YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Azərbaycan münaqişənin həlli prosesində beynəlxalq hüquq norma və prinsiplərindən çıxış edir

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində dövlət başçımızın mövqeyi beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanır. Münaqişənin həlli prosesində bu mövqe hər zaman müdafiə olunur. Lakin Ermənistan tərəfi hər zaman olduğu kimi yenə də  bu prosesdə özünün qeyri-konstruktiv mövqeyini qoruyub saxlamaq istəyir. Xüsusilə də 9 dekabr parlament seçkiləri yaxınlaşdıqca münaqişənin tənzimlənməsi prosesində həm hakimiyyət, həm də müxalifət kompromis mövqeyi ilə seçicilərin diqqətini cəlb etmək istəyirlər”. Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Azərbaycan tərəfinin əsir və girovların “hamının-hamıya” prinsipi ilə qaytarılması ilə bağlı təklifi qarşı tərəfdən adekvat reaksiya ilə müşayiət olunmadı: “Hətta, bu gün Azərbaycanda həbsxanada olan Baqdasaryanın belə Ermənistan rəhbərliyinə müraciəti nəticə vermədi. Baxmayaraq ki, erməni xalqı və ictimaiyyəti bu məsələlərdə hakimiyyətdən fərqli mövqedə dayanır və Azərbaycanın bu istiqamətdəki təklif və ideyalarını müdafiə edir. İş o yerə gəlib çatıb ki, analoji məsələ ilə bağlı erməni analar avtomobil yolunu da bağlamışdılar. Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan isə heç bir halda belə bir addımı ata bilməyəcəyini, guya bu addımı atsa erməni valideynlərinə bunu necə izah edəcəyini və bu kimi digər mənasız, gülünc ifadələr söyləyib. Başqa bir çıxışında isə bir qədər də ifrata vararaq deyib ki, ümumiyyətlə, axı biz necə onları dəyişə bilərik, Azərbaycanda girov, əsirlər olduğu, lakin Ermənistanda isə girovların, əsirləri olmadığı halda biz bunu necə edə bilərik. Bu kimi cəfəng və heç kimin inanmayacağı yalanlarla dolu bir məlumatlar verir”. 

Millət vəkilinin sözlərinə görə, bu gün ATƏT PA Azərbaycanın mövqeyini dəstəkləyir və bunun haqq işi olduğunu bildirir.

“Azərbaycanın bu təklifi münaqişənin tənzimlənməsi prosesində bizim mövqe üstünlüyümüzü daha da gücləndirir. Yəni beynəlxalq ictimaiyyət, ATƏT rəhbərliyi bir daha görür ki, Azərbaycan münaqişənin həlli prosesində həm humanizm prinsiplərindən, həm də beynəlxalq hüquq norma və prinsiplərindən çıxış edərək çox vacib təşəbbüslər göstərir. Amma Ermənistan isə bundan imtina edir. Münaqişənin tənzimlənməsi prosesində Ermənistanın əsl mahiyyəti həm də bununla açılmış olur”-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv