YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Mərkəzində 67-ci Kann kinofestivalının əsas proqramına daxil edilən qısametrajlı filmlər nümayiş olunub

Oktyabrın 24-də Heydər Əliyev Mərkəzində “Buta” İncəsənət Mərkəzi tərəfindən “Film Delicatessen” çərçivəsində 67-ci Kann kinofestivalının əsas proqramının 8 qısa filmi, o cümlədən Azərbaycan istehsalı olan “Sonuncu” (“The Last one”) filminin premyera nümayişi təqdim edilib.

Filmin nümayişindən əvvəl kino sənayesinin tanınmış xadimi, prodüser Sem Klebanov təqdim olunacaq filmlər haqqında məlumat verib.
Bildirilib ki, “Buta” İncəsənət Mərkəzi Azərbaycan tamaşaçısına bir axşam ərzində dünyanın nüfuzlu kinofestivalının əsas müsabiqəsində iştirak edən filmlərlə tanış olmağa eksklüziv imkan yaradıb.

Sonra “Execution” (Macarıstan-Rumıniya), “Yes we love” (Norveç), “The invisible spaces” (Gürcüstan), “Aissa” (Fransa), “Leidi” (Böyük Britaniya-Kolumbiya), “Crocodile” (Böyük Britaniya), “Skunk” (ABŞ), “Sonuncu” (“The Last one” Rusiya-Azərbaycan) qısametrajlı filmləri nümayiş etdirilib.

Ümumilikdə 128 ölkədən 3450 filmin göndərildiyi 67-ci Kann kinofestivalı Azərbaycan üçün xüsusilə əlamətdar olub. Tarixdə ilk dəfə Rusiya-Azərbaycan komandasının prodüserləşdirdiyi film Kann festivalının əsas müsabiqə proqramına daxil edilib. “Buta Films” şirkəti və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının birgə istehsalı olan “Sonuncu”nun fəlsəfi mahiyyəti xarici peşəkarların ən yüksək qiymətlərinə layiq görülüb və nəhayət, öz vətənində də tamaşaçısını tapıb.

“Sonuncu” - quruluşçu rejissor Serqey Pikalovun dünyada sağ qalmış sonuncu İkinci Dünya müharibəsi veteranı barədə çəkdiyi qısametrajlı bədii filmdir.

Qoca hər kəsi - dostlarını, həyat yoldaşını, övladlarını itirib. Ancaq o tənha deyildi. Dəhlizdə köhnə soyuducu səs salırdı. Sonuncu dəfə insanlarla nə vaxt ünsiyyətdə olduğu qocanın heç yadına düşmürdü və o, hər axşam ölmək üçün yatağına uzanırdı. Səhər yuxudan oyanarkən o, yavaş addımlarla soyuducunun yanına gedirdi. Soyuducunu yaxşı həmsöhbət adlandırmaq olmazdı – o gah yerində titrəyir, gah uğuldayır, gah da birdən-birə sözünü tamamlamamış susurdu. Amma hər nə qədər olsa da, o qoca üçün ailəsini və dostlarını əvəz edirdi.

Sonuncu gün adi başlamışdı. Qoca yuxudan oyandı və eyvana getdi. Ancaq soyuducu artıq canını tapşırmışdı…

Fəlsəfi və ibrətamiz hekayəni tamaşaçıya nəql edən bu 15 dəqiqəlik filmin çəkilişləri Bakının 120 kilometrliyində yerləşən Şabran şəhərində, Sura kəndində aparılıb.

Filmdə baş rollarda azərbaycanlı aktyorlar – İdris Rüstəmov və Corc Qafarov çəkiliblər.

“Sonuncu” sadəcə film deyil. Bu, həm də rusiyalı və azərbaycanlı gənc prodüserlərin – Mariya İvanova və Nəsib Piriyevin uğurlarının tarixçəsidir. 80-dən çox film və dövri verilişlər çəkmiş və efirə təqdim etmiş, sənədli film sahəsində formalaşmış peşəkarlar ilk dəfə öz güclərini bədii filmdə sınayıblar və dərhal da Kann kinofestivalının iştirakçısı olublar.

“Buta films” kino şirkəti – “Buta” İncəsənət Mərkəzinin fəaliyyət istiqamətlərindən biridir. Bu, Azərbaycan mədəniyyətinin bütün dünyada populyarlaşdırılmasını özləri üçün prioritet məsələ hesab edən peşəkarlardan ibarət yaradıcı məsləkdaşlar komandasıdır.

Cari ilin may ayından etibarən “Sonuncu” filmi planetin böyük festivallarında iştirak edir. San-Paoloda (Braziliya) keçirilmiş qısametrajlı filmlərin beynəlxalq kinofestivalında “Sonuncu” 2014-cü ilin ən yaxşı debüt filmi olaraq SESc TV tərəfindən təltif olunub.