YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Latviyada Respublika Günü qeyd olunub

Ölkəmizin Latviyadakı səfirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü və diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibətilə rəsmi qəbul təşkil olunub.

Riqa şəhərinin mərkəzində yerləşən və XIV əsrə aid tarixi “Qarabaşlar Evi”ndə keçirilmiş qəbulda Latviya Respublikası Prezidentinin müşavirləri, parlamentin, Xarici İşlər Nazirliyinin və digər dövlət və hökumət orqanlarının rəsmiləri, keçmiş prezident Valdis Zatlers, diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri, ali tədris ocaqlarının rektor və prorektorları, ictimai-siyasi xadimlər, tarixçilər, KİV, ölkəmizin və yerli iş adamları, xarici icmaların nümayəndələri və azərbaycanlı tələbələr iştirak ediblər.

Latviya və Azərbaycanın dövlət himnlərinin səslənməsi ilə başlayan qəbulda çıxış edən səfir Cavanşir Axundov Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin qədim və zəngin tarixindəki yeri və rolu barədə danışıb.

Səfir xalqımızın XIX əsrin sonları - XX əsrin əvvəllərində Azərbaycanda yaşanan mədəni inqilab və milli məfkurənin təşəkkülü altında milli dövlətçilik və tərəqqi ideyaları ətrafında sıx birləşməsi nəticəsində qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində yaradılmış ilk parlament respublikası olduğunu, mövcudluğu dövründə keçdiyi çətin tarixi yol və yürütdüyü sülhsevər siyasət barədə məlumat verib. Həmin dövrdə dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün millətlər və siyasi partiyaların nümayəndələrinin dövlət və hökumət orqanlarında bərabər formada təmsil olunduğunu qeyd edib.

Cəmi 23 yaşayan AXC-nin mövcudluğu dövründə siyasi-iqtisadi islahatlar həyata keçirdiyini, demokratik təsisatlar yaratdığını, qadınlara seçkilərdə iştirak və dövlət, hökumət orqanlarında təmsil olunma hüququnun verildiyini vurğulayan səfir ölkəmizin öz müstəqilliyinə 1991-ci ildə yenidən qovuşduğu, lakin müstəqilliyin ilk illərində siyasi və iqtisadi tənəzzül yaşandığı, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış əzəli torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi və həmin ərazilərdə etnik təmizləmə siyasəti apardığı barədə məlumat verib. Ümummilli lider Heydər Əliyevin xalqın çağırışı ilə Azərbaycana qayıdışından sonra mövcud ağır siyasi-iqtisadi böhran və müharibə şəraitində olan ölkəmizdə aparılmış geniş siyasi, iqtisadi və demokratik islahatlar nəticəsində sabitliyin, milli birliyin və həmrəyliyin bərqərar edildiyini diqqətə çatdıran C.Axundov, aparılan müstəqil daxili və xarici siyasət barədə də danışıb.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən iqtisadi layihələr və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr barədə tədbir iştirakçılarını məlumatlandıran C.Axundov Azərbaycan-Latviya münasibətlərindən də söhbət açıb. Səfir iki ölkə arasında siyasi, iqtisadi, humanitar, mədəniyyət və digər sahələrdə münasibətlərin uğurlu inkişaf yoluna qədəm qoyduğunu ifadə edərək dövlət başçıları, parlament, hökumət və digər dövlət qurumları arasında sıx əməkdaşlığın və qarşılıqlı səfərlərin həyata keçirildiyini qeyd edib.

C.Axundov 2017-ci ildə Prezident İlham Əliyevin Latviya Respublikasına səfəri zamanı iki ölkə arasında nəqliyyat, tikinti və təhsil sahələrində əməkdaşlığa dair sazişlər ilə yanaşı, “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”nin imzalanmasının ikitərəfli əlaqələrimizin strateji əhəmiyyətini nümayiş etdirdiyini vurğulayıb. Həmçinin, Latviyada Azərbaycan Ticarət Evinin açılması ilə regional bazarlara çıxış imkanları baxımından əlverişli strateji bölgələrdə yerləşən ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrinin təşviqi üçün yeni imkanlar açıldığını nəzərə çatdırıb.

Sonda, Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının qurulması barədə danışan səfir dövlətimizin yürütdüyü müstəqil xarici siyasət barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə, həmçinin Əməkdar incəsənət xadimi, tarzən Şəhriyar İmanov və Şükür Əliyev konsert proqramı ilə çıxış ediblər. Konsert əsnasında Azərbaycan musiqi alətlərinin şahı – tar haqqında məlumat da verilib.

Zalda Azərbaycan guşəsi qurulmuş, milli-mədəni dəyərlərimizi əks etdirən suvenirlər, kitab, jurnal və broşürlər tədbir iştirakçılarına paylanıb.

Qonaqlar milli mətbəximizin ən ləziz təamlarından dadıblar.