YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Beynəlxalq birlik Ermənistan müdafiə nazirinin bəyanatına münasibət bildirməlidir

“David Tonoyanın fikirləri qəbuledilməzdir və beynəlxalq birlik Ermənistanın müdafiə nazirinin bu mövqeyinə münasibət bildirməlidir. D.Tonoyan açıq şəkildə öz dövlətinin işğalçı olduğunu etiraf etmiş olur. Erməni nazirin "sülh üçün ərazi" formulunun "yeni müharibə - yeni ərazilər" formuluna çevrilə biləcəyi fikrini başqa cür qiymətləndirmək mümkün deyil”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı mövqeyini ifadə edib. Ermənistan anlamalıdır ki, hazırda  Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer alır və beynəlxalq hüququn ona verdiyi özünümüdafiə haqqı ilə Azərbaycan işğal edilmiş torpaqlarını qısa müddətdə azad etmək iqtidarındadır.

“Azərbaycan Ermənistan kimi digər dövlətlərin ərazilərinə iddialarla çıxış etmir və ərazilər zəbt etmək fikrində deyil. Azərbaycanın tələbi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, onun beynəlxalq tanınmış ərazilərindən işğalçı Ermənistan qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxmasıdır. Əgər erməni tərəfi yenə torpaqlarımızı işğal etməyə cəhd edərsə, layiqli cavabını alacaq. 2016-cı ilin aprel döyüşləri bu reallığı təsdiqləyir. Məlumdur ki, aprel döyüşləri zamanı ordumuz düşmənin müdafiə xəttini cəmi 18 dəqiqəyə yardı. Bu isə ordumuzun gücünün əyani sübutu, Ermənistanın isə öz ordusu haqda yaratdığı mifin iflası oldu. Ona görə də, erməni ordusu Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməz. Digər tərəfdən, Ermənistanın hakimiyyət nümayəndələrinin münaqişənin həlli ilə bağlı fərqli, ziddiyyətli fikirlər səsləndirməsi işğalçı ölkənin yeni iqtidarının qeyri peşakarlığını göstərir. Eyni zamanda, bu fakt hakimiyyət daxilində siyasi qarşıdurmanın da göstəricisi ola bilər”-deyə, S.Fətəliyeva vurğulayıb.