YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Milli varlığımızın, ana dilimizin və adət-ənənələrimizin əsrlərdən bəri qorunub saxlanmasında Azərbaycan qadınlarının müstəsna xidməti vardır

“Milli varlığımızın ifadəsi olan zəngin mədəni-mənəvi irsimizin, ana dilimizin və adət-ənənələrimizin əsrlərdən bəri qorunub saxlanmasında Azərbaycan qadınlarının müstəsna xidməti vardır. Tariximizin mürəkkəb sosial-siyasi dəyişikliklərlə müşayiət olunduğu dövrlərdə onlar cəmiyyətin sarsılmaz mənəvi dayağına çevrilmişlər. XX yüzilliyin ilk onilliklərində, bəzi qabaqcıl ölkələrin qadınlarından daha əvvəl seçki hüququ qazanaraq ictimai və mədəni həyatın müxtəlif sahələrində fəal iştirak etmələri onların gələcək uğurlarının da rəhni olmuşdur. Qürurverici haldır ki, müsəlman Şərqində qadınlar arasında incəsənətin, elmin və texnikanın bir çox sahələri üzrə ilk addımı məhz mənəviyyatında milliliklə müasirliyin əsl vəhdətini yaratmış Azərbaycan qadını atmışdır”. Bu sətirlər Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikində yer almışdır.

Təbrikdə daha sonra deyilir: “Azərbaycan qadınları maarifpərvər sələflərinin davamçıları olaraq son yüz ildə ölkəmizin xüsusən təhsil, səhiyyə və mədəniyyət sistemlərinin yeni əsaslar üzərində qurulması işində əzmkarlıq göstərmiş və nailiyyətlərlə dolu parlaq bir yol keçmişlər. Onlar müstəqilliyin bərpasından sonra istiqlal ideallarına sədaqətlə milli dövlətçiliyin təməlinin möhkəmləndirilməsi və ölkəmizin hazırkı simasının müəyyənləşməsində mühüm rol oynamış, bu gün də bilik və bacarıqlarını dinamik inkişaf yolunda inamla irəliləyən respublikamızın iqtisadi, mədəni və elmi potensialının artırılmasına sərf edirlər. Yüksək ictimai mövqe və nüfuzları Azərbaycan qadınlarının hüquq və azadlıqlarının tam təmin edilməsinin nəticəsi olub, müasir həyatımızın ən əlamətdar hadisələrindəndir”.