YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin VII hesabat-seçki konfransı keçirilib

Aprelin 3-də Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı Gənclər Birliyinin VII hesabat-seçki konfransı keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov YAP Xəzər rayon təşkilatının bir çox uğurlara imza atdığını bildirib. O, YAP Xəzər rayon təşkilatının ötən illər ərzində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən danışıb. N.Əhmədov təşkilatın Gənclər Birliyinin fəaliyyəti haqqında fikirlərini bildirib.

Sonra YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin üzvü Sadiq Əliyev çıxış edib. S.Əliyev Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasətində gənclərlə iş mühüm yer tutur. Yeni Azərbaycan Partiyasının da gənclərin öz bilik və bacarıqlarını təqdim etmək üçün bütün imkanlar yaratdığını deyən S.Əliyev YAP Xəzər rayon təşkilatının üzvü olan gənclərin də ictimai-siyasi proseslərdə fəal iştirak etdiyini diqqətə çatdırıb.  

O həmçinin, YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin tərəfindən görülən işlər, həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Daha sonra çıxış edən YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin idarə heyətinin üzvü Ülkər Qəhrəmanlı da gənclərin ictima-siyasi proseslərdə iştirakı haqqında fikirlərini bildirib.

Konfransda YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov çıxış edərək Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirildiyini deyib. Onun fikrincə, Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb: “Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar. Bu baxımdan, YAP sıralarında birləşən gənclər də ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edirlər”. Azərbaycanın inkişafını istəməyən qüvvələrin ölkəmizə qarşı qarayaxma kampaniyası apardığını deyən S.Orucov gəncləri bu qüvvələrə qarşı mübarizədə fəal olmağa, sosial şəbəkələrdə aktiv iştirak etməyə çağırıb. O, YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini  Rauf Əliyev isə  bildirib ki, gənclərimizə göstərilən qayğı ildən-ilə artmaqdadır. Millət vəkili hazırda Xəzər rayonunda gənclərlə fəal iş qurulduğunu, müxtəlif tədbirlərin həyata keçirildiyini, gənclərin ictimai-siyasi proseslərdə aktiv olduqlarını diqqətə çatdırıb. O deyib ki, müasir gənclərimiz hər zaman milli mənəvi dəyərlərimizi qorumalı, tariximizi dərindən öyrənməlidir. Çünki bu amillər ölkəmizin gələcəkdə daha da güclənməsi üçün çox önəmlidir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı da çıxışında gənclərə yüksək bilik qazanmağı tövsiyə edib. O qeyd edib ki, Azərbaycan dövləti bunun üçün bütün imkanları yaradıb: “Hər bir millət öz savadı, intellekti ilə irəli gedə bilər. Bu baxımdan gələcəyin sahibləri olan gənclərimiz üçün də dövlətimiz bütün imkanları yaradıb.  Ona görə də, gənclərimiz yüksək biliklərə yiyələnib ölkəmizi daha da inkişaf etdirməli, beynəlxlaq müstəvidə nüfuzunun artmasına töhfələr verməlidirlər”.

Çıxış edən Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Azərbaycanda  dövlət gənclər siyasətinin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasəti hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirib. O, gənclərlə bağlı qəbul edilən müxtəlif Dövlət proqramlarının əhəmiyyətini vurğulayıb. Xəzər rayonunda həyata keçirilən tədbirlərdən danışan E.Salahov rayon gənclərinin quruculuq prosesində fəal iştirak etdiyini diqqətə çatdırıb. O, YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinə fəaliyyətində uğurlar arzulayıb, hər zaman gəncləri təşəbbüskar olmağa çağırıb.

Konfransda çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə partiyamızın yaranma tarixindən danışıb. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası davamlı şəkildə əhəmiyyətli uğurlara imza atmaqla cəmiyyətdə nüfuzunu, siyasi çəkisini daha da artırıb. Yarandığı gündən partiya siyasi mübarizələrlə zəngin bir yol keçib və artıq bu gün partiya növbəti zəfərlərə, qələbələrə doğru inamla irəliləməkdədir. E.İbrahimov bildirib ki, YAP ölkədə keçirilən bütün seçkilərdə uğur qazanmaqla xalqın partiyası olduğunu təsdiqləyir. Əlbəttə ki, əldə edilən hər bir nailiyyətin arxasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ideyaları dayanır. “Bu gün Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin yorulmaz və qətiyyətli siyasət yürütməsi nəticəsində Azərbaycan dünyanın ən aparıcı dövlətləri sırasında yer almaqdadır. Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası monolit birliyi, sosial bazası və yüksək intellektual potensiala malik olan hakim siyasi təşkilatdır”-deyən E.İbrahimov YAP sıralarında birləşən gənclərə ölkəmizin daha da güclənməsində bundan sonra da fəal iştirak etməyə çağırıb.

Qeyd edək ki, konfransda təşkilatı məsələlərə  YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin 15 nəfərdən ibarət İdarə Heyəti müəyyənləşib. Sadiq Əliyev YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin sədri, Nazlı Tahirova isə sədr müavini seçilib.