YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tehranda Azərbaycan ilə İran arasında iqtisadi əlaqələrin perspektivləri müzakirə edilib

Azərbaycan Respublikasının iqtisadiyyat naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehranda səfərdədir.

Səfər çərçivəsində bir sıra görüşlər keçirilib.

Görüşlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani arasında qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərin ölkələrimizin əlaqələrinin bütün sahələrdə genişlənməsində mühüm rolu vurğulanıb.

İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslami ilə görüşdə ölkələrimizin əlaqələrindən danışan nazir Şahin Mustafayev son illərdə əməkdaşlığın daha da genişləndiyini diqqətə çatdırıb. Bildirilib ki, son 5 ildə Azərbaycan və İran prezidentləri arasında 12 görüş olub, 100-dən çox qarşılıqlı səfərlər təşkil edilib, 24 biznes forum və işgüzar görüş keçirilib. İndiyədək ölkələrimiz arasında 150-dən çox sənəd imzalanıb. Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə 1000-dən çox İran şirkəti qeydiyyatdan keçib. İran tərəfindən Azərbaycan iqtisadiyyatına 3,4 milyard dollar investisiya yatırılıb.

Nazir Şahin Mustafayev ölkələrimizin sənaye, energetika, kənd təsərrüfatı, ticarət, səhiyyə, turizm, sərhəd-gömrük və digər sahələrlə yanaşı, nəqliyyat-tranzit sahəsində də uğurla əməkdaşlıq etdiyini, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında hər iki ölkənin rolunu vurğulayıb, nəqliyyat dəhlizinin inkişafının Azərbaycan-İran iqtisadi əməkdaşlığının, xüsusilə yükdaşımalar, ticarət və turizm əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcəyini qeyd edib.

İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslami ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə xüsusi önəm verdiyini, Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib.

Səfər çərçivəsində iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranın iqtisadi işlər və maliyyə naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsənd ilə görüşüb.

Nazir Şahin Mustafayev Azərbaycanın İranla əlaqələrin genişlənməsində maraqlı olduğunu, son illərdə Azərbaycan-İran əlaqələrinin yüksək səviyyəyə çatdığını qeyd edib. Hər iki ölkənin prezidentlərinin əlaqələrin inkişafına böyük önəm verdiyini və Dövlət Komissiyasının işinə dəstək göstərdiyini vurğulayıb.

İki ölkənin iqtisadi-ticari əlaqələri barədə danışan Şahin Mustafayev qeyd edib ki, ötən dövrdə ticarət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində davamlı tədbirlər görülüb, ticarət dövriyyəsinin həcmi 2018-ci ildə 74 faiz artaraq 446 milyon dollara çatıb. Azərbaycan ilə İran birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində avtomobil istehsal edilir. Bakıda Azərbaycan-İran klinikası açılıb, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodunun təməli qoyulub.

Şahin Mustafayev qarşılıqlı ticarətin həcminin daha da artırılması və strukturunun şaxələndirilməsi, kənd təsərrüfatı, turizm, tranzit və yükdaşımalar sahələrində əlaqələrin inkişafı imkanlarını qeyd edib.

Nazir Fərhad Dejpəsənd son illərdə ölkələrimiz arasında əməkdaşlığın genişlənməsi üçün görülən işləri vurğulayıb, bu ilin martında Bakıda keçirilməsi planlaşdırılan Dövlət Komissiyasının 13-cü iclasının ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı istiqamətlərinin müzakirəsi üçün əhəmiyyətli platforma olacağını qeyd edib.

Ölkələrimiz arasında iqtisadiyyat, ticarət, maliyyə və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri barədə fikir mübadiləsinin aparıldığı görüşlərdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov iştirak edib.