YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Xətai rayon təşkilatı ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunan tədbir keçirib

YAP Xətai rayon təşkilatı müasir müstəqil Azərbaycan dövlətinin qurucusu,  ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunan tədbir keçirib.

Tədbir iştirakçıları öncə ümummilli liderin təşkilatın foyesindəki büstü önünə qızıl gül dəstələri düzdülər, xatirəsini ehtiramla yad etdilər.

Sonra  akt zalında davam edən tədbiri giriş sözü ilə açan  YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov bildirdi ki,  dahi şəxsiyyət    Heydər Əliyevin doğum gününün böyük sevinc hissi ilə qeyd olunması ölkəmizdə bir ənənəyə çevrilib.  Ümummilli Liderin  doğum gününün belə əhval-ruhiyyə ilə qeyd olunması ümumilikdə xalqımızın dövlətə, dövlətçiliyimizə hörmət və ehtiramının bariz ifadələrindən biridir. Bununla  Azərbaycan xalqı ölkəmizin həyatında və tarixində müstəsna xidmətlər göstərmiş Ümummilli Liderimizin rolunu,  uğurlu tarixi missiyasını dəyərləndirir, ona hörmət və ehtiramını bildirir.

YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə  ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyinin   hər birimizin həyatında önəmini xüsusi vurğuladı. Bildirdi ki, bu illər Azərbaycanın  tarixinə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının  qürur duya biləcəyi uğurları yazıb. O uğurları ki, bu gün  ölkəmiz  həmin  təməl üzərində daha da möhkəmlənir, qüdrətlənir, yeni-yeni hədəflərə doğru inamla addımlayır.

«Ulu öndər Heydər Əliyevin bütövlükdə həyatı, fəaliyyəti, ideyaları bir məktəbdir. Bu məktəb bu gün də davam edir, Azərbaycanın davamlı inkişafına xidmət göstərir» söyləyən Heydər Əliyev adına liseyin direktoru Sevinc  Orucova bildirdi ki,  Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi tənəzzüldən xilas edib inkişaf, tərəqqi yoluna çıxaran ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından saatlarla, günlərlə danışmaq olar. Vətəninə, xalqına  bağlı olan Heydər Əliyevin bütün soydaşlarımızı bir amal- azərbaycançılıq ideyası ətrafında sıx birliyə çağırışı bu gün  hər birimizin fəaliyyətinin əsasını təşkil edir. 

Milli Məclisin  Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov  bildirdi ki,  illər keçdikcə, yeni ab-hava formalaşdıqca,  biri-birindən əhəmiyyətli işlər görüldükcə daha dərindən dərk olunur ki, bu uğurların  təməlində  dahi şəxsiyyət Heydər Əliyevin düşünülmüş siyasəti dayanır. Son 15 ildə bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev  Heydər Əliyev fəlsəfəsinin, Azərbaycanı inkişafa aparan strategiyanın düsturunu dünyaya təqdim edir.  Ölkəmizin iqtisadi uğurları davamlıdır. Daxili siyasətimizin davamı kimi dəyərləndirilən xarici siyasət uğurlarımızın miqyası genişdir. Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi  müstəqillik tarixində  uğurlarımızın, ən əsası haqqa, ədalətə söykənən mövqeyimizə verilən dəyərin göstəricisidir.

Çıxışlarda vurğulandı ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin, xalqının qarşısındakı xidmətlərinin miqyası genişdir, arxada qalan hər il bu xidmətlərdə yeni-yeni məqamların açıqlanmasına yardımçı olur. Məhz bu fonda dahi şəxsiyyət Heydər Əliyevin bu fikri  daim xatırlanır: «Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”

Tədbirdə YAP sıralarına  yeni daxil olanlara partiyanın üzvlük vəsiqəsi təqdim olundu.

Sonda dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirildi. Filmdə də qeyd olunduğu kimi,  nə qədər ki  müstəqil Azərbaycan dövləti var, Heydər Əliyev  ürəklərdə yaşayaycaqdır.