YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mirzəcan Xəlilov: Problemli kreditlərin həlli öz miqyasına görə inqilabi addımdır

“Problemli kreditlərin həlli Azərbaycan hakimiyyətinin ciddi sosial təşəbbüsüdür və vətəndaşların rifah halını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq məqsədi daşıyır”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib.

M.Xəlilov bildirib ki, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanla nəzərdə tutulan güzəştlərdən sənəddə göstərilən dövrlərdə xarici valyutada kredit götürmüş fiziki şəxslər faydalanacaqlar. Fərmana əsasən, kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla), habelə Əmanətlərin Sığortalanması Fondunun ləğvedici kimi təyin edildiyi ləğvetmə prosesində olan banklarla fiziki şəxslər arasında bağlanmış müqaviləyə əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 min ABŞ dollarınadək olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Sənəddə də vurğulandığı kimi, ödəmələr üç aydan gec olmayaraq həyata keçiriləcək.
Onun sözlərinə görə, bəzi ölkələrdə də bu kimi təşəbbüslər irəli sürülüb, lakin son nəticədə onun həlli dövlətin imkanları üçün ciddi problem yaratdığına görə, ya təxirə salınıb, yaxud da bəlli olmayan müddətə kimi uzadılıb. “Azərbaycanda isə bu baxımdan vəziyyət tamamilə fərqlidir. Belə ki, ölkə Prezidentinin məlum Fərmanı ilə devalvasiya nəticəsində insanlara dəyən ziyanı dövlət ödəyəcək. Eyni zamanda, dövlətimizin başçısının bu addımı ilə problemli kreditlər üzrə məhkəmə çəkişmələrinə son qoyuldu və məhkəmə çəkişmələri vətəndaşların xeyrinə həll olundu. Azərbaycan o dövlətlərdəndir ki, burada bütün məsələlər -  problemin ciddiliyi, ağırlıq yükü, onun həllinin büdcəyə, əhalinin rifah halının yüksəlməsinə təsiri, həll üçün maliyyə imkanları, səmərəli tətbiq mexanizminin işlənib hazırlanması, icrasi və icraya nəzarət və s. hərtərəfli araşdırıldıqdan sonra müvafiq qərar qəbul olunur. Birmənalı demək olar ki, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən də problemli kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə sözün əsl mənasında inqilabi qərarlardır”-deyə, M.Xəlilov vurğulayıb.