YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib

Sentyabrın 7-də Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib.

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu ilin dekabr ayında ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyini bildirib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası həmişə olduğu kimi bu seçki kampaniyasının da yüksək səviyyədə həyata keçirilməsi üçün lazımı işləri görməlidir. Bu müşavirə də bələdiyyə seçkilərinə  hazırlıq məsələlərinə həsr olunub.

YAP Sədrinin müavini qeyd edib ki, bələdiyyə seçkiləri ilə əlaqədar olaraq ölkədə siyasi canlanma müşahidə olunmaqdadır: “Müxalifətin ayrı-ayrı hissələri özlərinəməxsus şəkildə prosesə qoşulublar. YAP ölkədə mövcud siyasi proseslərin təhlil edilməsini də bələdiyyə seckilərinə hazırlıq məsələlərinin bir elementi kimi qəbul etməlidir. Təəssüflə qeyd etmək lazımdır ki, müxalifət bütövlükdə siyasi müxalifət üçün zəruri olan sosial bazanı təmin edə bilmədiyi üçün siyasi proseslərə  normal cəmiyyətlərə xas olan norma və dəyərlərdən fərqli məqamlar gətirməyə çalışır. Onların apardıqları siyasi kampaniya əslində siyasi müxalifət anlayışının mahiyyətinin  ciddi şəkildə tənəzzülü ilə müşayiət olunmaqdadır. Xüsusi qeyd olunmalıdır ki, müxalifətin müəyyən kəsiminin apardığı “siyasi kampaniya” mənəvi terror, yalan məlumatlar yaymaq, böhtan atmaq üzərində qurulub. İndi isə buraya yeni elementlər daxil edirlər. Bu da hədələmək, söymək və beləliklə də cəmiyyətimizin normal siyasi proseslərdən uzaqlaşmasına çalışmaqdır”.

Əli Əhmədov qeyd edib ki,  bu dairələr siyasi müxalifət anlayışını ciddi surətdə təhrif etmiş olurlar. Beləliklə də, onlar yenidən vaxtilə Azərbaycanda həyata keçirilmiş “hakimiyyətə arxa qapıdan gəlmək”  taktikasını tətbiq etmək istəyirlər. Bütün bunların hamısı siyasi proseslərdə xoşagəlməz proseslərin formalaşmasına rəvac verir. “Onlar siyasi proseslərdə normal dəyərlər əsasında iştirak etmək əvəzinə, qarşıdan gələn bələdiyyə və parlament seçkilərində iştirak əvəzinə çağırışlarını seçkilərdən imtina üzərində qurublar. Son zamanlar bizim müşahidə etdiyimiz məqam odur ki, bu müxalifət Azərbaycanın reallığının üzərinə kölgə salmaqla Ermənistanı təbliğ edirlər. Məqsəd isə  dövlətimizin beynəlxalq imicinə zərbə vurmaqdır. Bu da cəmiyyətimizdə ikrah doğurur”-deyən Əli Əhmədov bildirib ki, bu müxaliflərin xarici ölkələrin xüsusi xidmət orqanlarının təsiri altına düşməsi istisna deyil ki,  bu da təhlükəli haldır. Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti onların davranışlarını, fəaliyyətlərini qəti şəkildə pisləyir.

Müşavirədə daha sonra qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq məsələləri ilə bağlı partiyanın rayon və şəhər təşkilatlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.