YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: İnsanların həyat səviyyəsinin yaxşılaşdırılması, onlara diqqət və qayğının artırılması Azərbaycan Prezidentinin siyasətinin əsas qayəsini təşkil edir

“Artıq bir neçə ildir ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə islahatlar həyata keçirilməkdədir. Bu islahatlar əsas etibarilə iqtisadi sferanı əhatə edir. Çünki ölkənin inkişafı, insanların həyatının təmin edilməsi iqtisadiyyatın inkişafı ilə bağlıdır. Məmnuniyyətlə demək olar ki, iqtisadi sahədə həyata keçirilən islahatlar öz bəhrələrini verməyə başlayıb. Bunun əsasında yaradılan bazaya uyğun olaraq islahatlar  artıq sosial sferada da  genişləndirilir”. Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gün Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsində deyib.

Əli Əhmədov bildirib ki, 2019-cu ilin başlanğıcından etibarən Azərbaycan  Prezidenti sosial sfera ilə bağlı əhəmiyyətli sərəncamlar imzalayıb. Onun sözlərinə görə, bu sərəncamlar əsasında insanların sosial həyatının yaxşılaşdırılması ilə əlaqədar çox ciddi tədbirlər görülüb. Minimum əmək haqqının 180 manata çatdırılması çox ciddi addımdır. Bu artım 600 min insanın əmək haqqına təsir edəcək. Eləcə də, minimum pensiya artırılması, müxtəlif müavinətlərin, tələbələrin təqaüdünün, məcburi köçkünlər üçün aylıq müavinətlərin artırılması, şəhid ailələrinə qayğı və s. addimlar çox vacib sosial proqramlardır.

“Bütün bunların hamısı bir tərəfdən Azərbaycan dövlətinin sosialyönümlü  fəaliyyətinin mahiyyətini ifadə edir, dövlətin siyasətinin mərkəzində vətəndaş amilinin dayandığıni göstərir. İnsanların həyat səviyyəsinin yaxşılaşdırılması,  onlara diqqət və qayğının artırılması Azərbaycan Prezidentinin siyasətinin əsas qayəsini təşkil edir. Təbii ki, bütün bu işlərin 2019-cu ildən etibarən geniş şəkildə reallaşması, geniş sosial proqramların həyata keçirilməsinə başlanması bir tərəfdən Azərbaycan hökümətinin sosialyönümlü fəaliyyətini əks etdirirsə, digər tərəfdən Prezidentin iqtisadi islahatlarının öz bəhrəsini verdiyini sübuta yetirir. Əgər bu islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı daha da güclənməsəydi, bu sosial layihələri reallaşdırmaq imkanı olmazdı. Amma əldə olunan nəticələr ondan xəbər verir ki, Azərbaycan dövləti öz üzərinə götürdüyü sosial öhdəlikləri layiqincə yerinə yetirib. Digər tərəfdən, islahatlar artıq öz bəhrəsini verir. Və bu hökumətə imkan yaradır ki, sosial məsələlərin həll edilməsi üçün daha böyük vəsaitlər ayırsın. 2019-cu ildə sosial sferada həyata keçirilən islahatlar və sosial siyasət atılan bu addımlarla yekunlaşmayacaq. Bundan sonra da sosial qayğıya ehtiyacı olan təbəqələr dövlət tərəfindən yenə də diqqət mərkəzində olacaq. Mümkün qədər onların həyatının yaxşılaşması üçün addımlar atılacaq. Həyata keçirilən islahatlar dövlətin qüdrətini artırır. Bundan sonra da islahatların həyata keçirilməsi sayəsində iqtisadiyyatımız daha da möhkəmlənəcək, dövlətin iqtisadi qüdrəti daha da artacaq və dövlət vətəndaşların rifahının yüksəldilməsi istiqamətində atacağı addımları daha da genişlənəcək”-deyə, YAP Sədrinin müavini vurğulayıb.