YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici İşlər Nazirliyində 20 Yanvar faciəsinin növbəti ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Yanvarın 18-də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində 20 Yanvar faciəsinin növbəti ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Anım tədbirində əvvəlcə Qanlı 20 Yanvar hadisələri zamanı həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Azərbaycan xalqının azadlıq, müstəqillik və ərazi bütövlüyü mübarizəsi tarixinin şanlı səhifəsi olan 20 Yanvar faciəsinin səbəb və nəticələri haqqında məlumat verib.

O bildirib ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet silahlı qüvvələri heç bir xəbərdarlıq etmədən Bakıya yeridilib. İmperiya ordusu həmin gecə dinc əhaliyə tank, pulemyot, avtomat və digər silahlardan atəş açaraq yüzdən çox dinc sakini, o cümlədən qadınları və uşaqları xüsusi qəddarlıqla qətlə yetirib.

L.Abdullayeva qeyd edib ki, sovet silahlı qüvvələrinin çoxsaylı kontingenti Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar.

O, bu faciəyə ilk siyasi qiymətin ümummilli liderimiz Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırıb. Eyni zamanda, 20 Yanvar hadisələrinin indiyədək öz layiqli beynəlxalq hüquqi-siyasi qiymətini almadığını təəssüf hissi ilə qeyd edib. Qanlı 20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.

Daha sonra Xarici İşlər Nazirliyinin ikinci avropa idarəsinin rəisi Eldar Səlimov çıxış edərək bildirib ki, 20 Yanvar hadisələri faciəvi olsa da milli dövlətçiliyimizin bərpasında çox önəmli xarakter daşıyır. Həmin gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Azərbaycanın xarici siyasətinin əsas vəzifələrindən biri də 20 Yanvar faciəsinin beynəlxalq aləmə çatdırılması, dünya informasiya məkanında bu faciənin əsl həqiqətlərinin üzə çıxarılmasıdır. O qeyd edib ki, Azadlıq uğrunda mübarizə aparan 20 Yanvar faciəsi qurbanlarının xatirəsi xalqımızın qəlbində yaşayır və daim yaşayacaq.