YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Polşa Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Bakıda Azərbaycan və Polşa xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Polşa tərəfindən isə Xarici İşlər Nazirliyinin təhlükəsizlik, şərq siyasəti və Amerika siyasəti üzrə dövlət katibinin müavini (nazir müavini) Bartoş Cixotski rəhbərlik ediblər.

Nazir müavini X.Xələfov Azərbaycan və Polşa arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirib, müntəzəm olaraq keçirilən siyasi məsləhətləşmələrin ikitərəfli və çoxtərəfli əlaqələrin daha da inkişafı baxımından faydalı olduğunu qeyd edib.

İqtisadi sahədə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildirən X.Xələfov Azərbaycan və Polşa arasında ticarət dövriyyəsinin iki ölkənin potensialına uyğun olmadığını və mövcud imkanlardan tam istifadə edilməsinin zəruriliyini qeyd edib.

Bartoş Cixotski XİN-lərarası siyasi məsləhətləşmələrin Polşanın müstəqilliyini bərpa etməsinin 100 illiyi ərəfəsinə təsadüf etməsindən məmnunluğunu bildirib. İqtisadi əlaqələrin inkişafı məqsədilə iki ölkənin işgüzar dairələri arasında təmasların artırılması istiqamətində biznes forumların keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Bu xüsusda, nazir müavinləri Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın vacib bir mexanizm olduğunu vurğulayıb, tezliklə sözügedən komissiyanın növbəti iclasının keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Yüksək səviyyəli dövlət rəsmilərinin səfər mübadiləsinin həyata keçirilməsinin ikitərəfli münasibətlərin inkişafında önəmini vurğulayan tərəflər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ilin 26-28 iyun tarixlərində Polşa Respublikasına rəsmi səfərinin nəticələrini yüksək qiymətləndiriblər. Polşa Prezidenti Andjey Dudanın ölkəmizə nəzərdə tutulan rəsmi səfərinin ölkələr arasında əlaqələrin daha da genişləndirilməsinə təkan verəcəyinə əminlik ifadə olunub.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ müzakirə edilib. Bartoş Cixotski ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin çoxtərəfli mexanizmlər çərçivəsində dinc yolla, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində nizama salınması üzrə mövqeyinin dəyişilməz olduğunu vurğulayıb. X.Xələfov münaqişənin həll edilməsinə dair Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyinə görə Polşa tərəfinə təşəkkürünü ifadə edib.

X.Xələfov ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm nəqliyyat, infrastruktur, enerji, kənd təsərrüfatı, turizm, sənaye və s. layihələri haqqında həmsöhbətinə məlumat verib, Polşa şirkətlərinin sözügedən layihələrdə daha fəal iştirakının arzulandığını diqqətə çatdırıb.

Nazir müavini beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunaraq, Azərbaycan-Aİ, Azərbaycan-NATO münasibətlərinin ölkəmizin xarici siyasət prioritetlərindən biri olaraq qaldığını diqqətə çatdırıb və sözügedən təşkilatlarda Polşa tərəfinin dəstəyinə görə məmnunluğunu bildirib.

X.Xələfov Azərbaycanın NATO üzv ölkələri ilə yalnız sözügedən təşkilat çərçivəsində deyil, həmçinin ikitərəfli formatda hərbi-texniki əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Bartoş Cixotski Əfqanıstanda Azərbaycanın sülhməramlı qüvvələrinin artırılmasının və beynəlxalq təhlükəsizliyə verdiyi töhfənin NATO üzv ölkələri tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.