YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akademik Ramiz Mehdiyev: Vicdanlı tarixçilər ermənilərin xristianlığı birinci qəbul etmiş xalq şöhrətini öz adlarına çıxmalarına imkan verməzlər

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Şərq-Qərb” nəşriyyat evində yenicə çapdan çıxmış “Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində” kitabı ümummilli lider Heydər Əliyevin “Tarix həmişə hər şeyi öz yerinə qoyur” sözləri ilə açılır.

Kitabın əvvəlində müəllif “mif” anlayışını, miflərin sosial mahiyyətini ətraflı izah edir, bu mövzuya həsr olunmuş fundamental fəlsəfi əsərlərin A.Losev və D.Çijevski kimi müəlliflərinin fikirlərindən sitatlar gətirir. Akademik Ramiz Mehdiyev yazır: “Miflər aləmi praktiki təcrübə məntiqinə tabe olmur. Məhz bu səbəbdən miflərə çox vaxt etnosun mənşəyini izah etmək üçün müraciət olunur. Bu, mifoloji təfəkkürün tarixi ümumiləşdirmələrə gəlişinin nəticəsidir. Ümumiləşdirici təfəkkürün sonrakı inkişafı ilə əlaqədar olaraq mifoloji şüurun artıq başqa pilləsi yaranır. Çox vaxt o, etnosu yaratmış “vahid ata” deyilən varlıq haqqında təsəvvürlər dərəcəsinə çatır”.

Müəllif qeyd edir ki, miflərin müxtəlif aspektlərini, o cümlədən onun fəlsəfəsini öyrənən ciddi bir elm - mifologiya elmi mövcuddur, lakin mifologiya ilə yanaşı, “mifolojiləşdirmə” də vardır. Mifolojiləşdirməni, yəni, xalqın yaratdığı mifləri siyasi texnoloqların və siyasətbazların effektiv aləti olan süni mifolojiləşdirmədən fərqləndirmək lazımdır.

Erməni Apostol kilsəsi, erməni diasporu, siyasi elita, ideoloqlar və “tarixçilər” birlikdə dünya ermənilərini miflər aləmində saxlamaqda davam edir. Akademik bunları nəzərə alaraq, mötəbər mənbələrdən, o cümlədən erkən xristianlığın tarixindən, habelə erməni mənbələrindən gətirilən təkzibedilməz tarixi dəlillər əsasında sübut edir ki, ermənilərin xristianlığı dövlət səviyyəsində birinci olaraq qəbul etmələri barədə dedikləri uydurmadan başqa bir şey deyildir.

Tarixçilər çoxdan eyni fikrə gəliblər ki, xristianlığa üz tutan ilk monarx aramidilli Osroyenanın hökmdarı, eramızdan əvvəl 4-cü ildən bizim eranın 7-ci ilinə qədər, sonra isə bizim eranın 13-50-ci illərində hakimiyyətdə olmuş Edessa çarı V Abqardır. Kitabda bu çarlığın bütün hökmdarlarının siyahısı xronoloji ardıcıllıqla verilib. Osroyenanın xristianlığı birinci olaraq qəbul etməsini S.Moffet, U.Smit, Artur MakQiffert, Samuel Çetham, Ceyms Hastinq və bir çox başqaları təsdiq edirlər. Akademik Ramiz Mehdiyevin kitabında bu tarixçi və ilahiyyatçıların fikirlərindən iqtibaslar gətirilir. Məsələn, kitabda alman tarixçisi və ilahiyyatçısı Adolf fon Harnakın aşağıdakı sözləri sitat gətirilir: “...Şübhə yoxdur ki, xristianlıq hələ 190-cı ilə qədər bütün Edessada (Osroyenanın paytaxtı) və ona bitişik vilayətlərdə fəal yayılırdı və kilsəni (yəni, xristianlığı) çar sarayı da (201-ci ildən az sonra və bəlkə daha əvvəl) qəbul etmişdi”.

Kitabda tarixçi C.Seqalın bu fikrinə də istinad edilir: “III əsrin əvvəlində Edessanın əsas məhəlləsində kilsə vardı, hərçənd, ola bilsin ki, əhalinin əksəriyyəti hələ bütpərəst olaraq qalırdı. Lakin bir əsrdən sonra xristianlıq bu şəhərdə nəinki hakim etiqada çevrildi, hətta İncilin yayılması tarixi xristian dünyasında çox populyar oldu. Edessa xristianlığı rəsmi din kimi qəbul etmiş ilk çarlıq sayılır”.

Akademik Ramiz Mehdiyev onu da sübut edir ki, ermənilər tərəfindən “özəlləşdirilmiş” Sanatruk və I Tiridat əslində, mənşə etibarilə sözün müasir anlamında erməni olmayıblar. Üstəlik, Sanatruk tarixə xristianlığın qatı düşməni kimi düşüb.

Müəllifin fikrincə, erməni təbliğatçıların bu sahədə məlumatı olmayan insanları qismən çaşdırmağa nail olmaları bununla bağlıdır ki, aramidilli edessallılar assimilyasiyaya uğrayaraq tarix səhnəsini tərk ediblər. Sonda akademik Ramiz Mehdiyev bu qənaətə gəlir ki, vicdanlı tarixçilər ermənilərin xristianlığı birinci qəbul etmiş xalq şöhrətini öz adlarına çıxmalarına imkan verməzlər.