YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dmitri Savelyev: Heydər Əliyev azərbaycanlılara firavanlaşan ölkəni, bütün dünyaya həqiqi vətənpərvərlik nümunəsini miras qoyub

“Tarixdə bütöv bir dövrün rəmzi olan, arxasınca xalqın getdiyi, sağlığında canlı əfsanəyə çevrilən şəxsiyyətlər az-az yaranır. Heydər Əliyev məhz belə insan idi”. Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev deyib.

O vurğulayıb: “Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, beynəlxalq aləmdə ölkənin nüfuzunun artırılmasında, Rusiya ilə Azərbaycan arasında bu gün strateji xarakter daşıyan ikitərəfli münasibətlərin inkişafında bu dahi strateqin, istedadlı dövlət xadiminin tarixi rolunun əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir. Heydər Əliyev Sovet İttifaqı hökumətinin tərkibində işlədiyi dövrdə Rusiya ərazilərinin inkişafına da çox böyük töhfələr verib. Axı, Heydər Əliyev ən mürəkkəb və məsul sahələrə, o cümlədən həmin vəzifəyə gəldiyi dövrdə dərin böhran vəziyyətində olan dəmir yoluna, habelə o dövrün digər ən iri tikintilərinə - Qərbi Sibirdən və Urenqoydan ölkənin Avropa hissəsinə qaz kəmərləri çəkilişinə, məşhur Baykal-Amur Magistralına görə cavabdeh idi. Qaz sənayesinin, elmin, təhsilin, təbabətin inkişafı onun xüsusi nəzarətində idi. Yeri gəlmişkən, mənim doğma şəhərim Novosibirskdə SSRİ Pedaqoji Elmlər Akademiyasının Elmi-tədqiqat informatika və hesablama texnikası institutu məhz onun imzaladığı qərar sayəsində yaradılıb”.

Dövlət Dumasının deputatı vurğulayıb ki, Heydər Əliyev son dərəcə savadlı adam idi. D.Savelyev deyib: “Məni ən çox heyrətləndirən budur ki, Heydər Əliyev ən yüksək vəzifələrdə çalışanda da həmişə nəyi isə öyrənir, əlavə ali təhsil alırdı, o cümlədən Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdi. Yəni o, sadəcə müdrik rəhbər deyil, həm də tarixin ibrət dərslərindən nəticə çıxarmağı bacaran, son dərəcə savadlı adam idi”.

Deputatın sözlərinə görə, Heydər Əliyevi şəxsən tanıyan adamlar təsdiqləyirlər ki, o, çox təvazökar və ilk növbədə, özünə qarşı tələbkar adam idi. D.Savelyev sonda deyib: “Fikrimcə, hamı mənimlə razılaşar ki, Heydər Əliyev azərbaycanlılara güclü, firavanlasan bir ölkəni, bütün dünyaya isə həqiqi vətənpərvərlik və öz ölkəsinə hədsiz sədaqətlə xidmət nümunəsini miras qoyub”.