YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qadınlar Şurası İdarə Heyətinin üzvləri ölkəmizdə səfərdə olan türkdilli ölkələrin parlamentlərinin bir qrup qadın millət vəkilləri ilə görüşüblər

Noyabr 29-da Türk Dünyası Qadın Platformasının (TÜRKAP) təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan türkdilli ölkələrin parlamentlərinin bir qrup qadın üzvləri ilə Yeni Azərbaycan Partiyası Qadınlar Şurası İdarə Heyətinin üzvlərinin görüşü keçirilib.

Bakı Slavyan Universitetində keçirilən görüşdə qonaqlar əvvəlcə universitetin tələbələrinin təqdimatında türk və slavyan xalqlarının mədəniyyətini əks etdirən musiqili kompozisiyanı izləyiblər.

Daha sonra görüşdə YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, BSU-nun rektoru Nurlana Əliyeva Azərbaycanla türkdilli ölkələr arasında münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını bildirib. N.Əliyeva qeyd edib ki, əlaqələrin inkişafında vətəndaş cəmiyyətinin müxtəlif platformaları da vacib rol oynayır. Bu mənada qadınların da təşəbbüskarlığını yüksək qiymətləndirən YAP Qadınlar Şurasının sədri Azərbaycan və Türkiyə qadınlarının əməkdaşlıq əlaqələrini xüsusi vurğulayıb.

  YAP Qadınlar Şurasının bır sıra ölkələrin siyasi partiyalarının  qadın qolları ilə əməkdaşlıq etdiyini deyən N.Əliyeva bu baxımdan, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qadın qolları ilə əlaqələri xüsusi qeyd edib. Onun fikrincə, qloballaşan dünyada türkdilli ölkələr arasında münasibətlərin daha güclənməsi vacibdir. Bu münasibətlərin güclənməsinə türk dünyasının qadınları da böyük töhfələr vermək imkanındadır.

Görüşdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan millət vəkili, parlamentin Dilekçe komissiyası başkanı Mihrimah Belma Satır Azərbaycanla Türkiyənin münasibətlərinin “Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslandığını söyləyib. Onun sözlərinə görə, türk dünyasının qadınları arasında əlaqələrin güclənməsi zəruridir. Bu baxımdan, TÜRKAP platforması çox təqdirəlayiqdir.

Görüşdə həmçinin TÜRKAP-ın rəhbəri İlhamə Novruzova, Şimali Kipr Parlamentinin millət vəkili Resmiye Canaltay, Qırğızıstan parlamentinin üzvü Elvira Surabaldiyeva, YAP Qadınlar Şurası İdarə Heyətinin üzvləri- Hesablama Palatasının auditoru Mehriban Alışanova, Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Kamilə Əliyeva, Sevinc Hüseynova və digərləri çıxış ediblər.