YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Firəngiz Əlizadə: Prezident İlham Əliyevin sərəncamları bizim bəstəkarları və musiqişünasları çox gözəl istiqamətləndirir

Prezident İlham Əliyevin sərəncamları bizim bəstəkarları və musiqişünasları çox gözəl istiqamətləndirir.

Bunu Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə çıxışı zamanı deyib.

F.Əlizadə qeyd edib: "Möhtərəm cənab Prezident. Əziz və hörmətli Birinci vitse-prezident Mehriban xanım. Hörmətli həmkarlar. Mən də bəstəkarlar və musiqişünaslar adından Sizə dərin minnətdarlığımı bildirirəm ki, vaxt tapıb bizimlə görüşdünüz. Amma zənn edirəm ki, hər halda bizim qədər Sizə minnətdar olan insanlar yoxdur. Ona görə ki, ilk növbədə, Siz bizə binamızı qaytardınız. Unudulmaz açılış oldu. Biz onu heç vaxt unutmayacağıq. Çox gözəl bir mərasim idi. Sizin və ailənizin çox böyük diqqəti, dəstəyi ilə bu mərasimi həyata keçirdik. Doğrudan da uzun illər yurdsuz-yuvasız qalan Bəstəkarlar İttifaqı, nəhayət, öz evinə qayıtdı.

Bundan başqa, Anar müəllimin dediyi kimi, artıq 10 ildir ki, bəstəkarlarımız və musiqişünaslarımız təqaüd alırlar. Bu da 85 illik tariximizdə ilk dəfə olan bir hadisədir, az məbləğ də deyil. Bizim bəstəkarlarımız və musiqişünaslarımız onlarla kitab və yeni əsərlər yazıblar və bu təqaüd onlara maddi tərəfdən çox böyük dəstəkdir. Çox təşəkkür edirik, bu, çox gözəl bir haldır. Bundan əlavə, təbii ki, fəxri adlara, evlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Amma yenə də ehtiyaclar var, möhtərəm cənab Prezident. Burada bir adı çəkmək istəyirəm, bağışlayın, bəlkə yeri deyil, amma bizim 90 yaşında bir bəstəkarımız var, Yaşar İmanov, Abxaziyadan qaçqındır. Artıq ailəsində üç nəsil musiqiçilər böyüyüb. Onun evi yoxdur. O, çox istərdi ki, 90 yaşında evi olsun. Mümkündürsə, bu məsələni həll edərdiniz. Biz çox minnətdar olarıq".

Xalq artistinin sözlərinə görə, təbii ki, gənc bəstəkarların da evə ehtiyacları var. Bu sahədə çox böyük işlər görülür: "Amma bilirsiniz, gənc bəstəkarlar ailə qururlar və kirayədə qalmaq onlar üçün bir az çətin olur. Yeni tikilən o evlərdə bizə də imkan daxilində 5-6 mənzil versəniz, çox xoşbəxt olarıq. Biz çox fəxr edirik ki, son illər islahatlar aparılır. Bu, musiqiyə də aiddir. Mən burada Heydər Əliyev Fondunun işini xüsusi vurğulamaq istəyirəm. Biz həmişə bu Fondun sadiq köməkçiləri olmuşuq və çox gözəl, böyük, mən deyərdim ki, vacib layihələrdə yaxından iştirak etmişik, məsələn, Azərbaycan və rus dillərində Muğam Ensiklopediyasının yaradılmasında. Rus dilində ensiklopediya bu dildə oxuyan 150 milyon insana, o cümlədən musiqisevərlərə, muğamsevərlərə təqdim olunan böyük elmi işdir. Bundan başqa, “Üzeyir dünyası” bizi çox sevindirən böyük bir layihədir. “Üzeyir dünyası”, “Fikrət zirvəsi”. Burada mən bir məsələyə də toxunmaq istəyirəm, möhtərəm cənab Prezident. Televiziya kanallarında balans bir az pozulub. Mən istəyərdim ki, bu proses bir az tənzimlənsin. Mən 2007-ci ildə bütün kanallara bəstəkarlar və musiqişünaslar adından məktublar göndərdim ki, televiziya kanallarında bədii şuralar bərpa olunsun. Ona görə ki, vaxtilə bu şuralar olub, qadağa qoymaq məqsədilə yox, tənzimləmək, yəni, bu balansı saxlamaq üçün. Amma bu bədii şuraların tərkibi də çox vacib bir məsələdir. Yəni, o tərkibdə kimlər olmalıdır, onların zövqü, savadı, səviyyəsi doğrudan da bu prosesi aparmağa yetərlidirmi? Bax, bunlar çox böyük məsələdir.

 

Biz yenə də vurğulamaq istəyərdik ki, Azərbaycan musiqisi təkcə mahnılardan ibarət deyil. Biz çox böyük fəxr hissi ilə deməliyik və vurğulamalıyıq ki, bütün Şərqdə, bütün İslam dünyasında nadir bəstəkarlıq məktəbi Azərbaycanda yaradılıb. Bu, haradan gəlir? İlk növbədə, dahi bəstəkarlarımız Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və onların ənənələrini bu gün də davam etdirən bəstəkarlar. Bu, nadir bir məktəbdir və onu həmişə dəstəkləmək, ona kömək etmək lazımdır. Ona görə ki, Avropada musiqi tarixi XIII əsrdən başlayıb, amma bizdə XX əsrdə. Bu 7 əsrlik boşluğu doldurmaq bizə o qədər də asan olmur. Belə dahi insanlar və ulu öndərimiz Heydər Əliyevin dəstəyi, çox böyük diqqəti, bizim bəstəkarlarla şəxsi dostluğu - bunlar hamısı bizim üçün çox böyük dayaq idi. Biz fəxr edirik ki, bizim müəllimlərimiz həmişə Heydər Əliyevin yanında olub, həmişə birlikdə gözəl layihələr işlənib".

F.Əlizadə bir məsələni də diqqətə çatdırıb: "Son illər nədənsə bizim bəstəkarlarımızın əsərləri alınmır. Burada çox böyük maliyyə problemi yaranır. Ona görə ki, bizim Bəstəkarlar İttifaqında 11 bölmə fəaliyyət göstərir və bu bölmələrdə bütün janrlara aid olan əsərlər dinlənilir, seçilir. Biz istərdik ki, bu əsərlər alınsın. Ona görə ki, bu, həm bəstəkarlara və musiqişünaslara ruh verər, həm də ki, bu, yenə də Sizin dəstəyinizin bir təzahürü olar.

Bundan başqa, istərdik ki, sifarişlər də olsun. Sizin sərəncamlarınız bizim bəstəkarları və musiqişünasları çox gözəl istiqamətləndirir. Yəni, hansı mövzulara daha böyük diqqət yetirmək lazımdır. Bu baxımdan, bizim Mədəniyyət Nazirliyi yeni əsərlər sifariş etsəydi, daha uyğun olardı və bu əsərlər daha müntəzəm meydana gələrdi".

Xalq artisti Bəstəkarlar İttifaqının bütün beynəlxalq musiqi festivallarının təşkilində yaxından iştirak etdiyini bildirib: "Biz fəxr edirik ki, “Muğam aləmi” festivalı artıq beş dəfə keçirilib. Biz bu festivalda çox fəal iştirak edirik. Çox yüksək səviyyədə simpoziumlar keçirilir. Amma Bəstəkarlar İttifaqının da özünün gözəl Şəki festivalı, “İpək Yolu” festivalı var. Təəssüflər olsun ki, son illər biz bu festivalı keçirmək üçün heç bir maliyyə dəstəyi ala bilmirik. Bu il artıq 10-cu yubiley festivalı keçiriləcək və çox istərdik ki, burada bir az bizə dəstək versinlər. Son festivalda mədəniyyət naziri də iştirak etdi. Gördü ki, orada çox yüksək səviyyədə, UNESCO səviyyəsində simpozium keçirildi. Çox gözəl keçdi və UNESCO-nun saytında da bu barədə çox qiymətli sözlər söylənildi. Biz istərdik ki, bu proses davam etsin və bizim Sizin dəstəyinizə də ehtiyacımız var.

Nəhayət, “Nəsimi ili” bizi çox sevindirdi. Ona görə ki, necə deyərlər, bizim bəstəkarlarımızın qələmləri həmişə əllərindədir, həmişə yazıb-yaradıblar. Bizim xalqımızın bütün sevincləri, problemləri bəstəkarların əsərlərində əks olunur. Mən inanıram ki, bəstəkarlar və musiqişünaslar həmişə yüksək səviyyədə, yəni, Sizin dəstəyinizə layiq olan əsərlər yaradacaqlar. Diqqətinizə görə təşəkkür edirəm. İstərdim ki, bizim bəstəkarlarımızın və musiqişünaslarımızın dərin minnətdarlığını bir daha Sizə çatdırım".