YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin üzvləri Milli Məclisdə olublar

Mayın 24-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Milli Məclisdə olublar.

Əvvəlcə gənclər Milli Məclisin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini yad ediblər.

Sonra YAP Gənclər Birliyinin üzvləri parlamentin iclas zalı ilə tanış olublar. YAP İcra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov gəncləri salamlayıb, onların Azərbaycan parlamentinin fəaliyyəti ilə tanış olmalarının əhəmiyyətini vurğulayıb. Sonra Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev parlamentin fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, parlamentin binası hələ sovetlər dönəmində Ulu Öndər Heydər Əliyevi təşəbbüsü ilə tikilərək istifadəyə verilib. Azərbaycan parlamentinin keçdiyi yolun əhəmiyyətindən danışan S.Mirzəyev qeyd edib ki, Milli Məclis 125 deputatdan ibarətdir. S.Mirzəyev deyib ki, 1995-ci ildən indiyə kimi parlament 2000-dən çox qanun və qərar qəbul edib.

Daha sonra YAP Gənclər Birliyinin üzvləri parlamentdə “Heydər Əliyev” xatirə zalı ilə tanış olublar.

Sonra “Azərbaycan parlamentarizm tarixi: dünəni və bu günü” mövzusunda dəyirmi masa öz işinə başlayıb. YAP İcra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov mövzunun aktuallığını qeyd edib. Bildirib ki, gənclərimiz xalqımızın tarixini, o cümlədən, parlamentin tarixini dərindən öyrənməlidir: “Bu baxımdan, belə bir dəyirmi masanın keçirilməsi əhəmiyyətlidir. Bir neçə gündən sonra mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü qeyd olunacaq. Bu münasibətlə YAP Gənclər Birliyi üzvlərinin Milli Məclislə tanışlığı  Azərbaycanın siyasətini, qanunvericiliyini, iqtisadiyyatını daha dərindən öyrənilməsinə yaxşı imkan yaradıb”.

 

Milli Məclis sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova çıxış edərək bildirib ki, 28 May Respublika Günü tariximizdə mühüm yer tutur. B.Muradova cümhuriyyət irsinin öyrənilməsinin, bundan ibrət dərsi götürməli olduğumuzu deyib. O qeyd edib ki, bu gün biz Azərbaycan Xalq Cümhuriyyəti qurucularını böyük hörmətlə yad edirik və yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq. Cümhuriyyət qurucuları mühacirətdə olduqları dövrdə də Azərbaycanın bir zaman müstəqillik qazanacağına inamlarını itirməyiblər. Bu insanların irsini qorumaqla yanaşı, müasir Azərbaycan dövlətini də qorumalıyıq.

Milli Məclis sədrinin müavini deyib ki, Ermənistan daim Azərbaycan ərazilərini ələ keçirməyə çalışıb: “Ermənilər həm Cümhuriyyət dövründə, həm də sonralar Azərbaycan ərazilərinə iddia ilə çıxış ediblər. O zaman Milli Şuranın İrəvanı Ermənistana paytaxt kimi verilməsi barədə qərarının ağrı-acılarını bu gün də hiss edirik. İrəvanın Milli Şura tərəfindən hansı şərtlər daxilində Ermənistana verilməsi məlumdur. Qərarda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarla çıxış etməyəcəyi, oradakı azərbaycanlıların yaşayışına müdaxilə etməyəcəyi ilə bağlı şərtlər əksini tapmışdı. Milli Şuranın əsas xidməti İstiqlal Bəyannaməsini qəbul etmək, müdafiə qabiliyyətini möhkəmləndirmək, Bakını işğaldan azad etmək olub. Bakı ermənilərin işğalından qurtularaq Azərbaycanın paytaxtına çevrilib”.

Azərbaycan parlamentinin 1918-ci ildə fəaliyyətə başlamasını deyən B.Muradova qeyd edib ki, parlament fəaliyyət göstərdiyi müddət ərzində vacib qanun və qərarlar qəbul edib, o dövrdən indiyədək şərəfli yol keçib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər cümhuriyyət qurucuları yaşasaydılar, bugünkü müstəqil Azərbaycanla qürur duyardılar.

Vitse-spiker deyib ki, 1993-cü ildə Azərbaycan müstəqilliyini itirmə təhlükəsi ilə qarşı-qarşıya idi, o dövrdə hakimiyyətin xalqın maraqlarına uyğun gəlməyən fəaliyyəti ölkəni çox çətin vəziyyətə salmışdı: “Ulu öndər Heydər Əliyevin xalq tərəfindən Bakıya çağrılması düzgün qərar idi. Həmin qərarı o dövrün şərtləri diqtə edirdi. Ulu Öndər Heydər Əliyev o zaman xalqın səsinə səs verdi, Azərbaycanı düşdüyü çətin vəziyyətdən, müstəqilliyin itirilməsi təhlükəsindən xilas etdi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada böyük nüfuz sahibidir. Biz parlament olaraq beynəlxalq qruplar vasitəsilə beynəlxalq əlaqələrin qurulmasında iştirak edirik, parlamentimizdə çoxlu sayda dostluq qrupları faəliyyət göstərir. Bu gün Azərbaycan dünya dövlətləri içərisində sayılıb-seçilən ölkədir, parlamentimiz dünya parlament ailəsinin üzvüdür”.

Sonra tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.

Bundan sonra “Azərbaycanda enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov mövzunun aktual olduğunu, gənclər üçün böyük maraq kəsb etdiyini bildirib.

Azərbaycanda enerji təhlükəsizliyi mövzusunda çıxış edən Milli Məclisin sədr müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası haqqında ətraflı məlumat verib. O, Azərbaycanın zəngin neft ehtiyatarına sahib olduğunu deyərək 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra xalqımız öz təbii sərvətlərinə sahib çıxdı.

Vitse-spikerin sözlərinə görə, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması müstəqil Azərbaycanın tarixində çox mühüm hadisədir. Onun sözlərinə görə, bu müqavilənin imzalanması Heydər Əliyevin siyasi iradəsinin gücü, Ona beynəlxalq miqyasda olan etimad və şəxsi nüfuzu sayəsinda reallaşıb. V.Ələsgərov qeyd edib ki, “Əsrin müqaviləsi” Azərbaycan üçün əlverişli şərtlərlə imzalanıb, sənəddə milli maraqlarımız tam qorunur. “Əsrin müqaviləsi” Azərbaycanın hərtərəfli inkişafında mühüm rol oynayır.

Bu gün Azərbaycanın nəinki özünün, bütövlükdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını deyən vitse-spiker Prezident İlham Əliyevin Ulu Öndərin müəllifi olduğu neft strategiyasını uğurla davam etdirdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırda hazırda qlobal enerji layihələrini həyata keçiriən dövlətdir. Bu gün Azərbaycan 7 neft və qaz kəməri ilə dünya bazarına çıxır. “Bu gün Azərbaycan dünyada neft və qaz ixrac edən ölkə ilə yanaşı tranzit ölkə kimi də tanınır. Azərbaycan həmçinin bu baxımdan qonşu dövlətlər üçün yeni imkanlar yaradır”deyən, V. Ələsgərov əlavə edib ki, Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin edib. Onun sözlərinə görə, hazırda Azərbaycanın həyata keçirdiyi enerji layihələri, Şahdəniz qazının dünya bazarına çıxarılması üçün imzalanan sazişlər XXI əsrin müqavilələridir. “Bu baxımdan, TAP, TANAP və digər layihələr beynəlxalq əhəmiyyətli layihələrdir. Azərbaycan ərazi baxımdan kiçik dövlət olsa da, bu qlobal layihələrin reallaşdırılması üçün böyük siyasi iradə, milli həmrəylik var. Təbii ki, iqtidarla xalqın həmrəyliyi olmasaydı bu layihələri realaşdırmaq mümkün olmazdı. Amma ölkəmizdə bu birliyin mövcudluğu Azərbaycanın gücünü şərtləndirir. Həyata keçirilən layihələr Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da artırır”-deyə, V.Ələsgərov vurğulayıb.

Tədbirdə çıxış edən gənclər dövlətimizin enerji siyasəti, neft strategiyası haqqında fikirlərini bildiriblər.

YAP Gənclər Birliyinin üzvlərinin iştirakı ilə Milli Məclisdə növbəti dəyirmi masa “Azərbaycanda təhlükəsizlik sistemi.Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları” mövzusunda olub. Tədbiri açan YAP İcra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Ermənistanın işğalçı siyasəti nəticəsində Dağlıq Qarabağ münaqişəsi yaranıb. Onun sözlərin görə, bu gün Azərbaycan dövləti münaqişənin həlli ilə bağlı prinsipial mövqe nümayiş etdirir.

Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov münaqişənin yaranma tarixi və səbəbləri haqqında fikirlərini bildirib. Tarixən ermənilərin Azərbaycana qarşı ərazi iddialarının olduğunu deyən Z.Əsgərov söyləyib ki, əslində ermənilər Qafqazın aborigen xalqı deyil, gəlmədirlər. Birinci vitse-spiker qeyd edib ki, ermənilərin Azərbaycana qarşı ərazi iddialarının heç bir əsası yoxdur. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də hüquqi cəhətdən Azərbaycana məxsusdur.

“Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmayıb. Bunun əsas səbəbi beynəlxalq hüquq normalarının işğalçı Ermənistana qarşı tətbiq edilməməsidir” - deyən Z.Əsgərov bildirib ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamədə Azərbaycanın ərazi bütövlüyü tanınır, erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunur. Eləcə də, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq qurumların sənədlərində Azərbaycanın ərazi bütövlüyü tanınır.

“Belə olan təqdirdə, münaqişə niyə həll olunmur? Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının əsas səbəbi Azərbaycana qarşı ikili standartların tətbiq olunmasıdır. Bu gün dünyada beynəlxalq hüquq işləmir. Güc kimdədirsə, beynəlxalq hüquq onun tərəfindədir. İşğalçı Ermənistanın havadarları münaqişənin həllinə imkan vermir. Onlar deyirlər ki, münaqişə sülh yolu ilə həll olunmalıdır. Biz də sülh tərəfdarıyıq. Amma niyə onlar Ermənistanın işğalçı olduğunu demirlər? Bu qədər ədalətsizlik olmaz. Ona görə də, Azərbaycan güclənir və bundan sonra da güclənəcək. Prezidentimizin mövqeyi bundan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti ola bilməz”-deyə, birinci vitse-spiker vurğulayıb.

Z.Əsgərov münaqişənin həlli ilə bağlı danışıqlar prosesi, Azərbaycan ordusunun gücləndrilməsi, ölkəmizin təhlükəsizlik sistemi haqqında geniş məlumat verib.

Sonra tədbirdə iştirak edən gənclərin sualları cavablandırılıb.