YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Qətər arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun və daxili işlər naziri Ramil Usubovun başçılıq etdikləri nümayəndə heyəti Qətər Dövlətində səfərdədir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər Qətərin Baş naziri, daxili işlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Taninin dəvətinə əsasən təşkil olunub.

Səfərin məqsədi Qətərin əmiri Şeyx Təmim bin Həməd Əl Taninin himayəsi altında Dohada keçirilən bu ölkənin Daxili İşlər Nazirliyinin 10-cu təhlükəsizlik və sabitlik sərgisində (“Milipol Qətər – 2014”) iştirak etməkdir. Məqsəd, həmçinin nazirliklərin maddi-texniki bazasının gücləndirilməsi üçün müxtəlif şirkətlərin istehsalı olan yeni texnika və avadanlığa baxış keçirmək, sərgidə iştirak edən ayrı-ayrı dövlətlərin müvafiq qurumları ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi istiqamətində bir sıra görüşlər keçirərək qarşılıqlı maraq doğuran məsələləri müzakirə etməkdir.

Səfər zamanı Əl Bəhr sarayında Qətər Dövlətinin əmiri əlahəzrət Şeyx Təmim bin Həməd Əl Tani Kəmaləddin Heydərovu və Ramil Usubovu qəbul edib.

Görüşdə “Milipol Qətər–2014” sərgisinin əhəmiyyəti qeyd olunub, nazirliklərin fəaliyyəti barədə geniş məlumat verilib.

Bundan başqa, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin Baş naziri, daxili işlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Tani ilə də görüşüb.

Görüşdə iki ölkənin nazirlikləri arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Sənədi fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Qətər Dövlətinin Daxili Təhlükəsizlik Qüvvələrinin rəhbəri Fahad Rəşid Əl Əli imzalayıblar.