YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Macarıstanın Türk əməkdaşlıq təşkilatları ilə sıx münasibətlər qurmaq niyyəti təqdirəlayiqdir

Azərbaycan Respublikası Xarici İşlər naziri Elmar Məmmədyarov Budapeştdə Türk Şurası nümayəndəliyinin açılış mərasimində iştirak edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Elmar Məmmədyarov açılış mərasimindəki çıxışında bildirib ki, Macarıstanın Budapeştdə Türk Şurası nümayəndəliyinin təsis edilməsi barədə öhdəliyi ilk olaraq Baş Nazir Viktor Orbanın Türk Şurasının Qırğızıstanın Çolpan-Ata şəhərində keçirilmiş 6-cı Zirvə toplantısında səsləndirdiyi və Türk qardaşlığını vurğulayan çox səmimi ismarışlarında irəli sürüldü. Zirvə görüşü zamanı Macarıstanın təşkilatda müşahidəçi statusu əldə etməsi Türk Şurasının genişləndirilməsi baxımından tarixi bir hadisə oldu. Böyük bir etimadla təsdiq edə bilərik ki, müşahidəçi statusunu aldıqdan qısa müddət sonra Macarıstan Türk Şurası və onun üzv dövlətləri ilə əməkdaşlığı inkişaf etdirmək əzmini nümayiş etdirdi.

Qeyd olunub ki, Macarıstanla Türk Şurasına üzv dövlətlər arasında əməkdaşlıq geniş spektr üzrə uğurla inkişaf etdirilir. Biz əminik ki, nümayəndəlik, bu əməkdaşlığı növbəti səviyyəyə yüksəltmək üçün bir mərkəz kimi xidmət göstərəcək, habelə Türk Şurasının Macarıstanla əlaqələrinin genişləndirilməsinə və Avropa təsisatları və Avropa İttifaqı ilə bağların möhkəmləndirilməsinə imkanlar yaradacaq. Macarıstanın Türk əməkdaşlıq təşkilatları ilə daha sıx münasibətlər qurmaq niyyətini təqdirəlayiq hal hesab edirik və bu niyyət özünü bugünkü gündə açıq şəkildə nümayiş etdirir.

“Məlum olduğu kimi, Türk Şurasının 7-ci Zirvəsi cari il oktyabrın 15-də Bakıda keçiriləcək və bu hadisəyə ev sahibliyi edəcəyimizdən xüsusi şərəf duyuruq. Biz bu toplantını Türk Şurasının təsis sənədi olan Naxçıvan Sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf etdiyi üçün xüsusi Zirvə görüşü hesab edirik. Özbəkistanın bu Zirvə görüşündə Türk Şurasının tamhüquqlu üzvü kimi təmsil olunması təşkilatın tarixində növbəti mühüm hadisədir. Biz, həmçinin Macarıstanın Baş Naziri Viktor Orbanı Azərbaycanda görməkdən məmnun olacağıq və bu Baş Nazirin Türk Şurasının zirvə görüşlərində ikinci iştirakı olacaq”,- deyə nazir vurğulayıb.

Elmar Məmmədyarov qeyd edib ki, Budapeştdə nümayəndəliyin açılması Türk Şurasının fəaliyyətinə müsbət təsir göstərəcək, təşkilatın gələcək inkişafına töhfə verəcək və üzv dövlətlər ilə Macarıstan arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün unikal fürsət təqdim edəcək.

 

DİGƏR Xəbərlər Arxiv