YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Firudin Qurbanov: Cari tədris ilinin sonunadək 43 regionda 8120 şagird yerlik 137 modul tipli məktəbin quraşdırılması işləri başa çatdırılacaq

“İnsanların təfəkkür və davranış stereotiplərinin dəyişdirilməsi, cəmiyyətin, iqtisadiyyatın və bütövlükdə dövlətin müasirləşdirilməsi üçün təhsil və maarifləndirmə bütün zamanlarda ən təsirli vasitə olub. Bu gün də davamlı inkişafı təmin edəcək amillər arasında təhsilin əsas rol oynadığını biz bir daha qeyd etməliyik. Həyatın bütün sahələrinin müasir texnoloji yeniliklərlə əhatə olunduğu bir dövrdə, ölkələrin və cəmiyyətlərin inkişafı və rəqabət qabiliyyətli iqtisadi sisteminin formalaşdırılması yalnız müasir tələblərə cavab verən yüksək potensiallı kadrların mövcudluğu ilə mümkün ola bilər. Məhz bu səbəbdən Azərbaycan hökuməti öz vətəndaşları üçün ən keyfiyyətli təhsil imkanlarını yaratmağa çalışır və bu istiqamətdə ciddi addımlar atmaqdadır”. Bu fikirləri təhsil nazirinin müavini Firudin Qurbanov YAP Gnclər Birliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədləri gənclər üçün” mövzusunda keçirilən konfransda deyib.

F.Qurbanov bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü istiqaməti olan  “hamı üçün inklüziv və keyfiyyətli təhsilin təminatı və ömürboyu təhsilin təşviq edilməsi”  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ilə bir çox sahələrdə uyğunluq təşkil edir. Bu da Azərbaycanda təhsil sahəsində islahatların həyata keçirilməsi istiqamətində fəal addımlar atmağa imkan verir. Onun sözlərinə görə, Dövlət Strategiyası çərçivəsində aparılan təhsil islahatları Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü istiqamətində nəzərdə tutulmuş bir çox sahələri əhatə etməkdədir. Dövlət Strategiyasının əsas prinsipləri olan “bilik iqtisadiyyatı” və ya “post sənaye” dövründə insan kapitalına investisiya yatırılması ölkəmizin təhsil sisteminin gücləndirilməsinə töhfə verməkdədir.

““Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivləri üzrə Strateji Yol Xəritələri”ndə nəzərdə tutulmuş tədbirlərə, təhsil siyasəti və strategiyasına, təhsil sahəsində həyata keçirilən islahatlara uyğunlaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Strategiyada nəzərdə tutulmuş müasir tələblərə cavab verən və ömürboyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması hədəfinə nail olunmasıistiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturu əsaslı şəkildə müasirləşdirilmiş, son 5 ildə 500-dən çox, 2003-2018-ci illər ərzində isə ölkədə 3200-dən çox məktəb binası tikilmiş və ya əsaslı təmir edilmiş, nəticədə 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılmışdır. Ölkə Prezidentinin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingenti olan qəzalı vəziyyətdə olan məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilmiş, 2017-ci ildə 40 rayonda 6 min şagird yerlik 106 modul tipli məktəb quraşdırılmışdır. Cari tədris ilinin sonunadək 43 regionda 8120 şagird yerlik daha 137 modul tipli məktəbin quraşdırılması işləri başa çatdırılacaq, azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəblərinin problemi əsasən həll ediləcəkdir”-deyə, nazir müavini vurğulayıb.