YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq Antikorrupsiya Akademiyasının 3-cü Assambleyası Bakıda keçiriləcək

Avstriyanın Laxenburg şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının (İACA) növbəti Assambleyasının bu ilin 19-21 noyabrında Bakıda keçirilməsi nəzərdə tutulur.
Azərbaycanın Avstriyadakı səfirliyindən verilən məlumata görə, İACA 2010-cu ildə Avstriya hökuməti, BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi (UNODC) və Avropa İttifaqının Saxtakarlıq əleyhinə Təşkilatı (OLAF) tərəfindən təsis edilib. Akademiya korrupsiyaya qarşı mübarizə sahəsində dünyada beynəlxalq statuslu yeganə ali təhsil müəssisəsi olmaqla yanaşı, həmçinin beynəlxalq təşkilat statusuna da malikdir. Hazırda təşkilatın 59 üzvü var. Onlardan 56-sı BMT-yə üzv dövlətlər, 3-ü isə beynəlxalq təşkilatlardır. Azərbaycan 2012-ci ildən IACA-nın tamhüquqlu üzvüdür.
Bakıda keçiriləcək IACA Assambleyasında bir sıra ölkələrin yüksək səviyyəli dövlət rəsmilərinin, o cümlədən nazirlərin, parlament spikerlərinin, korrupsiyaya qarşı mübarizə komissiyaları sədrlərinin və digər vəzifəli şəxslərin iştirakı nəzərdə tutulur. Assambleya IACA-nın əsas qərarverici qurumudur.
Akademiyanın əsas fəaliyyəti korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış kadrlar hazırlanması və üzv dövlətlərə bu istiqamətdə texniki yardım göstərilməsidir. Akademiya 2012-ci ildə dünyada ilk dəfə olaraq korrupsiyaya qarşı mübarizə üzrə beynəlxalq magistr proqramına başlayıb. Bu ilin dekabrında proqramı başa vuran 27 məzun dünyada müvafiq sahə üzrə təhsil almış ilk mütəxəssislər olacaq. Qeyd edək ki, onların arasında Azərbaycan vətəndaşı da var.