tövsiyə və tapşırıqlarını verib.