YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Gülməmmədov: Növbəti ilin dövlət büdcəsinin layihəsi ilə bağlı sənədlərdə sosial-iqtisadi inkişafın meyillərinin əsas göstəricilərinin əks etdirilməsi maliyyə inzibatçılığında şəffaflığının yüksəldilməsinə də şərait yaradır

“Hesablama Palatası qanunvericiliyə uyğun olaraq 2019-cu il üçün dövlət büdcəsinin layihəsinə rəyini müvafiq qaydada təqdim edib. 2019-cu ilin dövlət büdcəsi büdcə qaydalarının qüvvədə olduğu dövrdə hazırlanan ilk layihədir”. Bu fikirləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov  Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

V.Gülməmmədov bildirib ki, növbəti ilin büdcəsi ilə bağlı qanun layihəsi və birgə təqdim olunan sənəd və məlumatlar “Büdcə sistemi haqqında” Qanunun 12-ci və 16-cı maddələrinə uyğun şəkildə tərtib edilib, tələb olunan göstəricilər bu sənədlərdə əks olunan və müəyyən olunan müddətdə Hesablama Palatasına təqdim edilib. Onun sözlərinə görə, dövlət maliyyəsinin mümkün tərəddüdlərdən qorunması, borc dayanıqlılığının təmin edilməsi və fiskal intizamın möhkəmləndirilməsi, zəruri ehtiyatların formalaşdırılması məqsədini güdən büdcə qaydaları təqdim edilən sənədlərdə təmin edilib.

V.Gülməmmədov qeyd edib ki, Hesablama Palatası büdcə zərfinin məlumatlılığının genişləndirilməsi ilə bağlı müvafiq qanunvericilik aktlarına əlavələrin də edilməsini məqsədəmüvafiq hesab edir. Növbəti ilin dövlət büdcəsinin layihəsi ilə bağlı sənədlərdə sosial-iqtisadi inkişafın meyillərinin əsas göstəricilərinin əks etdirilməsi büdcənin icrası prosesinə təsir etməklə yanaşı, maliyyə inzibatçılığında şəffaflığının yüksəldilməsinə də şərait yaradır.

Bildirilib ki, 2019-cu ildə dövlət büdcəsi gəlirləri 768,5 milyon manat çox olmaqla 22,9 milyard manat məbləğində proqnozlaşdırılıb. Dövlət büdcəsi gəlirlərinin tərkibində vergi gəlirləri azalma, qeyri-vergi gəlirləri artım ilə nəzərdə tutulub. Respublikamızda vergi gəlirlərinin ümumi daxili məhsula nisbəti cari illə müqayisədə növbəti ildə 0,6 faiz bəndi azalaraq 11,5 faiz təşkil edəcək. Palatanın sədri deyib ki, büdcənin vergi gəlirlərinin tərkibində iki məqam qeyd olunmalıdır. İlk olaraq, əlavə dəyər vergisi ilə bağlı bildirilməlidir ki, bu vergi növünün ümumi daxili məhsula nisbəti növbəti il üçün 5 faiz nəzərdə tutulub və müqayisə üçün deyilməlidir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv dövlətlərdə orta göstərici 7 faizə yaxındır.

Növbəti il üçün proqnozlaşdırılan əlavə dəyər vergisi məbləğinin 44 faizi Vergilər Nazirliyinin, 56 faizi Gömrük Komitəsinin xətti ilə təmin ediləcək. “Bununla yanaşı, Vergi Məcəlləsində publik hüquqi şəxslərin gəlirlərinin mənfəət vergisindən müddətsiz olaraq azad olunması ilə bağlı nəzərdə tutulmuş dəyişikliyin tətbiqinin publik hüquqi şəxslər tərəfindən maliyyə, mühasibat və vergi uçotunun kommersiya qurumunda olduğu kimi deyil, büdcə təşkilatında olduğu kimi aparılması ilə nəticələnəcəyini ehtimal etmək olar. Hesablama Palatası həmin azadolmaların müəyyən vaxt məhdudiyyəti çərçivəsində tətbiqini təklif edir. Ümumiyyətlə, güzəşt və azadolmaların təsir miqyasının və onların tətbiq olunmadığı təqdirdə həmin vergi məbləğlərinin iqtisadi sistemə effektinin qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Vergi güzəştlərinin tətbiqində əsas məqsəd vergiödəyicilərinin vergi yüklərinin bərabərləşdirilməsidir. Bu baxımdan Hesablama Palatası vergi xərclərinin qiymətləndirilməsinin tətbiqini məqsədəmüvafiq hesab edir”, - deyə V.Gülməmmədov vurğulayıb.