YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi vasitəsilə gender əsaslı bələdiyyələrin təşviqi" layihəsi çərçivəsində dəyirmi masa keçirilib

Mayın 22-də Bakıda "Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi vasitəsilə gender əsaslı bələdiyyələrin təşviqi" layihəsi çərçivəsində dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədr müavini Sədaqət Qəhrəmanova layihənin əhəmiyyətindən danışıb. Bildirilib ki, layihənin əsas məqsədi effektiv və genderyönümlü yerli özünüidarəetmənin təşkili və bələdiyyə idarəçiliyində qadınların rolunun gücləndirilməsidir. Layihə Bakı, Abşeron, Ağdam, Bərdə, Goranboy, Tərtər, Tovuz, Ağstafa və Qazax olmaqla 9 regionda icra olunacaq. Tədbirlərinin həyata keçirilməsi istiqamətində AQUPDK, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Bələdiyyələrin Milli Assosiasiyaları, yerli icmalar və QHT-lər, hədəf regionların bələdiyyələri, bələdiyyə seçkilərində iştirak edəcək siyasi partiyalar və könüllülərlə əməkdaşlıq ediləcək.

Sədaqət Qəhrəmanova əmin olduğunu bildirib ki, Azərbaycan qadınları müqəddəs ailə dəyərlərimizin toxunulmazlığının keşiyində dayanmaqla bərabər, gənc nəslin doğma yurdumuza və milli ideallarımıza bağlı ruhda tərbiyəsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, ictimai-mənəvi mühitimizin davamlı zənginləşməsinə yeni-yeni töhfələr verəcəklər.

"Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi vasitəsilə gender əsaslı bələdiyyələrin təşviqi" layihəsinin əhəmiyyətindən danışan YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva layihə nəticəsində qadınların siyasi, iqtisadi və ictimai həyatda qərarların qəbul edilməsində tam və effektiv iştirakına nail olunacağına əminliyini ifadə edib. Eyni zamanda, bu layihənin bərabər imkanların təmin olunması barədə ictimaiyyətin məlumatlandırılmasına, 2019-cu il bələdiyyə seçkilərində qadın namizədlərin sayının artırılmasına və onların bacarıqlarının inkişaf etdirilməsinə imkan yaradacağını diqqətə çatdırıb.

Nurlana Əliyeva Azərbaycan qadınlarının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatımızdakı rolunu yüksək dəyərləndirib. Bildirib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xanımları maarifpərvər sələflərinin ənənələrini şərəf və ehtiramla davam etdirirlər.

Digər çıxış edənlər bildiriblər ki, Azərbaycan qadını iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə cəmiyyətimizin həyatında həmişə nümunə göstərib. Əsrlərboyu qadınlarımız milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılması, övladlarımızın milli ruhda tərbiyəsi kimi şərəfli bir işi öz üzərlərinə götürərək, öhdəsindən layiqincə gəliblər.