YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İranda Qəzvin-Rəşt dəmir yolunun açılışı olub

Martın 6-da İranda Qəzvin-Rəşt dəmir yolu xəttinin açılış mərasimi keçirilib.

Tədbirdə İran İslam Respublikasının Prezidenti Həsən Ruhani, Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, İranın yollar və şəhərsalma naziri Məhəmməd İslami, Gilan valisi Mustafa Salari iştirak ediblər.

Qəzvin-Rəşt dəmir yolunun uzunluğu 164 kilometrdir. Dəmir yolu xətti üzrə körpülər, tunellər və digər qurğular inşa olunub.

Açılış mərasimində çıxış edən İran İslam Respublikasının Prezidenti Həsən Ruhani “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsinin hər iki ölkənin dövlət başçılarının daim diqqətində olduğunu vurğulayıb və bu dəhlizin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolunun önəmini qeyd edib. İran Prezidenti bildirib ki, Qəzvin-Rəşt dəmir yolu yalnız İranın və Azərbaycanın deyil, eyni zamanda, Rusiya və Şimali Avropa ölkələrinin də dəmir yolları sistemlərini birləşdirəcək.

İqtisadiyyat naziri Şahin Mustafayev qarşılıqlı hörmət, dostluq prinsiplərinə və İslam irsinə əsaslanan Azərbaycan-İran əlaqələrinin son illər sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. Vurğulayıb ki, Azərbaycan və İran prezidentlərinin tapşırıqları ilə ölkələrimiz arasında əməkdaşlığın yeni hədəfləri müəyyənləşdirilib və bu istiqamətdə müvafiq işlər görülərək bir çox nailiyyətlər əldə olunub.

Qarşıya qoyulmuş hədəflərdən biri də iki ölkə arasında nəqliyyat-tranzit sahəsindəki əməkdaşlığı daha da genişləndirmək, böyük əhəmiyyətə malik “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin həyata keçirilməsini təmin etməkdir. Son illər bu istiqamətdə önəmli işlər görülüb: “Belə ki, hüquqi bazanın formalaşdırılması məqsədilə 2016-cı ildə Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında Hökumətlərarası Çərçivə Sazişi, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması sahəsində əməkdaşlıq haqqında Hökumətlərarası Niyyət Protokolu imzalanıb”.

Nazir qeyd edib ki, Azərbaycan bu layihə üzrə öz ərazisində müvafiq infrastrukturun yaradılması işini uğurla tamamlayıb, eyni zamanda, İran ərazisində bu istiqamətdə görülən işlərə öz dəstəyini verir. Astara-Astara dəmir yolunun tikintisi, Astaraçay çayı üzərində dəmir yolu körpüsünün inşası, Astarada (İran) tikintisi davam edən yük terminalı və məhsul anbarları “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində həyata keçirilən işlərin mühüm tərkib hissələridir.

“Bu gün açılışı həyata keçirilən Qəzvin-Rəşt dəmir yolunun tikintisi də bu sahədə görülən uğurlu işlərin nəticələrindəndir. Qəzvin-Rəşt dəmir yolunun fəaliyyətə başlaması təkcə Şimal-Cənub deyil, eyni zamanda, “Cənub-Qərb” Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində atılmış çox mühüm addımdır. Bütün bunlar daşınan yüklərin həcminin artırılmasını təmin etməklə Azərbaycan Respublikasının və İran İslam Respublikasının nəqliyyat-tranzit və ticarət-iqtisadi potensialının gücləndirilməsinə böyük töhfə verəcək”, - deyə Ş.Mustafayev əlavə edib.

İranın yollar və şəhərsalma naziri Məhəmməd İslami və Gilan valisi Mustafa Salari “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında önəmli rol oynayan Qəzvin-Rəşt dəmir yolunun açılışının iqtisadi-ticarət əlaqələrinin inkişafında, yükdaşımalar sahəsində əməkdaşlığın genişləndirilməsində mühüm əhəmiyyətini vurğulayıblar.