YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə dinlənilib

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş inkişaf konsepsiyasına uyğun olaraq 2018-ci ildə də ölkəmizdə ardıcıl və məqsədyönlü islahatlar aparılıb. Dövlət idarəçiliyində öz yeri olan bələdiyyələrin də inkişafı məsələləri diqqət mərkəzində saxlanılaraq yerli özünüidarənin təkmilləşdirilməsi üçün bir sıra qanunlara dəyişiklik edilib, yeni normativ hüquqi aktlar qəbul olunub.

Bu fikirləri Milli Məclisin plenar iclasında ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə ilə çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Məşğulluq haqqında” qanunlarda bələdiyyələr üçün bir sıra yeni hüquq və vəzifələr müəyyən edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 sentyabr tarixli Qərarı ilə təsdiq olunmuş "Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi qaydası və bununla bağlı ödənişin miqdarı” qaydaları vergiyə cəlb edilən daşınmaz əmlak və onun mülkiyyətçiləri barədə bələdiyyələrin məlumatlar almaq imkanını reallaşdıraraq əmlak vergisi ödəyicilərinin uçotunun aparılmasında və verginin toplanması işində onların imkanlarının artmasına yönəlib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda qəbiristanlıqların salınması, idarə olunması, qorunması, köçürülməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri müəyyən edilib.

Dövlətimizin başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında nəzərdə tutulan “Bələdiyyələrin kəndin sosial-iqtisadi inkişafı ilə bağlı öhdəliklərinin artırılması”na dair tədbirin icrası ilə bağlı maarifçilik tədbirləri keçirilib, kəndin inkişaf modelinin yaradılması məqsədilə 7 pilot bələdiyyə seçilib. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birgə hazırlanmış “Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı” kitabı bələdiyyələrə göndərilib, habelə “Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qanunvericiliyə dair sənədlər toplusu" çap edilərək təqdimatı keçirilib və başqa tədbirlər görülüb.

Ölkə üzrə 72535 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib (ötən illə müqayisədə 12 faiz çox). Onlardan 69775 (96 faiz) akt qanunvericiliyə uyğun hesab edilib, normativ hüquqi aktlara uyğun olmayan 2403 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilib (ötən illə müqayisədə 21,5 faiz çox). Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 979 akt ləğv edilib, 1031 akt dəyişdirilib, qalan 384 təklif isə baxılmaqdadır. Qəbul edilməmiş 9 təklif üzrə isə məhkəmələrdə iddia qaldırılıb. Dörd iddia məhkəmə tərəfindən təmin edilərək bələdiyyə aktları ləğv edilib, 5-i isə baxılmaqdadır. İl ərzində 5921 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb (ötən illə müqayisədə 2,2 dəfə çox).

Bələdiyyə aktlarının ekspertiza üçün vaxtında təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin bələdiyyələrin 143 vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib (ötən illə müqayisədə 46 faiz çox). Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 2247 müraciətdən 1988-nə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılıb, 141-i aidiyyəti üzrə göndərilib, 118 müraciət isə baxılmaqdadır. Onlardan 82-si təmin edilib (ötən illə müqayisədə 62 faiz çox).

Əldə olunmuş tərəqqiyə baxmayaraq, bir sıra bələdiyyələrin işində nöqsanlara və qanun pozuntularına yol verilib. 26 araşdırmada cinayət əməlinin əlamətləri aşkar edildiyindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Həmin materiallardan 18-i üzrə cinayət işi başlanılıb, digərləri isə baxılmaqdadır.

Vilayət Zahirov qeyd edib ki, bələdiyyələrin fəaliyyətinə metodik, hüquqi kömək göstərilməsi məqsədilə maarifçilik tədbirləri davam etdirilib. Araşdırma zamanı ayrı-ayrı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 5976 tövsiyə göndərilib. Bu tövsiyələrdə qanunvericiliyin tələbləri izah edilib, yol verilmiş nöqsanların, qanun pozuntularının aradan qaldırılması və qarşısının alınmasının zəruriliyi göstərilib. İl ərzində 21 tədris kursu, 224 təlim və seminar təşkil edilib. Bələdiyyələrin milli assosiasiyalarının təşkilatçılığı ilə 27 bələdiyyə sədri ayrı-ayrı qruplarla Türkiyə, Latviya, Litva, Bosniya və Herseqovinada yerli özünüidarə orqanlarının təcrübəsi ilə tanış olublar. Bütövlükdə 249 maarifçilik tədbirləri keçirilib və bu tədbirlərdə 9825 bələdiyyə üzvü və qulluqçusu iştirak edib. 15 metodik vəsait və tövsiyələr hazırlanaraq istifadə üçün bələdiyyələrə göndərilib.

Yerli özünüidarə sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi önəm verilərək 2018-ci ildə də Avropa Şurasının, Avropa İttifaqının aidiyyəti qurumları və başqa beynəlxalq təşkilatlar ilə əməkdaşlıq davam etdirilib.

DİGƏR Xəbərlər Arxiv