YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin sədri Oqtay Əsədov Romada yüksək səviyyəli rəsmi görüşlər keçirib

Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti İtaliyada səfərdədir.

Nümayəndə heyətinin tərkibinə İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Azər Kərimli, deputatlardan Ülviyyə Ağayeva, Vahid Əhmədov, Elşad Həsənov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Səfər çərçivəsində nümayəndə heyəti İtaliya Senatının və Deputatlar Palatasının rəhbərliyi və Azərbaycan-İtaliya Dostluq Qrupunun təmsilçiləri ilə görüşüb.

Əvvəlcə Oqtay Əsədov İtaliya Respublikası Senatının yerləşdiyi Palazzo Madama sarayında ölkə parlamentinin qanunvericilik fəaliyyəti ilə yaxından tanış olub.

Sonra Milli Məclisin sədri İtaliya Respublikası Senatının sədri xanım Maria Elizabetta Alberti Kasellati ilə görüşüb.

Oqtay Əsədov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu yaxınlarda İtaliyaya rəsmi səfərinin önəmini vurğulayaraq, səfər çərçivəsində Romadakı Custiniani sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinə dair konfransın keçirildiyini xatırladıb, səfəri iki ölkə arasında qarışlıqlı hörmətin bariz nümunəsi kimi qiymətləndirib.

İtaliya-Azərbaycan əlaqələrinin möhkəm hüquqi baza üzərində qurulduğunu deyən Oqtay Əsədov diqqətə çatdırıb ki, ölkələrimiz arasında bu günədək 44 ikitərəfli sənəd imzalanıb. Bu sənədlərin ən önəmlilərindən biri “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamədir.

İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu bildirən parlamentin sədri deyib ki, TANAP, TAP, “Cənub Qaz Dəhlizi” layihələri əlaqələrimizin daha da inkişaf edəcəyinə inamı artırır. Hazırda Azərbaycanda 50-dək italyan şirkəti fəaliyyət göstərir, bu şirkətlərin sayı getdikcə çoxalacaq.

Oqtay Əsədov qeyd edib ki, ölkələrimiz arasında mədəni, humanitar əlaqələr də inkişaf edir. Heydər Əliyev Fondu iki ölkə arasında siyasi, mədəni əlaqələrin möhkəmlənməsində böyük rol oynayır.

Sədr Azərbaycan-İtaliya parlamentlərarası əlaqələrinin yaxşı səviyyədə olduğunu vurğulayıb, dostluq qruplarının işini yüksək qiymətləndirib.

Görüşdə Milli Məclisin sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də danışıb. Bildirib ki, 2010-cu ildə İtaliya Senatının Cənubi Qafqazda vəziyyət haqqında qətnaməsi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi bizim üçün çox əhəmiyyətlidir. O, İtaliya Senatının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına gələcəkdə də öz dəstəyini verəcəyinə inamını ifadə edib.

Xanım Maria Elisabetta Alberti Kasellati Azərbaycan ilə İtaliya arasında müxtəlif istiqamətlər üzrə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə yaxşı əlaqələrin qurulduğunu, əməkdaşlığımızın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib.

Senatın sədri Heydər Əliyev Fondunun İtaliyada mədəni və humanitar sahələrdə, o cümlədən tarixi abidələrin bərpası ilə bağlı həyata keçirdiyi layihələrin ölkəsində yüksək dəyərləndirildiyini deyib, humanitar əlaqələrin daha da genişləndirilməsinin önəmini vurğulayıb.

Maria Elisabetta Alberti Kasellati İtaliya şirkətlərinin Azərbaycanda bir sıra iqtisadi layihələrdə uğurla iştirak etdiyini söyləyib. Senatın sədri bildirib ki, İtaliya şirkətləri Azərbaycanda nəqliyyat, kənd təsərrüfatı, müdafiə sənayesi, infrastruktur və digər sahələrdə fəaliyyət göstərməkdə maraqlıdır.

Azərbaycanın Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirən Senatın sədri deyib ki, Cənub Qaz Dəhlizi gələcəkdə ölkələrimizin iqtisadi əməkdaşlığının daha da genişlənməsinə xidmət edir.