YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq artisti: Ümummilli lider Heydər Əliyevin mədəniyyətə qayğısı, diqqəti bu gün məhz Prezident İlham Əliyev tərəfindən davam etdirilir

Ümummilli lider Heydər Əliyevin mədəniyyətə qayğısı, diqqəti bu gün məhz Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Bunu Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini Hacı İsmayılov Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə çıxışı zamanı deyib.

H.İsmayılov bildirib ki, Azərbaycanın gözəllikləri bu gün göz oxşayır: "Amma o gözəlliklərlə yanaşı, biz dayana bilmərik, biz qabağa getməliyik, inkişaf etməliyik hər barədə, həm mədəniyyətimiz, həm iqtisadiyyatımız. Mən fürsətdən istifadə edərək, möhtərəm Prezidentimizə ürəkdən təşəkkür edirəm. Nəinki mədəniyyət xadimləri, bütün Azərbaycan xalqı sizi çox istəyir, Sizə böyük ehtiramları, böyük inamları var. Mədəniyyət işçiləri, hamımız sevinirik ki, bizim belə Prezidentimiz var. Dünya şöhrətli, gözəl, böyük siyasəti olan, Azərbaycanın xoşbəxtliyini təmin edə bilən bir insan bizim möhtərəm Prezidentimizdir, dövlətimizin başçısıdır".

Xalq artisti qeyd edib ki, müstəqil Azərbaycan Respublikası bu gün sürətli inkişaf yolundadır: "Bu gözəlliyi hamımız görürük. Onu da qeyd edim ki, bu inkişaf başqa sahələrlə yanaşı, eyni zamanda, mədəniyyətimizin və incəsənətimizin də inkişafına kömək edir. Sözsüz ki, bu inkişaf, canlanma, cənab Prezident, Sizin mədəniyyətə, xüsusilə də teatr sənətinə qayğı və diqqətiniz sayəsində mümkün olmuşdur. Ulu öndər Heydər Əliyev teatrı və aktyor sənətini həmişə yüksək qiymətləndirib, ona böyük dəyər verib. O deyərdi ki, teatr müqəddəs yerdir, tərbiyə ocağıdır, orada işləyənlər fədakardırlar, fədaidirlər. Mən həmişə teatra yaxın və bağlı olmuşam. Bu, ötəri hiss deyil. Bu, mənim içimdən gələn bir məhəbbətdir. Ümummilli Liderimizin mədəniyyətə qayğısı, diqqəti bu gün məhz Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyev tərəfindən davam etdirilir. Əlbəttə, o gözəlliklər deyirsiniz, inanın, mən Azərbaycanda olan teatr binalarını, təmir olunmuş teatr binalarını, o səhnələri, o gözəllikləri görəndə deyirəm, İlahi, nə yaxşı ki, biz bu gözəl dövlətin vətəndaşlarıyıq. Əlbəttə, vətəndaş olmaq üçün gərək Vətəni sevəsən, dövlətinə qulluq edəsən, millətinə xidmət edəsən. Bu gün buraya yığışan insanların, Azərbaycanın görkəmli incəsənət, mədəniyyət xadimlərinin sözsüz ki, bu işdə böyük fəaliyyəti, böyük zəhməti olub. Mən onların hamısına ürəkdən təşəkkür edirəm. Burada məndən yaşlı, məndən titullu insanlar var. Amma çox sevinirəm ki, bu gün hamımız bir yerdəyik. Hamımız bir yerdə Azərbaycan mədəniyyətinin təntənəsi uğrunda nələrisə deyirik, nələrisə istəyirik. Əlbəttə, sənət adamlarına verilən fəxri adlar, Prezidentin fərdi təqaüdü, mükafatlar, onların mənzillə təmin olunması - inanın, cənab Prezident, Siz nə qədər böyük işlər görmüsünüz ki, hamımızın qəlbində Sizə böyük ehtiram, böyük məhəbbət var. Biz Sizi çox istəyirik. Həmişə Sizin yanınızda olmuşuq. İnanın son prezident seçkilərində mədəniyyət işçiləri Sizi çox böyük coşqu ilə dəstəklədilər. Həmin gecə Sizin parka gəlişiniz, oradakı görüşlər, o şadlıq, o bayram mənim heç yadımdan çıxmır. Azərbaycan xalqı bütövlükdə sevinirdi ki, bizim belə Prezidentimiz var. Sizin mədəniyyətə, teatr sənətinə olan münasibətiniz bizi çox sevindirir".