Xəbərlər
Hikmət Babaoğlu: “The Guardian” nəşrində dərc edilənlər yalan və uydurmalara əsaslanır

“Müasir beynəlxalq münasibətlər sistemində informasiya müharibəsi yumşaq güc vasitələri ilə aparılan ən effektiv müharibə formalarından biridir. Bəzi dövlətlər informasiyanı təzyiq vasitəsi kimi, bəzi dövlətlər şantaj vasitəsi kimi, bəzi dövlətlər isə idarəetmə rıçaqı kimi görür və öz maraqları üçün bundan istifadə edirlər. Transmilli media da bu qəbildən olan beynəlxalq təzyiq vasitələrindən biridir”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bildirib ki, adətən belə media vasitələrində milli dövlətlərin liderləri, onların ailə üzvləri, yaxınları və siyasi komandasına daxil olan şəxslər haqqında müxtəlif əsası olmayan neqativ informasiyalar yaymaqla bir növ həmin dövlətə təzyiq etməyə çalışırlar: “Azərbaycana münasibətdə də belə hallar istisna deyil. Müxtəlif vaxtlarda bu tipli metodlarla bəzi informasiya hücumları təşkil olunub və bu, həmişə Azərbaycanın müstəqil siyasət həyata keçirməsi və milli maraqları qətiyyətlə müdafiə etməsi ilə bağlı olub. Elə dekabrın 21-də Böyük Britaniyanın “The Guardian” nəşrində Azərbaycan Respublikası Prezidentinin ailə üzvləri ilə bağlı iftira və böhtan xarakterli materialların verilməsi də növbəti bu tip çirkin addımlardan biridir. Məsələ ondadır ki, hazırda olduqca mürəkkəb bir tarixi mərhələdən keçirik və yaşadığımız geostrateji rayonda mürəkkəb qlobal siyasi oyunlar davam edir. Belə məsuliyyətli və gərgin dövrdə Azərbaycan Prezidenti daim milli maraqlardan çıxış edərək olduqca mühüm qərarlar qəbul edir və bu qərarları qonşu və dost ölkələrin maraqları ilə uzlaşdırır”.
“Hər kəsə bəllidir ki, bu gün azərbaycanın şimal, cənub və qərb qonşuları Yaxın Şərq məsələsində sinxron hərəkət etməklə qlobal imperializmi bu böyük və dağıdıcı layihələrində kardinal dəyişikliklər etməyə məcbur buraxdılar. Bu mühüm siyasi prosesdə Azərbaycan milli və regional maraqlardan çıxış etməklə mənsub olduğumuz siyasi coğrafiyada idarəolunan xaos nəzəriyyəsinin tətbiq olunması siyasətini dəstəkləmədi. Eyni zamanda, Ermənistan Azərbaycan Dağlıq Qarabağ probleminin həllində prinsipial mövqe nümayiş etdirməklə nə iqtisadi, nə də kommunikasiya sahəsində üstüörtülü şəkildə işğalçı ölkəni himayə edən güc mərkəzlərinə güzəştə getmədi. Tam əksinə, regionu diplomatiya mərkəzinə çevirlməklə öz ətrafına strateji tərəfdaşlar toplayaraq yeni siyasi-iqtisadi reallıqlar yaratmaqla Ermənistanı daha da küncə sıxışdırdı. Bütün bunların hamısı Azərbaycanın regionun ən müstəqil siyasi aktoru olduğunu bir daha sübut etmiş oldu. Belə mövqe isə bəzi qlobal güc mərkəzlərini narahat etməyə bilməz. Ona görə də belə mərkəzlər tərəfindən informasiya gücü vasitəsilə siyasi təzyiq metodları həyata keçirilir ki, bu da ölkəmizə münasibətdə əsla effektiv ola bilməz. Çünki dərc edilənlər yalan və uydurmalara əsaslanır və konkret çirkin məqsədlərə hesablanıb”,-deyə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu vurğulayıb.