YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Britaniya Azərbaycan ilə hərbi əlaqələrin möhkəmləndirilməsində maraqlıdır

Martın 6-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Müdafiə Nazirliyinin beynəlxalq təhlükəsizlik siyasəti üzrə direktoru Nik Qurrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan və Böyük Britaniya Müdafiə nazirlikləri arasında növbəti qərargah danışıqlarının keçirilməsinə dair məsələlər müzakirə edilib. Həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə ciddi təhdid təşkil etdiyini, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini qonaqların diqqətinə çatdırıb.

Azərbaycanın NATO-nun Əfqanıstanda həyata keçirdiyi missiyada iştirakını yüksək qiymətləndirən qonaq vurğulayıb ki, Böyük Britaniya ölkəmiz ilə hərbi əlaqələrin daha da möhkəmləndirilməsində maraqlıdır. N.Qurr xüsusi qeyd edib ki, Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında, beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinin tərəfdarıdır.

Görüşdə, həmçinin regional, dəniz, enerji resurslarının təhlükəsizliyi, terrorizmə qarşı birgə mübarizə və digər məsələlər müzakirə edilib.