Xəbərlər
Belçikanın “Audi Club Team WRT” komandası “Baku World Challenge”in qalibidir
Azərbaycanda keçirilən “Blancpain Sprint” seriyasından “Baku World Challenge” avtomobil yarışlarının qalibi Belçikanın “Audi Club Team WRT” komandası olub. Komandaya bu uğuru pilotlar Sezar Ramos və Laurens Vanthur qazandırıblar.
Böyük Britaniyanın “Beechdean AMR” komandası (pilotlar Conni Adam, Endi Soucek) ikinci, Almaniyanın “Phoenix Racing” kollektivi isə (Niki Mayr-Melnhof və Markus Vinkelhick) üçüncü yerə çıxıb.
Yarışda 15 beynəlxalq komanda 30 avtomobillə mübarizə aparıb. Avtoralli Xəzər dənizi boyunca uzanan və Dövlət Bayrağı Meydanının ətrafında dövrə yaradan, yeni təmir olunan 4 kilometrlik dairə üzrə keçirilib. Pilotlar yarışda “BMW Z4”, “Audi R8LMS Ultra”, “Mercedes SLS AMG GT3”, “McLaren MP4-12C”, “Lamborghini LFII”, “Porsche 997 GT3”, “Aston Martin Vantage GT3” və “Corvette Z06 G” avtomobillərini idarə ediblər.
Yarış başa çatdıqdan sonra “Formula-1” və drift maşınlarının nümunəvi çıxışı təqdim olunub. Çıxış paytaxt sakinləri tərəfindən yüksək coşğu ilə qarşılaınb.
Qalib komanda 100 min avro qazanıb. İkinci yerin sahibinə 50 min, üçüncü pillədə qərarlaşan komandaya isə 25 min avro pul mükafatı təqdim edilib.
“Baku World Challenge” dünyanın 175-dək ölkəsinin televiziya kanalında canlı nümayiş olunub.
Xatırladaq ki, ötən il təşkil olunan yarışda da Belçikanın “Audi Club Team WRT” komandasının pilotu Laurens Vantur “Audi R8” avtomobili ilə qalib gəlmişdi.