YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Paestumda Azərbaycanda arxeoloji tədqiqatlar və onların inteqrasiyasına dair müzakirələr aparılıb

Oktyabrın 30-da İtaliyanın Paestum şəhərində “XVII Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası” çərçivəsində Azərbaycanda arxeoloji tədqiqatlar və onların inteqrasiyasına həsr olunan konfrans keçirilib.

Tədbirin moderatoru, “Romualdo Del Bianko” Fondunun prezidenti Paolo Del Bianko çıxış edərək yarmarkanın hər il keçirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, tədbirin əsas məqsədi müxtəlif mədəniyyətlərin nümayəndələrini bir araya gətirərək mədəniyyətlərarası dialoqu təbliğ etməkdir.

Ölkəmizə səfərini xatırladan P.D.Bianko Azərbaycanda müşahidə olunan dinamik inkişafı yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycanın qısa zamanda əldə etdiyi uğurlar təqdirəlayiqdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova bildirib ki, hər bir xalqın qədim tarixinin, etnogenezinin öyrənilməsində ən etibarlı mənbə məhz arxeoloji abidələrdir. Qədim Azərbaycan xalqının öyrənilməsində arxeoloji abidələrin tədqiq olunması böyük əhəmiyyət kəsb edir. Azərbaycanda arxeoloji abidələrin, maddi mədəni irsin araşdırılmasına böyük diqqət və qayğı göstərən Prezident İlham Əliyevin arxeoloji qazıntılar aparılan bölgələrə səfərləri və dəyərli tövsiyələr verməsi tədqiqatların səmərəliliyini daha da artırır. Ölkəmizdə aparılan geniş arxeoloji qazıntı işləri nəticəsində Azərbaycanın qədim tarixinə aid yüzlərlə abidələr və minlərlə maddi mədəniyyət nümunələri aşkar edilib. Azərbaycandakı arxeoloji tədqiqatlar barədə məlumat verən M.Rəhimova diqqətə çatdırıb ki, ölkəmizdə arxeologiya və etnoqrafiya elmləri sürətlə inkişaf edir.

Tədbirdə Azərbaycan Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov “Azərbaycanın mətbəx ənənələri arxeoloji tədqiqatlarda”, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlili və Milan Politexnik İnstitutunun professoru Luici Skrinzi “Azərbaycanda arxeoloji turizm və onun inkişaf perspektivləri”, Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Məlahət Fərəcova “Azərbaycanın arxeoloji irsi ümumdünya irsində” mövzularında məruzələrlə çıxış ediblər.

 

DİGƏR Xəbərlər Arxiv