YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasında gənclərlə görüş keçirilib

Fevralın 5-də  Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında  gənclərlə  görüş keçirilib. Görüşdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov bildirib ki, fevralın 1-də Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin iştirakı ilə  2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə respublika toplantısı keçirilib, toplantıda dövlətimizin başçısı gənclərə dəyərli tövsiyələrini verdi, onların dövlətin diqqət mərkəzində olması ilə bağlı mesajlarını çatdırdı: “Azərbaycan Prezidenti gənclərlə dialoqa böyük önəm verir. Bütövlükdə ictimaiyyət  ilə dialoqun qurulması Azərbaycanda həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. Bir halda ki, dövlət siyasətinin əsas qayəsini insanlara qayğı təşkil edir, onlarla dialoq mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident çox tez-tez Azərbaycanın müxtəlif güşələrinə səfər edir və vətəndaşlarla görüşür, onlarla dialoq qurur ki, istək və arzularını öyrənsin və bunu həyata keçirilən siyasətdə nəzərə alsın. Bu mənada gənclərlə olan görüş də xüsusi önəm təşkil edir”.

Əli Əhmədovun sözlərinə görə, partiyamızın gəncləri cəmiyyətimizin fəal təbəqəsi kimi özlərini təsdiqləyiblər: “Gənclərimiz yüksək vətəndaş mövqeyi, ictimai-siyasi proseslərdə fəallıq və yüksək vətənpərvərlik nümayiş etdirirlər. YAP gənclərinin xarakterini vurğulayarkən vətənpərvərlik, fəallıq, ictimai-siyasi proseslərdə iştirakçılıq xüsusi qeyd olunmalıdır. Eyni zamanda, Heydər Əliyev ideyalarına sədaqət, dövlətə və dövlətçiliyə bağlılıq, Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləmək gənclərimizin əsas xarakterik keyfiyyətləri sırasındadır. Onlar cəmiyyətdəki yerini və rolunu yaxşı bilir və öz rollarını qiymətləndirməyi bacarırlar. Bununla da, biz gənclərin simasında gələcəyin qurucularını görə bilirik. Bilirsiniz ki, ölkəmizdə əhalinin sayı hər il təxminən 100 min nəfər artır. Bu fakt əhalinin təkibində gənclərin çəkisinin nə qədər böyük olduğunu göstərir. Bu həmçinin o deməkdir ki, gənclər nə qədər böyük potensiala malikdir və ölkənin gələcəyi gənclərin tutduğu mövqedən nə qədər asılıdır. Azərbaycan hökuməti bu reallıqları düzgün qiymətləndirir və buna uyğun olaraq da Azərbaycan Prezidenti tərəfindən uğurlu gənclər siyasəti həyata keçirilir. Dövlətimiz gənclərin inkişafı, yüksək bilik və bacarıqlar əldə etməsi, onlar üçün layiqli həyat şəraitinin yaradılması üçün bütün zəruri addımları atır. Bu siyasət öz bəhrəsini verir. Gənclər bu siyasəti yüksək qiymətləndirir və onlara göstərilən diqqəti cənab Prezidentin siyasətinə və dövlətə sədaqətləri ilə təsdiq edirlər”.
Əli Əhmədov qeyd edib ki, YAP-ın cəmiyyətdə rolunun artması fonunda partiyanın gənclərinin də rolunun artması bizi sevindirir: “Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, partiyamızın sıralarında gənclərimizin sayı artır və bu, özlüyündə YAP-ın təkcə bu günü ilə deyil, gələcəyi ilə bağlı da böyük perspektivlərə malik olduğunu ifadə edir. Partiyamızın 700 mindən çox üzvü var və onların 40 faizə qədəri gənclərdən ibarətdir. Getdikcə daha çox sayda Azərbaycanın fəal, vətənpərvər gəncləri öz siyasi talelərini partiyamızla bağlayır, Prezident İlham Əliyevin siyasətinə münasibətlərini bu formada ifadə edirlər. Eyni zamanda, hesab edirəm ki, gənclər YAP-ın üzvü olmaqla bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafı prosesində iştiraklarına əhəmiyyətli bir təminat əldə etmiş olur, ölkəmizdə həyata keçirilən işlərə öz töhfələrini vermək imkanı qazanırlar. Gənclərimiz YAP-a daxil olmaqla, partiyamızın siyasətini dəstəkləyir, partiyanın gücünə imkanları daxilində töhfə verirlər.
Eyni zamanda, təbii ki, gənclər YAP-ın sıralarında olmaqla öz fəallıqlarını cəmiyyətə təqdim edir, özlərini tanıdırlar. Bu da partiyamıza daxil olan gənclərimiz üçün çox əhəmiyyətlidir. Çünki bu gənclər YAP-ın sıralarında göstərdikləri ictimai-siyasi fəallıqları ilə özlərini cəmiyyətə təqdim edib gələcəyin ictimai-siyasi xadimləri kimi sağlam iddialarını ortaya qoymuş olurlar. Biz inanırıq ki, məhz bu gənclərin arasından gələcəyin çox dəyərli ictimai-siyasi xadimləri, həyatımızın bu və digər sahələrində əhəmiyyətli mövqelər tutan vətəndaşları, rəhbərləri yetişəcəklər. Gənclərin əsas vəzifəsi yüskək biliyə, bacarığa, intellektə sahib olmaq, müasir dövrlə ayaqlaşmaq  və ölkəmizin inkişafına öz töhfələrini verməkdir.
Beləliklə də, gənclər YAP-ın sıralarına qoşulmaqla özlərinin uğurlu gələcəyi üçün etibarlı meydan əldə edirlər. Təbii ki, həm Ümummilli lider Heydər Əliyevin gənclər siyasətində, həm də bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi gənclərlə bağlı siyasətdə gənclərə nə qədər böyük önəm verildiyi cəmiyyətimizə məlumdur”.

Baş nazirin müavini bildirib ki, biz gənclərimizə Azərbaycanın gələcəyi kimi, gələcək Azərbaycanın qurucuları kimi böyük ümidlərlə baxırıq. Biz istəyirik ki, gələcəyi quran insanların içərisində gənclər də fəal rol oynasınlar, daha geniş şəkildə bu prosesə öz töhfələrini versinlər. Bu həm də indiki dövrün zəruri tələbatıdır. Cəmiyyətin sürətlə dəyişdiyini, yeniləşdiyini deyən Əli Əhmədov yeni çağırışlara uyğun şəkildə fəaliyyət göstərmək zərurətinin yarandığını söyləyib. Onun sözlərinə görə, son illər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə gənclərə önəm verilməsi, gənclərin cəsarətlə irəliyə çəkilməsi məhz bu faktın göstəricisidir.

Əli Əhmədov qazanılan uğurlarla yanaşı, gənclərin qarşısında bir sıra vəzifələrin dayandığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, ən böyük vəzifələrdən biri ölkənin ictimai-siyasi həyatında yaxından iştirakı fəal şəkildə davam etdirməkdir:  “Sevindirici haldır ki, gənclər ictimai-siyasi proseslərdə çox fəaldır. 2018-ci ilin aprel ayında keçirilən prezident seçkiləri kampaniyasında gənclərimiz çox fəal iştirak etdilər. Biz gənclərin seçki kampaniyasının uğurla başa çatması üçün göstərdikləri fədakarlığı yüksək qiymətləndiririk”.
Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini deyən Əli Əhmədov bildirib ki, son 15 ildə  iqtisadiyyatımız 3 dəfədən çox artması, yoxsulluğun səviyyəsi 50 faizdən 5 faizə düşməsi , 2 milyona qədər iş yerinin açılması möhtəşəm göstəricilərdir. Digər tərəfdən, modernləşmə siyasətinin həyata keçirilməsi Bakı şəhəri ilə yanaşı, regionların simasının əhəmiyyətli dərəcədə  yeniləşməsi ilə müşahidə olunur. Eyni zamanda, bu illər ərzində  əhalinin rifahı xeyli dərəcədə yüksəlib. “Amma Azərbaycanın inkişafını gözü götürməyən xarici qüvvələr var. Onlar uğurlarımızdan  qıcıqlanır, bizim inkişafımızdan məyus olurlar. İnkişafın qarşısını almaq üçün müxtəlif planlar hazırlayırlar. Bəlkə də bunu normal qəbul etmək olar. Çünki inkişaf edən dövlətə ayrı-ayrı dövlətlərin və yaxud beynəlxalq təşkilatların qıcıqlanması bir qədər başa düşüləndir. Başa düşülməyən isə odur ki, ölkəmizin daxilində olan və müxalifət adı altında Azərbaycana böhtan atan, reallıqları təhrif edərək vətəndaşları çaşdırmağa çalışanlar var. Bu müxalifət 1992-ci ildə  hakimiyyətdə oldu. Onların  birillik hakimiyyəti  ərzində ölkəmiz dərin social-iqtisadi, siyasi böhrana yuvarlandı, Ermənistan daha çox torpaqlarımızı işğal etdi. Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Yalnız xalqın dəvəti ilə 1993-cü ilin iyun ayında Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bütün təhlükələr aradan qaldırıldı, ölkəmiz inkişaf yoluna çıxdı. Bütün bunları ona görə xatırladıram ki, 1992-ci ildə hakimiyyətdə olmuş adamlar bu gün ölkəmizi yenə də həmin problemlərə sürükləmək istəyirlər”.

YAP Sədrinin müavini qeyd edib ki, bu gün sosial şəbəkələrdə ölkəmizə qarşı qarayaxma kampaniyası aparılır: “Azərbaycan demokratik dövlətdir, söz və fikir azadlığı mövcuddur. Ancaq bundan sui-istifadə edərək Azərbaycanda qarşıdurma yaratmağa çalışan, ölkədəki sabitliyi pozmaq niyyətinə düşən qüvvələr də var. Ölkə müxalifətinin kiçik bir hissəsi olan radikal müxalifət mitinqlərdən qarşıdurma yaratmaq, söz azadlığından isə insanları təhqir etmək üçün istifadə edirlər, mənəvi terrora məruz qoyurlar. Onlar öz siyasi fəaliyyətlərində Azərbaycan üçün mümkün ola biləcək ən pis ssenariləri əsas götürürlər. Azərbaycana düşmən mövqedə duran istənilən xarici qüvvələrlə sinxron fəaliyyət göstərirlər. Bəzi hallarda bir yerdə də fəaliyyət göstərirlər və onların tapşırıqlarını yerinə yetirirlər. Buna görə də, Yeni Azərbaycan Partiyasının sıralarında olan gənclər bu həqiqətləri öz həmyaşıdlarına, dostlarına əsl gerçəkliyi, radikal müxalifətin məqsədlərini izah etməlidir”.

Əli Əhmədov bildirib ki, Azərbaycanın inkişafını gözü götürməyən, bundan qorxanlar sosial şəbəkələrdə dövlətimizə qarşı yalan, böhtan və təhqir kampaniyası aparırlar. Onun fikrincə, inkişaf edən, yüksələn Azərbaycanın reallıqlarını təhrif etmək, ona ləkə yaxmaq vicdansızlıqdır:  “Həyatımız tələb edir ki, gənclər daha geniş şəkildə bu və ya digər mesajların cəmiyyətə çatdırılmasında sosial şəbəkələrdən daha aktiv istifadə etməlidirlər. Gənclərimiz ölkənin gələcəyinə biganə deyillər və ona görə də ölkəmizdə həyata keçirilən siyasətin uğurlarını sosial şəbəkələr vasitəsilə təbliğ etməlidirlər. Xüsusilə, ölkəmizin inkişafını gözü götürməyən qüvvələrin atdığı böhtanlara cavab verməlidirlər. İstərdik ki, bu baxımdan gənclərimiz ön mövqelərdə dayansınlar”.
YAP Sədrinin müavini bildirib ki, biz gənclərimizlə qürur duyuruq, onların dövlətçiliyə, Prezidentin siyasətinə sədaqətinə inanırıq: “Gənclər əmin olmalıdırlar ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin hədəflərindən biri gənclərin hərtərəfli inkişafı və onlara layiqli həyat şəraitinin yaradılmasıdır. Bunun üçün dövlətimiz tərəfindən bütün imkanlar yaradılır. Prezident İlham Əliyevin bu istiqamətdəki siyasəti YAP-ın fəaliyyətində də əksini tapır. Partiyamız gənclərin fəallığını təmin etmək, onlar öz bilik və bacarıqlarını üzə çıxarmaq, bütövlükdə özlərini ifadə etmək üçün bütün imkanları yaradır. Əmin olmalısınız ki, YAP bundan sonra da sıralarında birləşən gənclərin inkişafı üçün ən böyük platformadır və partiyamızın əzəmətli resursları gənclərin inkişafı üçün hər bir imkanı təmin edir”, - deyən Əli Əhmədov bu ilin dekabr ayında ölkəmizdə növbəti bələdiyyə seçkilərinin keçiriləcəyini diqqətə çatdırıb. O, seçkilərdə gənclərin fəal iştirak etməsinə partiyanın maraqlı olduğunu bildirib. “Biz istəyirik ki, gənclər bələdiyyə seçkilərində fəal təmsil olunmaqla, ictimai-siyasi proseslərdə daha fəal iştirak etsinlər”-deyə, YAP Sədrinin  müavini verğulayıb.

Daha sonra tədbirdə Bakı Dövlət Universitetinin tələbəsi Ceyla Həsənzadə, Bakı Slavyan Universitetinin tələbəsi Şirin Hüseynzadə, Sumqayıt Dövlət Universitetinin tələbəsi Teymur Aslanlı və Bakı Ali Neft Məktəbinin tələbəsi Fərdin Vətəni çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən, Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısından danışıblar.

Qeyd olunub ki, Azərbaycanın inkişafını gözü götürməyən bəzi dairələrin sosial şəbəkələr vasitəsilə yalan və böhtan kampaniyası heç bir nəticə verməyəcək. Çünki Azərbaycan xalqı, o cümlədən gənclər Prezident İlham Əliyevin ətrafinda sıx birləşib. Azərbaycan gəncliyi öz prinsipial  mövqeyi ilə həmin dairələrə qarşı sözünü deyəcək.

DİGƏR Partiya xəbərləri Arxiv