YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Biz daha güclü, daha təsirli olmalıyıq

“Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir, əsrlər boyu azərbaycanlılar bu bölgədə yaşayıblar. Ermənistanın dəstəklədiyi təcavüzkar separatizm bu vəziyyəti yaratdı. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizi iyirmi ildən çoxdur ki, Ermənistanın işğalı altındadır.”  Bu fikirləri oktyabrın 29-da Bakıda Gənclər siyasəti üzrə birinci qlobal forumun rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev söyləyib.

Prezident İlham Əliyev bildirib ki, bu gün Ermənistandakı diktatorluq, kriminal rejim beynəlxalq və regional təhlükəsizliyə və sabitliyə ən böyük təhlükədir. Bütün beynəlxalq təşkilatlar mövqeyimizi dəstəkləyir. BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr kağız üzərində qalır və iyirmi ildən çoxdur ki, icra olunmur. ATƏT eyni qərarları qəbul edib. Avropa Parlamenti, Avropa Şurasının Parlament Assamblyeası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digərləri belə qərarlar qəbul ediblər. Onlar mövqeyimizi və Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. Dünyanın bütün ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Lakin münaqişə hələ ki, praktiki baxımdan həll olunmayıb. Onun həlli beynəlxalq təşkilatların, xüsusən də BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə əsaslanmalıdır. Çünki BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir. Görürük ki, bəzi hallarda onlar bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə onlar iyirmi ildən çoxdur kağız üzərində qalır.

Prezident İlham Əliyev: “Biz daha güclü, daha təsirli olmalıyıq və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, Azərbaycanın ərazi bütövlüyünə əsaslanaraq həllinə nail olmaq üçün ürəkdən çalışmalıyıq. Əminəm ki, o gün gələcək və biz öz doğma torpaqlarımıza - Dağlıq Qarabağa, eləcə də işğal olunmuş digər ərazilərə qayıdacağıq.” –deyə, qeyd edib.

DİGƏR xəbərlər Arxiv