YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Formula-1 Qrupunun baş icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Kerini qəbul edib.

Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Keri Azərbaycana növbəti səfərindən məmnunluğunu ifadə edərək bildirdi ki, Formula 1 çərçivəsində ötən il keçirilən 21 yarışın təhlili nəticəsində Bakıda keçirilən bu yarış ən yaxşı yarış hesab edilib.

Dövlətimizin başçısı Bakıda keçirilən Formula 1 yarışına yüksək qiymətin verilməsindən məmnunluğunu ifadə etdi. Ölkəmizə gələn turistlərin sayının ildən-ilə sürətlə artdığını deyən Prezident İlham Əliyev ötən il xarici turistlərin Azərbaycanda iki milyard dollardan çox vəsait xərclədiklərini qeyd etdi və bildirdi ki, yarım milyarda yaxın tamaşaçı auditoriyasına malik olan Formula 1-in Bakıda keçirilməsi ölkəmizə turist axınının təmin olunması işinə böyük töhfə verir. Dövlətimizin başçısı qeyd etdi ki, bütün bunlar, öz növbəsində, Azərbaycanda turizm sənayesinə cəlb olunmuş kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradır, eyni zamanda, dünyada daha çox insan Azərbaycan haqqında məlumat alır. Beləliklə, ölkəmizdə Formula 1 yarışlarının keçirilməsi həm Azərbaycanın dünyada təqdimatı, həm də eyni zamanda, iqtisadi mənfəət baxımından böyük əhəmiyyət daşıyır.

Çeyz Keri dövlətimizin başçısının fikirləri ilə tam şərik olduğunu vurğulayaraq qeyd etdi ki, bu yarışı izləmək üçün Bakıya gələn insanlar paytaxtımızda gördüklərini yüksək qiymətləndirir və Bakını çox sevdiklərini bildirirlər. Çeyz Keri bildirdi ki, Formula 1 yarışının Azərbaycanda keçirilməsi ölkəyə potensial turistlərin cəlb olunması ilə yanaşı, eyni zamanda, Bakının dünyada daha çox tanınması işinə də öz töhfəsini verir.

Görüşdə Bakıda təşkil edilən “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı 3-cü beynəlxalq konfransın əhəmiyyətinə toxunuldu, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.