YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mirzəcan Xəlilov: Güclü ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib

“Azərbaycanda güclü ordu quruculuğunun, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsinin, həmçinin şəxsi heyətin peşəkarlığının yüksəldilməsinin, əsgər və zabitlərin xidmət, məişət şəraitinin yaxşılaşdırılmasının davamlı olaraq diqqət mərkəzində saxlanılması, bu kimi məqsədlər üçün ayrılan vəsaitin həcminin getdikcə artırılması heç də təsadüfi deyil. Məlumdur ki, ölkəmiz müstəqilliyinin ilk illərindən Ermənistanın işğalçılıq siyasətinə məruz qalıb”. Bu fikirləri Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib.

M.Xəlilov bildirib ki, Azərbaycan 20 faizədək torpaqlarının işğala məruz qalması faktı ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq. Onun sözlərinə görə, dövlətimiz ATƏT-in Minsk qrupu tərəfindən aparılan danışıqlarda fəal iştirak edir və birmənalı olaraq, konstruktiv mövqe ortaya qoyur, münaqişənin həllində beynəlxalq hüquq normalarının, müstəqil dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipləri ilə həll olunmasının tərəfdarıdır.

“Amma Azərbaycan  işğalçı Ermənistanın mövcud status-kvonu müxtəlif spekulyativ vasitələrlə uzatmaq cəhdlərinə dözmək niyyətində deyil. Sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, Azərbaycan öz ərazi bütövlüyünü başqa vasitələrlə, ilk növbədə isə Silahlı Qüvvələrinin gücü ilə təmin etmək niyyətindədir. Məhz buna görə də ölkəmizdə güclü ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib.  Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bugünlərdə Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbi qulluqçularla görüşdəki çıxışında respublikamızın ordu quruculuğu sahəsində əldə etdiyi uğurlardan məmnunluğunu bildirib. Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu fakt deməyə əsas verir ki, Azərbaycan istənilən vaxt torpaqlarımızı işğaldan azad etməyə qadirdir”-deyə, deputat qeyd edib.