YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Bakıda “Si Cinpin-in yeni dövr Çin səciyyəvi sosializm ideyası” mövzusunda konfrans keçirilib

İyulun 22-də Bakıda “Si Cinpin-in yeni dövr Çin səciyyəvi sosializm ideyası” mövzusunda konfrans keçirilib.

Konfransda  çıxış edən Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Dini Qurumlarla İşüzrə Dövlət Komitəsinin sədri  Mübariz Qurbanlı Azərbaycanla Çin arasında əlaqələrin inkişaf etdiyini bildirib.

M.Qurbanlı qeyd edib ki, Çin Azərbaycana tərəfdaş, dost ölkədir. Onun sözlərinə görə, Çin ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Bu əlaqələrin inkişafına dövlət başçılarının qarşılıqlı səfərləri, tərəflər arasında imzalanan sənədlər mühüm rol oynayır. 

YAP İcra katibinin müavini  bildirib ki, Çin Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir: “1990-cı illərin əvvəlindən Çin ilə Azərbaycan arasında diplomatik münasibətlər yaranıb. İki ölkə arasında qarşılıqlı səfərlər müxtəlif sənədlərin imzalanması ilə nəticələnib və həmin sənədlər əsasında iki ölkə arasında əməkdaşlıq güclənir. Çin ilə Azərbaycan strateji tərəfdaşdırlar. Eyni zamanda, Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Çin Azərbaycanın ədalətli mövqeyini həmişə dəstəkləyib və bu mövqe dəyişməz qalıb”.

O, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası, eləcə də, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib. M.Qurbanlı  Azərbaycan ilə Çin arasındakı dostluq əlaqələrinin əhəmiyyətini vurğulayaraq, ortaq iqtisadi maraqlar, hər iki ölkənin tarixi İpək Yolunun bərpasındakı rolu və digər bu kimi amillərin əməkdaşlığın inkişafına zəmin yaratdığını qeyd edib. O, Çinin müəllifi olduğu “Bir kəmər, bir yol” layihəsinin də dünyanın marağında olduğunu söyləyib.

 

Çıxış edən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri  Sunq Tao bildirib ki, Çinlə Azərbaycanın əlaqələri yüksək səviyyədədir. Bu da, xalqlar arasında münasibətlərə müsbət təsir göstərir.

S.Tao qeyd edib ki, Çin əvvəlki dövrlərdən fərqli olaraq yoxsulluq problemini həll edib: “Ötən 70 il ərzində Çin böyük inkişaf yolu keçib. Çində bir çox sahələr, o cümlədən maşınqayırma, sənaye sahəsi inkişaf edib. Çin beynəlxalq aləmdə nüfuzlu ölkəyə çevrilib”. O, Çin Kommunist Partiyasının Yeni Azərbaycan Partiyası ilə əlaqələrin daha da genişləndirilməsinə maraqlı olduğunu bildirib.

 

Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışında  iki ölkə arasındakı əməkdaşlıq mühitindən danışıb. Onun sözlərinə görə, Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” layihəsi böyük kommunikasiya, siyasi, iqtisadi, mədəni, ən əsası inqilabi bir layihədir.

 

H.Babaoğlu  qeyd edib ki, Azərbaycan bu layihənin həyata keçirilməsini dəstəkləyən ilk dövlətlərdən biridir.  “Çindən Avropaya gedən yolda Ələt limanı vacib rol oynayacaq. Bu yaxınlarda Azərbaycana səfər edən Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Ələt limanın əhəmiyyətini vurğulayıb”-deyən, millət vəkili söyləyib ki, Azərbaycanla Çin arasında münasibətlərin inkişafı hər iki ölkənin maraqlarına cavab verir.

Çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı və YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov da Azərbaycan-Çin əlaqələrinin əhəmiyyətindən danışıblar.