YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan və dövrün müasir tələblərinə uyğun daim təkmilləşən sosialyönümlü iqtisadi siyasət ölkəmizin əldə etdiyi uğurları daha da artıracaq

“Hər bir ölkədə onun inkişaf səviyyəsindən və dövrün tələbindən asılı olaraq daim iqtisadi islahatlar həyata keçirilir. İqtisadi islahatlar isə iqtisadi sistemləri və formaları səmərəli dəyişməyə yönəlmiş mürəkkəb və çoxmərhələli bir prosesdir. İstənilən iqtisadi islahatın əsas məğzi onun innovasiyalı xarakter daşımasıdır. Çünki hər bir islahat başqasını təkrar etmir, onun həyata keçirilməsinin özünəməxsus xüsusiyyəti və şərtləri olur”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, Azərbaycanda yaranmış böyük və davamlı maliyyə imkanlarından daha səmərəli istifadə etmək üçün yeganə düzgün siyasi və iqtisadi qərar həmin vəsaitin Prezident İlham Əliyevin təsdiq etdiyi dövlət proqramları çərçivəsində xərclənməsi idi. Hadisələrin sonrakı gedişi bir daha sübut etdi ki, İlham Əliyevin 15 illik prezidentliyi dövründə regionların sosial-iqtisadi inkişafına, yoxsulluğun azaldılmasına, ərzaq təhlükəsizliyinin təmin olunmasına və müxtəlif sahələrin inkişafına dair qəbul olunan çoxsaylı dövlət proqramları vaxtında atılmış addımlar idi. Həmin sənədlərin icrası nəticəsində ölkəmizin davamlı və dinamik inkişafının möhkəm təməli qoyulmuşdur. Bununla da Azərbaycan qloballaşan dünya iqtisadiyyatında dinamik inkişaf edən, digər ölkələrin iqtisadiyyatının möhkəmlənməsinə töhfələr verən və siyasi sabitliyini təmin edən bir ölkə kimi özünəməxsus mövqe tutmuşdur.

Onun sözlərinə görə, zamanın çağırışlarına uyğun olaraq, hazırda innovasiyalar tətbiq etmədən ölkə iqtisadiyyatını inkişaf etdirməyi təsəvvür etmək çox çətindir. İnnovasiya elmi-texniki tərəqqinin yeni texnologiyada və məhsulda öz əksini tapması kimi anlaşıldığına və dərin islahatlar strategiyasının əsasını təşkil etdiyinə görə müasir dünya təcrübəsinə yiyələnərək respublikamızda istehsal olunan məhsulların daha çox elmi tutumlu olması istiqamətində geniş işlər aparılır. Əlbəttə, yenilik dövlət dəstəyi olmadan inkişaf edə bilməz. Belə yeniliklərdən biri Sahibkarlığa Kömək Milli Fondunun yaradılması idi. Bu fond tərəfindən indiyə kimi sahibkarlara 2,2 milyard manat güzəştli kreditlər verilib, bu hesaba 163 min yeni iş yeri açılıb. İnvestisiya təşviqi mexanizminin tətbiqi sayəsində isə özəl sektor qeyri-neft sektoruna 2,5 milyard manat sərmayə qoyub. Bu sərmayələr nəticəsində ölkəmizdə dünya standartları səviyyəsində rəqabətədavamlı müxtəlif çeşiddə sənaye və kənd təsərrüfatı məhsulları istehsal edən sənaye parkları və aqroparklar inşa edilir.

“Bu gün abadlaşan bölgələrimiz, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən Bakı, tikilən 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, 50-dən çox Olimpiya Mərkəzi, çəkilmiş 11 min kilometrdən çox yol, 250 mindən çox köçkün üçün salınmış 100-ə yaxın təzə qəsəbə, yeni yaradılmış enerji infrastrukturu, dinamik inkişaf edən və şaxələndirilən iqtisadiyyat - bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etməyə yönəlmiş sistemli islahatlarla daim təkmilləşən iqtisadiyyatın Azərbaycan modeli dayanır. Bu modelin bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və İlham Əliyev tərfindən müasir tələblərə uyğun modernləşdirilərək inkişaf etdirilmişdir. Son 15 ilin yekunları onu sübut edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə formalaşan və dövrün müasir tələblərinə uyğun daim təkmilləşən sosialyönümlü iqtisadi siyasət ölkəmizin əldə etdiyi uğurları daha da artıracaq”- deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.