YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Möhtəşəm quruculuq: Dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib

Dekabrın 24-də Bakıda Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Möhtəşəm quruculuq. Dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib. Konfransda Yeni Azərbaycan Partiyasının Idarə Heyəti və Siyasi Şurasının üzvləri, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak ediblər.

Konfransda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, ölkəmizin inkişafı Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə bağlıdır.Onun sözlərinə görə, ötən 15 il ərzində Azərbaycanda böyük quruculuq işləri aparılıb, ölkəmizin siması əsaslı dərəcədə dəyişib: “Ötən illər ərzində insanların rifahının xeyli dərəcədə yaxşılaşması bütövlükdə Azərbaycanın güclənməsi ilə əlaqədardır. Azərbaycan o dərəcədə  sürətlə inkişaf edib, yeniləşib və müasirləşıb ki, bu prosesə həsr olunan konfransların keçirilməsi bir tərəfdən zərurətə çevrilib, digər tərəfdən insanların, o cümlədən YAP-ın üzvləri üçün böyük qürur hissi doğurur. Ümumiyyətlə, Azərbaycanın yüksəlişi Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətlə bağlıdır. Bu siyasət son 15 il ərzində ölkə Prezidenti,  Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilir. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, son 15 il Azərbaycan tarixinin qürur hissi doğuran səhifələrini təşkil edir. Bu illər ərzində Azərbaycan həyatın bütün sferalarında ciddi şəkildə yeniləşib və müasirləşib. Və ən başlıcası insanların həyatı müsbət mənada dəyişib. İnsanlarımız daha yaxşı yaşayırlar və bu amil cəmiyyətimizin  birliyini daha da gücləndirib. 15 il ərzində Azərbaycanda bütün sahələr üzrə möhtəşəm və əzəmətli dəyişiliklər baş verib. Ötən 15 ilin nailiyyətləri həmçinin Azərbaycanın yeni modern əsaslarda qurulması ilə əlaqədardır. Ona görə də, bu dövrü möhtəşəm quruculuq illəri adlandırmaq olar”.

Əli Əhmədov qeyd edib ki, son 15 il ərzində Azərbaycanda böyük quruculuq işləri aparılıb, ölkəmizin siması əhəmiyyətli dərəcədə dəyişib. Onun sözlərinə görə, Bakı şəhərinin tamamilə yeniləşməsi, müasirləşmə və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi ötən 15 ilin ən böyük uğurlarından biridir: “Bu amil, quruculuq işləri təkcə Bakı ilə məhdudlaşmır. Ölkəmizin bütün guşələrdə möhtəşəm quruculuq işləri həyata keçirilib və bu gün də davam edir. Bu siyasət, möhtəşəm quruculuq siyasəti uğurla davam edəcək və Azərbaycanın quruculuq strategiyası daha böyük nailiyyətləri özündə ehtiva edəcək. Bu mənada hesab edirəm ki, möhtəşəm quruculuq bizim yaşadığımız illərin ən əsas keyfiyyətlərindən birini təşkil edir. Bu quruculuğun, əhəmiyyətli dəyişikliklərin müəllifi isə Prezident İlham Əliyevdir”.

YAP Sədrinin müavini qeyd edıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin çox vacib cəhətlətindən  biri quruculuq strategiyası ilə bağlıdır. Ölkəmizdə infrastruktur yeniləşməsinin  gerçəkliyə çevrildiyini deyən Əli Əhmədovun sözlərinə görə, quruculuq məfkurəsi dedikdə, bütövlükdə biz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin bütün istiqamətlərini  birləşdrən bir ifadə kimi görürük: “Ümummilli liderimiz Heydər Əliyev hələ sovetlər birliyi dövründə Azərbaycana hakimiyyətə gəldikdən sonra respublikamız keçmiş ittifaqda ön sıralara yüksəldi. Həmin dövrdə də böyük quruculuq işləri həyata keçirildi. Müstəqilli illərində isə Ulu öndərimiz Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi. Bu strategiyaya uygun olaraq ölkəmizdə son 15 ildə həyata keçirilən quruculuq işləri Prezident İlham Əliyevin siyasətinin təntənəsidir. Bu mənada Prezident İlham Əliyev quruculuq baxımdan Azərbaycan tarixinin  ən böyük liderlərindən biridir, birincisidir”.

Ba nazirin müavini söyləyib ki, quruculuq məfkurəsi yaşadığımız dövrün vacib xarakteristikasını özündə ehtiva edir. Onun sözlərinə görə, bu konfrans YAP tərəfindən Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş sayca 15-ci konfransdır. Konfransın ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin doğum gününə təsadüf etdiyini deyən Əli Əhmədov bu münasibətlə dövlət başçısını təbrik edib, Ona möhkəm cansağlığı və Azərbaycanın inkişafı yolunda daha böyük naliyyətlər arzulayıb.

Daha sonra tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev çıxış edib. Ş.Mustafayev bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş davamlı inkişaf və ictimai-siyasi sabitlik bu siyasi kursun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənib, iqtisadiyyatın saxələndirilməsinin sürətləndirilməsi, qeyri-neft sektoru üzrə istehsalın və ixracın artırılması, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyəti üçün biznes mühitinin və tənzimləyici bazanın yaxşılaşdırılması, biznesə yeni dəstək mexanizmlərinin yaradılması istiqamətlərində kompleks tədbirlər görülüb.

Ş. Mustafayev bildirib ki, son 15 il ərzində ölkədə 2 milyon yeni iş yeri yaradılıb, bunlardan 75 faizi regionların payına düşüb: “Sənaye parklarının 70-dən çox rezidenti tərəfindən ölkə iqtisadiyyatına beş milyard dollardan çox investisiya qoyulub. Ötən ilin yekunlarına əsasən ÜDM-də özəl sektorun payı 84 faiz, məşğulluqda 76 faiz təşkil edib. Son 15 il ərzində ölkə iqtisadiyyatına qoyulan investisiyaların ümumi həcmi 250 milyard dollara çatıb. Bu sərmayələrin yarısı xarici investisiyaların payına düşür”. Onun sözlərinə görə, 2018-ci il yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft ixracında sənaye sektorunun payı 52 faizə çatıb. Nazirin sözlərinə görə, investisiyaların 60 faizdən çoxu qeyri-neft sektoruna yerləşdirilib. Hesabat dövründə xarici ticarətin həcmi 5,3 dəfə, qeyri-neft ticarəti 4,1 dəfə artıb.

Nazir söyləyib ki, aqrar sektora dövlət dəstəyi mexanizmlərinin dərinləşməsi və intensiv texnologiyaların tətbiqi, kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi, aqroparklar, iri fermer və bağçılıq təsərrüfatları, müasir heyvandarlıq və istixana kompleksləri, quşçuluq fabriklərinin fəaliyyətə başlaması, meliorativ tədbirlər nəticəsində yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi bu sahədə iqtisadi artıma təsir edən əsas amillərdəndir. Ümumilikdə, kənd təsərrüfatının inkişafı istiqamətində aparılan kompleks tədbirlərin nəticəsi olaraq cari ilin 9 ayında bu sahədə real artım 4,3 faiz təşkil edib.

Hazırda 30 rayon üzrə 192 min hektar ərazidə investisiya dəyəri 1,4 milyard manat olan 45 aqroparkın yaradılması üzrə işlər sürətlə davam etdirilir. Bu çərçivədə 332 milyon manat dövlət maliyyə dəstəyi göstərilib ki, bunun da 219 milyon manatı infrastrukturun yaradılmasına yönəldilən dövlət investisiya qoyuluşu, 113 milyon manatı isə 17 aqroparka verilmiş güzəştli kreditlərdir. Bununla yanaşı, 15 aqropark üzrə dəyəri 566 milyon manat olan 27 layihəyə investisiya təşviqi sənədi verilib. Artıq 6 aqropark fəaliyyətə başlayıb, cari ilin sonunadək daha 12 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Qeyd edilənlər nəzərə alınaraq, aqrar sektor üzrə 2019-cu ildə 4,6 faiz, növbəti 3 ildə orta hesabla 4,5 faizdən çox artım gözlənilir.

Konfransda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, son 15 il ərzində Bakıda çox böyük quruculuq işləri həyata keçirilib, paytaxtın siması tamamilə dəyişib, gözəl memarlıq üslubunda tikilən bir şəhərə çevrilib. İcra başçısı bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən layihələrdə Bakının daim böyük yeri olub: "Görülən işlər nəticəsində Bakı dünyanın ən böyük şəhərlərindən birinə, investorlar üçün ən cəlbedici məkanlardan birinə çevrilib, son bir ildə şəhərə 12 milyard manat investisiya qoyulub. 2005-ci ildən Bakıda sənaye istehsalı 4 dəfə artıb".

E.Əzizov söyləyib ki, ötən illər ərzində Bakıda avtomobillərin sayı 2 dəfə artaraq 663 minə çatıb: "Prezident İlham Əliyevin apardığı işlər nəticəsində Bakıda sahibkarlıq inkişaf edir. 2005-ci ildə Bakıda 40-a yaxın hotel olubsa, hazırda bu rəqəm 4 dəfə artıb. Bakı keçmiş sovet məkanında 5 ulduzlu hotellərin sayına görə ilk yerlərdə qərarlaşıb. Təkcə bu il Bakını 2 milyondan artıq turist ziyarət edib və proqnozlara görə bu rəqəm artacaq".

İcra başçısı deyib ki, 15 ildə Bakıda intensiv tikinti işləri aparılıb və bu gün də tikinti ilə bağlı müraciətlərin sayı artmaqdadır: "Bu, Bakının inkişafından xəbər verir. Beynəlxalq agentliklərin reytinqinə görə turistlər üçün Bakı memarlıq abidələri ilə yadda qalan 5 şəhərdən biri hesab edilir". O vurğulayıb ki, bu gün Bakıda salınan parklar böyük əraziləri əhatə edir, meqaparklar yaradılır: "Paytaxtımız dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilib. Bakı öz tarixində heç zaman belə inkişaf görməyib. Bütün bunların əsasında İlham Əliyev fenomeni dayanır. Ölkəmiz və paytaxtı İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər əldə edəcək".

E.Əzizovun sözlərinə görə, Bakının yeni baş planı hazırlanır, şəhərdə sıxlığın azaldılması üçün müvafiq tədbirlərin görülməsi, sənaye müəssisələrinin paytaxtdan kənara çıxarılması nəzərdə tutulur.